Название | Balaca və Karlson |
---|---|
Автор произведения | Астрид Линдгрен |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241877 |
Bu vaxt mətbəxdən ət qızartmasının ətri gəldi. Balaca başa düşdü ki, nahar vaxtı yaxınlaşır. O, bir qədər fikirləşib qərara aldı ki, Karlsonu valideynləri ilə nahardan sonra tanış etsin. Əvvəla, ana ət qızardanda gərək onun əl-ayağına dolaşmayasan. Bundan başqa, ana ilə ata Karlsonu buxar maşını, kitab rəfindəki ləkələr barədə sorğu-suala tuta bilərlər… Belə söhbətə isə qətiyyən yol vermək olmaz. Nahar vaxtı Balaca dünyada buxar maşınlarının ən məşhur mütəxəssisi ilə necə rəftar etməyi valideynlərinə başa salar, onlar da hər şeyi qabaqcadan bilər. Yalnız bundan sonra Balaca ailə üzvlərinin hamısını öz otağına dəvət edər. Ən yaxşısı elə budur!
Balaca bu planı qurarkən Karlson birdən axtarış iti kimi ətrafı imsiləməyə başladı. O dedi:
– Ət qızardırlar. Qızarmış xırdaca küftələr üçün ürəyim gedir.
Balaca özünü itirdi. Əslində, Karlsonun bu sözünə yalnız belə cavab vermək lazım idi: «İstəyirsən qal, bizimlə nahar elə». Lakin Balacanın bu təklifi söyləməyə cəsarəti çatmadı. Axı valideynləri ilə razılaşmadan Karlsonu nahara dəvət etmək olmazdı. Əvvəla, onlar Karlsonla tanış deyildilər. İkincisi də bu şəxs buxar maşınını partlatmış, kitab rəfini korlamışdı.
Ancaq Karlson indicə söylədi ki, ləzzətli, xırda küftələrdən xoşu gəlir. Deməli, Balaca mütləq onu küftəyə qonaq etməli idi. Yoxsa Karlson Balacadan inciyər və daha onunla oynamazdı… İndi bütün işlər bu ləzzətli, xırdaca küftələrdən asılı idi!
Balaca dedi:
– Bir dəqiqə gözlə, gedim mətbəxdən küftə gətirim.
Karlson başı ilə razılıq verdi.
Balacanın arxasınca:
– Tez ol, gətir gəl, – dedi, – şəkilnən qarın doymaz!
Balaca mətbəxə getdi. Dama-dama önlük bağlamış ana pilətənin qabağında durub ləzzətli küftələr qızardırdı. O, tez-tez böyük tavanı silkələyir, bir-birinə söykənmiş xırdaca küftələr çevrilirdi.
Ana dedi:
– Balaca, nə istəyirsən? İndicə nahar edəcəyik.
Balaca az qala yalvara-yalvara dedi:
– Anacan, zəhmət olmasa, nəlbəkiyə bir-iki dənə qızarmış küftə qoy. Mən onları öz otağıma aparacağam.
Ana dedi:
– Oğlum, indicə oturub nahar edəcəyik.
– Bilirəm, ancaq bu küftələr mənə lazımdır… Nahardan sonra hər şeyi sənə söyləyərəm.
– Yaxşı, yaxşı, – deyən ana xırda nimçəyə altı küftə qoydu. – Al, apar!
Küftələr elə gözəl idi ki! İyi adamı bihuş edirdi, özləri də qıpqırmızı qızarmışdı.
Balaca nimçəni ikiəlli tutub öz otağına getdi. Qapını açanda ucadan dedi:
– Karlson, mən gəldim!
Lakin Karlson gözə dəymirdi. Balaca əlində nimçə otağın ortasında durub ətrafa göz gəzdirdi. Karlson yox idi. Balaca elə kədərləndi ki, o saat qanı qaraldı və məyus halda ucadan dedi:
– O çıxıb gedib. O gedib!
