Название | İtmiş dünya |
---|---|
Автор произведения | Артур Конан Дойл |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243222 |
– Sizcə, bu sümük hansı heyvana məxsusdur? – deyə məndən soruşdu.
– Yəqin, insanın körpücük sümüyüdür, – dedim.
Müsahibim etiraz bildirən tərzdə əlini yellədi.
– İnsanın körpücük sümüyü əyridir, bu isə, əksinə, nisbətən düzdür. Sümükdə xüsusi çuxur vardır ki, həmin çuxura nəhəng, iri vətər söykənir. Körpücük sümüyündə isə belə şey olmur.
– Demək, bilmirəm.
– Savadsızlığına görə xəcalət çəkmə, çünki bunun nə olduğunu heç Kensinqtonun mötəbər şəxsləri də bilməzdilər. – O, dərman qutusunun içindən lobya boyda bir sümük çıxartdı. – Bu insan sümüyü ilə əlindəki sümük eyni funksiya daşıyır. İndi təsəvvür et ki, həmin heyvan nə boydadır. Qığırdaq qalıqlarına əsasən belə mühakimə yürütmək olar ki, sümük qədim dövrə deyil, müasir dövrə məxsusdur. Bu, elmə məlum olmayan heyvanın sümüyüdür. Yer üzündə onun kimi yırtıcı, onun kimi nəhəng və qüvvəli heyvan olmayıb, elə indi də yoxdur. Yoxsa mənə inanmırsan?
– İnanmasam da, məni maraqlandırdı.
– Onda vəziyyətin o qədər də ümidsiz deyil, hiss edirəm ki, qəlbinin dərinliyində bir şübhə var, sənə rahatlıq vermir. Çalışacağam ki, bu şübhəni tutarlı dəlillərin köməyi ilə yox edim. Hər şeydən əvvəl onu deyim ki, məqsədim həmin məsələni ətraflı və ciddi şəkildə öyrənmək idi. Mərhumun hansı tərəfdən gəldiyini bilirdim, ona görə də məqsədimi həyata keçirməyə çətinlik çəkməyəcəkdim. Qədim hindi rəvayətlərində deyilir ki, həmin tərəfdə heybətli bir varlıq yaşayır. Sən heç Kurupuri haqqında eşidibsən?
– Xeyr.
– Kurupuri zalım və əzazil meşə ruhudur. Onu görən olmasa da, adı gələndə Amazon çayının ətrafında yaşayanlar qorxudan zağ-zağ əsirdilər. Hindilər Kurupurinin harada yaşadığını bilirdilər, o yeri əlləri ilə göstərirdilər. Amerikalı rəssam da o tərəfdən gəlmişdi. Orada nəsə dəhşətli, qorxunc bir varlıq var. Mən həmin varlığın nə olduğunu öyrənmək qərarına gəldim.
– Öyrəndiniz?
Bu yöndəmsiz və yekəpər kişi adamda maraq oyadırdı. Diqqətlə ona qulaq asıb bu qəribə torpaq haqqında müəyyən məlumat əldə etməyə çalışırdım.
– Özümlə iki nəfər hindi götürdüm. Onlar əvvəlcə getmək istəmirdilər, Kurupuridən qorxurdular. Xeyli dil töküb müxtəlif bəxşişlər verəndən sonra, nəhayət, razılaşdılar və biz rəssamın gəldiyi tərəfə getdik. Uzun yol qət edib amerikalı rəssamdan savayı heç kəsin ayağı dəymədiyi yerə çatdıq. Mümkünsə, bu şəklə baxın.
O mənə bir şəkil verdi.
– Qayığımız qayıdanbaş burulğana düşdüyündən çevrildi, ona görə də çox şey, o cümlədən plyonkaların əksəriyyəti itib-batdı, qalanlarsa keyfiyyətini itirdi. Əlbəttə, şəkillərin saxta olduğu haqda şayiələr yayılıb, amma belə boş, mənasız şeylərə fikir verməyə dəyməz.
Şəkil olduqca solğun idi. Diqqətlə şəklə baxanda təbiət mənzərəsi gördüm.
– Səhv etmirəmsə, bu, amerikalı rəssamın çəkdiyi təbiət mənzərəsidir, – dedim.
