İblis busəsi. Яшар Буньяд

Читать онлайн.
Название İblis busəsi
Автор произведения Яшар Буньяд
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

qalmasını istəmirdim. Qəribədir, leytenant Andreyin zəif görünüşünə baxmayaraq ürəyində “bu ələngəni niyə əsgər çağırıblar” deyə ağzını büzdüsə də, razılaşdı.

      Mən bu cəhənnəmə düşəndən sonra “uçebka” da baş vermiş əhvalatı unutmuşdum. Hər saniyə ölüm qoxusu gələn tozanaqlı əfqan torpağında elə “xırda” dava-dalaşı yada salmaq, nədənsə, gülünc gəlirdi mənə. Amma indi, Andreyin də bizimlə “fərsiz” kəşfiyatçıların məlumatlarını dəqiqləşdirmək üçün (guya biz kəşfiyyat məktəbin bitirmişdik?!) dəstəyə salınmasını xahiş edəndə Qlebin ətli cəmdəyinə vicvicə düşdüyünü hiss etdim. Timofeyin həlakından sonra artıq güvənəcəyi kimsə də yox idi. Hətta, “o gedirsə…  mən qalıram” demək könlündən keçdi də. Amma müharibədə könüldən çox şey keçər. Bizi isə ölməyə gətiriblər bu boz səhralara, ölməyə!..

      Yük torbamıza iki günlük “suxoy payok”, hərəyə dörd maqazin patron, qumbara, siqnal raketləri, yağışdan, həm də gecənin soyuğundan qorunmaqçün plaş-palatkamızı götürüb axşamüstü dağlara tərəf yola düşdük. Avtomatın süngüsünü palçıqla sürtürdük ki, qaranlıqda parıldamasın.

      Bizim mövqeyimizdən baxanda o nəhəng dərənin üstündəki gil və qamışdan, qaya daşlarından yapılmış kənd ovuc içi kimi görünürdü, amma, ora getmək üçün qarşıdakı sıldırım qayalıqların arasıyla üzüyuxarı getmək, sonra da yol-iriz tapıb aşağıya enmək lazım idi. Tacik balası Parvozdan özgə belə sıldırım dağları görməmiş dəstə üzvlərini çətin və təhlükəli aşırım sehirli qüvvə kimi özünə çəkirdi.

      Bir kilometrə yaxın, bəlkə də bir az çox getmişdik ki, narın-narın yağış yağmağa başladı – yayda, ilanmələyən bu yerlərdə nə bivaxt yağış idi, anlamadıq. Cavan leytenantımız avtomatları qundağı yuxarı asmağı əmr etdi ki, süngülərə vurduğumuz palçıqğı yağış yumasın. Elə də etdik. Plaşlar uzun və gen idi, yoxsa biz bəstəboy olduğumuzdanmı balağı ayaqlarımıza dolaşdıqca sürüşkən qaya parçalarının üstüylə yerimək çətinləşirdi? Yuxarı çıxdıqca yol bir üzü uçurum, bir üzü də qayalıq boyu dar cığıra çevrilir, ayaqlarımız çəkmələrin içində “oynayırdı”.

      Arxada qoyduğumuz müdhiş mənzərə gecənin zülmətində itib-batdıqca haradasa bir ayaq enində ağac parçasının üstündə yeriyən kəndirbaz kimi tarazlığı itirmədən kor-koranə, cınqırımızı belə çıxarmadan qarşımızdakı əcaib qaranlığa sarı gedirdik…

      Leytenant bir kaha gördü.” Burda gecələyək!” deyib kahaya girdik. Çörək, tuşonka çıxarıb iştahla yeyəndən sonra plaşımıza bürünüb yatışdıq. Andrey növbə çəkirdi…

      …Nə qədər uzaq da olsa o qədər yaxın xatirələrim Mədəti də yaddaşımın izinə salmışdı. Yenə də “yormuram ki?” soruşdum. Marağını gizlətmədi:” Sonra nə oldu?” dedi.

      …Səhər açılar – açılmaz gözünün acısını almış leytenant qalxmağımızı əmr etdi. Özümüzü sahmana salıb yola düzəldik. Yağış kəsmişdisə də yöndəmsiz qayaların üstüylə axıb gələn lilli suyun son damcıları, ahəstə-ahəstə dar cığır boyu sərələnmiş qənbər daşların arasıyla süzülüb uçrumun altındakı dərəyə tökülürdü. Yüksəklikdəki axırıncı qayalıqdan dönüb aşırıma düşürdük ki, ucu-bucağı görünməyən boz dağların arxasında günəşin ilk işıltısı gözlərimizi qamaşdırdı.

