Bu hekayələr toplusunda yer alan bütün hekayələr Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif olunmuşdur.
Kitabda Yaşar Bünyadın mütəlif illərdə yazdığı yeddi hekayə toplanıb. "Qoşalülə" hekayəsi "Ədəbi Azadlıq 2014" müsabiqəsində, "General" hekayəsi isə manera.az ədəbiyyat və mədəniyyət portalının 2014-cü ildə keçirtdiyi "Ən yaxşı hekayə" müsabiqəsində mükafata layiq görülüb. Müəllifin ikinci kitabıdır. Bundan qabaq "İblis busəsi" romanı oxuculara təqdim olunub.
Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyada vəziyyət bütün possovet respublikalarındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması… Rüfətin həm fiziki cəhətdən güclü olması, həm də genlə və kodla gələn bir sıra insani keyfiyyətləri belə onun bu çirkablar və cinayət çetesinə bulaşmasına mane ola bilmir. Əsər maraqlı hadisələr və gözlənilməz sonluqlarla zəngin olduğundan oxucunu buraxmır.
…“Gecənin zülmətində ürəyimi yeyə-yeyə, keçi kimi qəmbər daşların üstüylə tullanıb Samur çayını keçəndə, olmayan ağlıma qayıtmaq düşmüşdü ha, gərək onda dönəydim. Cəhənnəm olaydı hər şey, atamın çəkdiyi xərc də, onun oğul sevgisi də!.. Qayıdıb gedərdim, tutub lap ön cəbhəyə aparaydılar, nolsun əlimə silah almamışam, öyrənərdim, guya könüllülərin hamısı hərbiçiydi?.. Yoxsa, halallıca yurdundan, rahat ev-eşiyindən tanımadığın, bilmədiyin yerə göndər ki, nə ola ola? Mən maymaq, bir kəlmə demədim ki, ay ata, məni bir oddan çıxarıb başqa oda niyə atırsan? Kimin var orda, kimimiz var? Qardaşın, dostun, kimin?… Axı müharibəyə gedənlərin hamısı ölmür, həm də öldürür?.. Lap öləcəydim, qoy öləydim, minaya düşəydim, lap it kimi gəbərib murdar olaydım! Guya dünya nəsə itirəcəkdi? Sən də, anam da uzağı bir il ağlayıb-sıtqayıb sonra kiriyəcəkdiz. O qədər oğlu ölən atalar, analar var ki!.. Nə bilmək olardı, bəlkə mənim alın yazım hünər göstərmək, şəhid olmaq idi?! Kim qəhrəman doğulur ki? “Mənim əsgər balam, kişi balam!” deyərdin uşaqlıqda, noldu?! Qoymadın kişi kimi yaşayıb, kişi kimi ölməyə. Qıymadın…"