Birdən Balaca qəribə ciyilti eşitdi, başını çevirdi. Çarpayıda, balışın lap yanında, yorğanın altında xırdaca bir yumaq tərpənir və ciyildəyirdi.
– Ciy, ciy!
Sonra Karlsonun hiyləgər üzü yorğanın altından göründü.
– Hi-hi! Sən dedin ki, «o gedib», «o gedib…» Hi-hi, «o» heç də getməyib, «o», sadəcə, gizlənib.
Bu vaxt Karlson Balacanın əlindəki nimçəni gördü. Dərhal qarnındakı düyməni basdı. Mühərrik işə düşdü. Karlson içində küftə olan nimçəyə sarı şığıdı. O, küftələrdən birini elə havadaca qapdı. Sonra tavana sarı uçaraq lampanın altında bir dövrə vurdu. Lap axırda da küftəni ağzına qoyub ləzzətlə çeynəməyə başladı.
Karlson sevinclə dedi:
– Əla küftədir! Çox ləzzətli küftədir! Fikirləşmək olar ki, onları dünyanın ən məşhur küftə ustası bişirib!.. Ancaq sən bilirsən ki, bu belə deyil.
Karlson yenə nimçəyə sarı şığıdı, bir küftə də götürdü.
Bu vaxt mətbəxdən ananın səsi eşidildi:
– Balaca, nahar hazırdır, tez ol, əllərini yu!
Balaca nimçəni döşəməyə qoyub Karlsona dedi:
– Mən getməliyəm. Ancaq tez qayıdacağam. Söz ver ki, məni gözləyəcəksən.
Karlson dedi:
– Yaxşı, gözləyərəm. Bəs mən burda sənsiz nə edim? – Karlson aşağı şığıdı. Balacanın yanında yerə endi. – Sənsiz qaldığım müddətdə maraqlı bir işlə məşğul olmaq istəyirəm. Sənin, doğrudan, daha buxar maşının yoxdur?
Balaca dedi:
– Yoxdur. Maşınım yoxdur, kubiklərim var.
Karlson dedi:
– Göstər görüm.
Balaca oyuncaqları yığılmış şkafdan içində tikinti materialları olan yeşiyi götürdü. Bu, doğrudan da, gözəl tikinti materialları idi: hərəsi də müxtəlif rəngdə və ölçüdə. Onları bir-birinə bərkidib istədiyin şeyi düzəldə bilərdin.
Balaca dedi:
– Bunlarla oyna. Bax, bunlardan avtomobil də, qaldırıcı kran da, bir sözlə, nə istəsən düzəldə bilərsən…
Karlson Balacanın sözünü ağzında qoyub dedi:
– Məgər dünyanın ən məşhur tikinti ustası onlardan nə düzəltmək mümkün olduğunu sənin qədər bilmir?
Karlson küftələrdən birini də ağzına soxdu və içində kubik olan yeşiyə sarı cumdu. Kubikləri döşəməyə boşaldaraq dedi:
– İndi düzəldərəm, görərsən.
Balaca gedib nahar etməli idi. O, məmnuniyyətlə burada qalar, dünyanın ən gözəl tikinti ustasının işinə baxardı! Amma o, nahara getməli idi.
Balaca yemək otağına gələndə ana, ata, Bosse və Betan artıq stolun dövrəsində oturmuşdular. Balaca öz yerində əyləşdi, önlüyünü taxıb dedi:
– Ana, mənə söz ver. Ata, sən də söz verməlisən.
Ana soruşdu:
– Biz niyə söz verməliyik ki?
– Əvvəl söz ver, sonra deyərəm!
Ata heç nə bilmədən, kor-koranə söz verməyin əleyhinə idi. O dedi:
– Bəlkə, sən yenə it istəyəcəksən?
Düzdür, Balaca itinin olmasını çox arzulayırdı. Amma indi onun başqa sözü vardı. Odur ki dedi:
– Yox, it istəməyəcəyəm. Ancaq ürəyin istəyirsə, mənə it də boyun ola bilərsən! İndi deyəcəyim isə tamam başqa məsələdir. Söz verin.
Ana