      Bu necə kənddi? Nə bir xoruz banladı, nə azan səsi eşitdik. Səhər isə açılırdı…

      Üzü aşağı düşmək bizə asan gəldi. Yağış kəsdiyinə görə yığıb torbamıza qoyduğumuz uzun plaş daha hərəkətimizi ağırlaşdırmır, nə də daş-kəsək altında gillənmiş torpaq daha ayağımız altında laxlamırdı. Bəzən çəpəki, gah biri-birimizdən, gah da yarpaqları mücəlib qurumuş çır alça kollarından yapışaraq axırıncı aşırımı keçib kəndə çatdıq.

      Bir tərəfdən dağın sinəsində, bizim düşərgəyə sarı isə dibi görünməyən dərənin beş-on metrliyində yerləşən bu məkan kənddən çox, üstünü çətir kimi bağlayan nəhəng qayalığın altında qurulmuş müvəqqəti sığınacağa oxşayırdı; nə bir ağac, nə bulaq vardı, nə də ins-cins həniri gəlirdi. Sanki, yüz illərdi bura canlı ayağı dəyməyib. Balaca, əyri-üyrü dalana qucaq açmış palçıq daxmalar bir haya bənd idilər ki, ovulub tökülsün, yerlə-yeksan olsun.

      Leytenant ətrafı nəzərdən keçirdi.” Bəs hanı bu lənətə gəlmiş düşman? Deməli kəşfiyatçılar düz məlumat veriblər?!” Sakitlik idi. Biz də ogünkü müsibəti yada saldıqca “düşmən” lə üz-üzə gəlmədiyimizə görə gizlincə sevinirdik. Amma bu sevinc üzdə idi, içimizdə anlaşılmaz bir qorxu, ürəyin damarlarını titrədən vahimə vardı. Bunu danmaq mümkün deyil. Beləydi.

      Leytenant Kostalevski boynundakı durbinlə ucsuz-bucaqsız dərə boyu uzanan yola nəzarət edir, Parvozla Andrey isə adamı vahiməyə salan ölü kəndin əhatəsində bu yerlərə nabələd insanı ilk baxışdan aldadan oxşar, ekiz təsəvvürü yaradan, əslində isə hər qarışında bambaşqa mənzərə, başqa rəng, min illərin tarix yaddaşı uyuyan boz dağların tilsiminə düşmüşdülər. Qleb avtomatını dizləri arasına sıxıb dərənin uç metrliyində oturmuşdu.

      Təzəcə doğmuş günəşin qızılı şüaları qırmızı dağlarda, qayaların arasında gizlənpaç oynadıqca gecənin iliyimizə işləyən soyuğunu diksindirirdi. Hələ sümüklərimizə yeriməyən istinin gücünü bir azdan daha yaxından hiss edəcəkdik. Qəribədir, Qobustan qışlaqlrına daha çox bənzətdiyim əfqan torpağında elə bil günəş kimi dağlar da, çöllər də, hətta otlar da qırmızıya çalır. Qobustandan fərqli olaraq addımladıqca havadan yovşan ətri gəlmir bu yerdə. Yoxsa mənə elə gəlir?

      Peşab eləmək üçün yük torbamı çiynimdən çıxarıb yerə atdım, onun yanına avtomatımı qoyub uçurum dərənin kənarına yaxınlaşdım. Aşağı baxa bilmədim; dərə boyu qayalardan qopub üzü aşağı yumarlanaraq üst-üstə qalanmış iri, qonur daşların arasıyla ilan kimi qıvrılaraq dünyadan xəbərsiz kimi axan sısqa çayın səsi eşidilməsə də, zəhmi adamı özünə çəkirdi. Bu cazibədən özümü qorumaq üçün gözlərimi göyə zilləyib şalvarımın düyməsini açanda bir çıqqıltı eşitdim. Əvvəlcə elə başa düşdüm ki, sakitlikdən istifadə edən uşaqlar kol-kos yığıb tonqal qalamaq istəyirlər. Sonra “nə tonqal…  başımızı cəncələ salmağa heç leytenant icazə verər?” deyə fikirləşirdim ki, iknci, bu dəfə küt, daha sərt səs gəldi: “şarakk…”

      Heç şübhə etmədim – kimsə avtomatı döyüş vəziyyətinə gətirdi.” Bizimkilər yəqin basmaçları görüblər…” Barmaqlarım əsə-əsə şalvarımın düyməsini bağladım yoxsa yox, amma gözümü mavi səmadan ayırıb çevrildim; əlimlə gözlərimi qamaşdıran günəşi “boğdum”, baxdım ki, yük torbama söykədiyim avtomat yoxdu. Qleb öz silahını süngüsündən yerə sancmış, mənimkini isə döyüş vəziyyətinə gətirərək Andreyə və Parvoza sarı tuşlamışdı. Hamımız çaşıb qaldıq. Barmaqları əsirdisə də gah mənə, gah leytenant istiqamətinə baxıb fikrində tam ciddi və qəti olduğu bildirdi:

      – Kim yaxınlaşsa…  atacam. Yerinizdən tərpənməyin, eşitdiniz?!