Gələcəyə ön söz. Qulu Məhərrəmli

Читать онлайн.
Название Gələcəyə ön söz
Автор произведения Qulu Məhərrəmli
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952244090 



Скачать книгу

redaktor pörtmüş halda otağıma gəldi və «Müavin təqvimin yarısını ixtisar elədi» – deyə bir az da doluxsunmuş vəziyyət aldı. İxtisarlara baxdım və gözlərimə inanmadım. AC hökumətinin dəmir yol haqqında dekret qəbul etməsi, yazıçı Bayram Bayramovun doğum tarixi və akademik Ziya Bünyadovla bağlı qısa məlumatlar və indi dəqiq xatırlamadığım daha iki məlumat mətndən çıxarılmışdı. Mən sovet senzurası vaxtında da, ondan sonra da televiziyada çox qadağalar görmüşdüm, amma belə açıq və köntöy «təcavüzlə» ilk dəfə idi rastlaşırdım.

      Verilişin qovluğunu götürüb sədr müavininin yanına düşdüm. Aramız babat olsa da, söhbətimiz heç alınmadı. Aşkarca bildirdi ki, adları çəkilən şəxsiyyətlərlə bağlı xeyli ehtiyatlı olmaq lazımdır, Azərbaycan Cümhuriyyəti ilə bağlı isə efirə heç bir məlumat getməməlidir. Mənim «demoqogiyaya» əl atıb AC-nin 80 illiyi ilə bağlı prezident sərəncamını xatırlatmağımın da faydası olmadı. O, gözümün içinə dik baxaraq «sərəncama-zada fikir vermə, sən başa düşməlisən ki, yuxarılarda cümhuriyyət mövzusunu, xüsusən Rəsulzadə söhbətini sevmirlər». Nə deyəsən, xeyli «güclü» arqument idi və mən otağı suyu süzülə-süzülə tərk etdim.

      Əslində, tarixi proseslərə, tarixin müəyyən məqamlarında anlaşılmaz kimi görünən mövqe tutan şəxsiyyətlərə birmənalı yanaşmaq bolşevizm tərzidir. Tarix heç kimin istəyinə və zövqünə uyğun yazılmır. Kağız üzərinə yazılanlar o zaman tarix adlanır ki, həqiqəti əks etdirmiş olsun. Mən 1990-cı ilin 22 yanvarında və 1994-cü ilin həmin ayında Milli Məclisdə 20 yanvar hadisələrinin qızğın müzakirələri zamanı bu qənaətin vacibliyini bir daha dərk etdim. Birinci müzakirələrdə tarix bütün çılpaqlığı ilə və bir az da xalq ruhunu ifadə edərək emosional tərzdə kağızlara hopurdu. İkinci müzakirələrdə isə siyasi məqsədlərin ürkütdüyü həqiqət qırmızı kresloların arxasından qorxa-qorxa boylanır və tez də yoxa çıxırdı.

      Tarixi təhrif etmək, müəyyən hadisə və davranışları tarixi şəraitdən ayırıb təhlil etmək, həm də bu zaman xalq üçün dəyərə çevrilmiş insanlara çamur atmaq, onları ləkələməyə çalışmaq dünən də dəbdə idi, bu gün də. Belə təsəvvür yaranır ki, xalqın yaddaşına hopmuş şəxsiyyətlərə, bu gün də onların ruhunu ifadə edən görkəmli insanlara hücum etmək hardansa idarə olunan sistemə çevrilir. Uzağa getməyək, baxın, son illər Azərbaycanda kimlərə hücum edilir? Üzdə olanlara, cəmiyyətdə mənəviyyatını qoruyub saxlayanlara, ağlı, istedadı və həm də ləyaqətini qoruyan nüfuzlu insanlara, kütlədən və həmin kütləni idarə edənlərdən fərqli düşünənlərə, mənliyini və şəxsiyyətini hər cür maddiyyatdan üstün tutanlara, bir sözlə, xalq üçün dəyərə çevrilmiş adamlara. Sizcə, ulduza hürən köpəklərin Şər qarşısında dizini qatlamayan neçə-neçə ziyalıya, elm adamına, söz və qələm sahibinə davamlı hücumları təsadüfidirmi?

      Mən hələ tarixə əl uzadanları, M.Füzuliyə, M.F.Axundova, Mirzə Cəlilə, M.Ə.Sabirə, R.Rzaya, S.Vurğuna və başqa dəyərlərə hücum çəkənləri bir yana qoyuram. Bizi tarixən mağmun, fərasətsiz, düşüncəsiz kimi təqdim edənlərlə də işim yoxdur. Amma bu kampaniyanı kimlərin aparmasında mütləq bir əmma var. Siz çevrənizə baxın, Azərbaycan xalqının tarixində parlaq iz qoymuş, onun milli-ictimai şüurunu oyatmış, könül rübabını dilləndirmiş, bədii-elmi düşüncəsini formalaşdırmış, ona heçdən bir müstəqil dövlət bəxş etmiş şəxsiyyətlərə qarşı çıxanlar kimlərdir? Doğrudanmı, xəmiri bu torpaqla yoğrulanlar millətə və onun dəyərlərinə belə «ləzzətlə» həqarət edə bilər?