– Çox gözəl. Deyəsən, tədricən irəli gedirik. İndisə, xahiş edirəm, tənha qayanın zirvəsinə baxın. Siz orada nə görürsünüz?
– Qollu-budaqlı nəhəng ağac görürəm.
– Bəs ağacın başında nə görürsünüz?
– Ağacın başına nəhəng bir quş qonub. Olduqca iri, böyük dimdiyi var. Özü də, deyəsən, qutan quşudur.
– Səhv edirsiniz. Bu, qutan deyil. Atəş açıb onu öldürdüm ki, əlimdə dəlil-sübut olsun.
– Gəlin o dəlil-sübuta baxaq.
– Qayıq burulğana düşüb çevriləndə plyonkalar kimi o da axıb getdi, əlimdə təkcə qanadının bir hissəsi qaldı. Böyük əziyyətlə üzüb sahilə çıxsam da, həmin hissəni əlimdən buraxmadım. Buyurun, baxın.
O, siyirməni açıb içindən olduqca böyük yarasanın, daha doğrusu, qanadının yuxarı hissəsini xatırladan şeyi çıxartdı.
Uzunluğu iki fut olardı.
– Nə böyük yarasadır! – təəccüblə dedim.
– Bu, yarasa deyil, – professor acıqlı tərzdə dedi. – Siz müqayisəli anatomiyanın ən elementar məsələlərini bilmirsiniz?
– Bilmirəm, – dedim.
O artıq mənə tanış gələn kitabı yenidən açıb göydə uçan qeyri-adi varlığın şəklini göstərdi və dedi:
– Buyur, bax, Yura dövrünün uçan-sürünən pterodaktilinin şəklidir. Digər səhifədə onun qanadının quruluşu göstərilib. Həmin şəkillə əlinizdəki nümunəni müqayisə edin.
Şəklə baxanda heyrətdən donub-qaldım, şəkillər bir-birinə oxşayırdı. Mən tədricən professor Çellencerin sözlərinə inanmağa başladım. Başqa cür ola bilməzdi, çünki istənilən qədər dəlil-sübut var idi. Dedim ki, onu çox nahaq yerə gözümçıxdıya salıblar. Professor arxaya söykənərkən gözlərini yumdu. Sifətinə təbəssüm qondu, xoşhallandı. Görünür, sözlərim onun xoşuna gəlmişdi.
– Heç adamın ağlına sığmır, – dedim. – Möcüzədir! Siz yeni bir dünya tapmış elm fədaisi, müasir dövrün Kolumbusunuz. Əvvəl sözlərinizə şübhə ilə yanaşırdım, sonra fikrim dəyişdi, məni inandırdınız.
Professor xoşhallanmış tərzdə başını yırğaladı.
– Sonra nə etdiniz, ser? – deyə soruşdum.
– Yağışlar başlamışdı, cənab Meloun, ərzaq ehtiyatım da tükənmək üzrə idi, odur ki tələm-tələsik qayaların ətrafını gəzib yoxladım, amma yuxarı qalxmağa yol tapmadım. Şəklini çəkdiyim tənha qayaya çıxmaq olardı, çıxdım da, lakin axıradək yox, yarıyadək. Oradan görünən yastana olduqca geniş idi, ucu-bucağı görsənmirdi, xarici aləmdən bir növ təcrid olmuşdu.
– Yastanaya baxarkən orada elə bir canlı varlıq görmədiniz?
– Xeyr, ser, görmədim, amma çadır qurub bir həftə qaldığımız müddət ərzində yuxarıdan gələn qəribə səslər və cürbəcür qışqırıqlar eşitdik. Mən indiyəcən o cür səslər eşitməmişdim.
– Amerikalının çəkdiyi o qorxunc şəkil haqda fikriniz nədir?
– Yəqin, amerikalı yol taparaq qayanın başına çıxa bilmişdir. Şəkli çəkilmiş heyvanı da məhz orada görüb.
– Necə olub ki, heyvanlar salamat qalıb, ölməyib?
– Bildiyiniz kimi, Cənubi Amerikada tez-tez dəhşətli zəlzələlər baş verir, vulkanlar püskürür. Onun nəticəsidir ki, Sasseks boyda ərazi öz florası və faunası ilə birlikdə yuxarı qalxmış və bütünlüklə xarici aləmdən ayrılmışdır.