* * *

      Əlbəttə, istənilən tarixi şəxsiyyəti və tarixi hadisəni obyektiv təhlil və tənqid etmək olar, şəxsiyyətin bu prosesdəki roluna müxtəlif prizmalardan yanaşmaq da normaldır. Amma millətə sevgi yoxdursa, bu, ittihamdan o yana getməyəcək, naqislik burulğanında ilişib qalacaq. M.Ə.Sabir də, Mirzə Cəlil də, Üzeyir bəy və başqaları bu milləti sevərək tənqid edirdi. «Əkinçi» qəzeti ilə bizə ictimai göz vermiş Həsən bəy Zərdabi də qaranlıq bir mühitdə geriliyə səbəb olan savadsızlığı və nadanlığı içindən qovrula-qovrula tənqid edirdi, amma eyni zamanda bu qaranlığı işıqlandırmaq üçün ortaya şam da yandırıb qoyurdu. Çünki onların tənqidi milləti aşağılamırdı, əskiltmirdi, milli natamamlıq kompleksi yaratmırdı…

22.06.2013

      Ordum varsa, yurdum var…

      Bəs bu ordunun tarixini yazmışlara ehtiram yoxdursa, necə?

      Yasamal qəbirisanlığındakı dəfn mərasimi bitdi. Dünyanın ən hüznlü yerini yavaş-yavaş tərk edirdik. Köhnə qəbirlərin arasındakı nazik cığırlarla maşınların dayandığı darısqal yola tərəf tələsirdik. Bir-birinə sığınmış, uçulub-sökülməkdə olan qoşa məzarın yanından keçəndə gözüm baş daşındakı yazıya sataşdı. Bir anlığa yerimdə donub-qaldım, sanki məni ildırım vurdu. Qəbirlərə bir az da yaxınlaşdım, həyəcanım artır, ürəyim şiddətlə döyünürdü…

      Yox, məni qara basmırdı, amma gördüyümə qəti əmin olmaq üçün tez-tələsik əyilib solmuş hərflərin üstünü sildim. İlahi, kimin qəbri olsa yaxşıymış bu? Bir vaxtlar adı Rusiyanın ucqarlarından tutmuş Avropanın iri paytaxtlarını dolaşan, elmi irsi dünyanın ən nüfuzlu hərbi akademiyalarında öyrənilən, 1918-1920-ci illərdə Azərbaycan milli ordusunun şərəf tarixini yazanlardan biri olmuş general Əliağa Şıxlinskinin. Port-Artur qəhrəmanı, dünya hərb elminə böyük töhfələr vermiş «rus artilleriyasının Allahı» tarixə biganəlik küləkləri əsdirən məmləkətimizin gözdən uzaq qəbiristanlığında əbədi uyuyurdu. Yanında da sevimli həyat yoldaşı, Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskaya…

* * *

      Bir neçə gün əvvəl Milli Ordunun yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi parad, şübhəsiz ki, çoxlarımızı duyğulandırdı. İçimizdəki qürur və fərəh hissləri qırıcı təyyarələrin süzdüyü səmaya qədər yüksəldi. Bəli, biz neft pulundan bir az da orduya xərcləmişik, indi Cənubi Qafqazda ən güclü silah cəbbəxanasına malikik. Ordumuz sayca üstündür, müasir silahlarımız, qırıcılarımız, zenit toplarımız, düşməni lərzəyə sala biləcək raketlərimiz, pilotsuz təyyarələrimiz və bütün bunları məharətlə idarə edə biləcək ixtisaslı komandirlərimiz var. Deməli, «lazım gəlsə», hərbi sistem bir andaca işə düşəcək, işğal altında olan ərazilərimizi düşməndən təmizləyəcək. Əlbəttə, bunlar televiziya ekranlarından qəlbimizə, şüurumuza axıb gələn və fantaziyalarımızı qidalandıran hisslərdir.

      Ordu gününün duyğuları bizi təkcə gələcəyə yox, həm də keçmişə aparır, 95 il əvvələ. Cümhuriyyət elan olunduqdan dərhal sonra ordu quruculuğuna başlandı. Müstəqil dövləti qoruyub yaşatmaq lazım idi. Hələ İstiqlal Bəyannaməsində göstərilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Odur ki bir yandan könüllülər yığılır, bir yandan da yüksək ixtisaslı hərbçilər, komandirlər axtarılırdı. Yaxşı ki belə ixtisaslı zabitlər, az da olsa var imiş. AC hökuməti əvvəlcə general Ə.Şıxlinskini dəvət etdi, sonra S.Mehmandarovu aradılar. «Müsəlman alayı»nın