Paris Notrdam kilsəsi. Виктор Мари Гюго

Читать онлайн.
Название Paris Notrdam kilsəsi
Автор произведения Виктор Мари Гюго
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241884 



Скачать книгу

səslər qarşısında mat qalan zavallı özünü tamamilə itirmişdi, bütün bədəni tir-tir titrəyirdi: əsası əlindən düşdü, şlyapasını çıxarıb kütləyə bir daha təzim etdi. Onun vəziyyəti, doğrudan da, ağır idi. İş bir az da ləngisə, kütlə onu dara çəkəcəkdi.

      Xoşbəxtlikdən mərhəmətli bir insan tapıldı və onu çətinlikdən çıxararaq bütün məsuliyyəti öz üzərinə götürdü. Bu ucaboylu, arıq və solğun bənizli adam sarışın yanaqlarında və alnında qırışlar olsa da, gənc idi. Gözləri parıldayır, dodaqları gülümsəyirdi; o, masaya yaxınlaşıb aktyorlara işarə etdi:

      – Dərhal tamaşanı başlayın! Cənab hakimdən üzr istəməyi mən öz öhdəmə götürürəm, o da cənab kardinaldan üzr istər.

      – Ura, yaşa! – gurultulu alqış sədaları ucaldı.

      Birinci sırada dayanmış qadınlardan biri işarəylə onu öz yanlarına dəvət edərək soruşdu:

      – Səhnədə nə göstəriləcəkdir?

      – Onlar “Müqəddəs Məryəmin ədalətli mühakiməsi” adlı əxlaqi pyes göstərəcəklər. Xüsusi olaraq Flandriya şahzadəsi Marqarita xanım üçün yazılıb.

      – Demək, siz vəd edirsiniz ki, bu misteriya gözəl olacaq, deyilmi?

      – Şübhəsiz, – gənc cavab verdi, sonra isə bir qədər vüqarla: – Bilirsinizmi, xanımlar, – dedi, – əsərin müəllifi mənəm!

      Qadınlar heyrətlə ona baxıb xorla soruşdular:

      – Doğrudan?

      – Zarafatsız, doğrusunu söyləyirəm, – şair bir az da lovğalanaraq cavab verdi.

      Bu zaman səhnənin altından musiqi səsi eşidilməyə başladı. Pərdə yuxarı qalxdı, üzlərinə boya və ənlik sürtülmüş dörd nəfər çıxdı. Onlar kütlənin qarşısında bir sıraya düzülərək ehtiramla təzim etdilər. Musiqi susdu, misteriya başlandı.

      Öz təzimləri sayəsində kütlənin sürəkli alqışlarını qazanan dörd aktyor tamaşaçıların dərin sükuta dalmasından istifadə edərək əsərin proloquna başladı. Pyesdə iştirak edənlərin yarısı sarı, yarısısa ağ rəngli uzun cübbələr geymişdi.

      Birinci aktyorun sağ əlində qılınc, ikincinin əlində iki ədəd qızıl açar, üçüncünün əlində tərəzi, dördüncünün əlində isə bel var idi. Bu əlamətlərin nə olduğunu anlatmaq üçün cübbələrin ətəyində iri qara hərflərlə bu sözlər yazılmışdı: “Mən zadəganlığı təmsil edirəm”, “Mən ruhaniliyi təmsil edirəm”, “Mən tacirləri təmsil edirəm”, “Mən kəndliləri təmsil edirəm”.

      Proloqun şeirlərindən asanlıqla anlamaq olurdu ki, Kəndlilərlə Tacirlərin, Ruhaniliklə Zadəganlığın arasında izdivac var. Bu cütlüklər birlikdə qızıldan olan qeyri-adi bir delfinə malikdirlər ki, bunu da dünyanın ən gözəl qadınına təqdim etmək istəyirlər. Bu iki ailə uzun müddətdir ki, yer üzünü dolaşaraq həmin gözəl qadını axtararır. Dördlük əvvəlcə Qolkonda çariçasını, sonra Trapezund şahzadəsini rədd etdikdən sonra istirahət üçün Parisə gəlmişdir. Onlar möhtərəm xalqa zəngin zərbi-məsəllər, tapmacalar və müxtəlif ibrətamiz əhvalatlar, nağıllar danışırdılar.

      Hər halda, dörd alleqorik fiqurun üzərinə təşbeh və istiarə yağdırdığı camaat arasında aktyorların hərəkətlərinə diqqət edən ən iti göz, sözlərini dinləyən ən diqqətli qulaq, ən həyəcanlı qəlb, ən çox uzanan boğaz əsərin müəllifi olan Pyer Qrenquara məxsus idi. Proloqun başlanması münasibətilə yüksələn alqışlar hələ də onun qulaqlarında cingildəyirdi. O, heyranlıq içində öz fikirlərinin aktyorların ağzından çıxıb geniş auditoriyaya yayıldığını məmnuniyyətlə izləyirdi.

      Bir az məyus olsaq da, deməliyik ki, müəllifin ilk məsud heyrəti az sonra heç də xoş olmayan bir hadisə ilə pozuldu. Qrenquar məstedici təntənə və sevinc piyaləsini yenicə dodaqlarına yaxınlaşdırmışdı ki, onun içinə bir damla zəhər düşdü.

      Cır-cındır geyinmiş, kirli-paslı bir dilənçi proloqun birinci misraları oxunarkən hörmətli qonaqlar üçün müəyyən olunmuş hündür yerin dirəkləriylə dırmaşaraq səhnənin sürahibəndinin karnizi üzərində əyləşdi, öz acınacaqlı görünüşü və sağ qolundakı iyrənc yara ilə ürəyiyumşaq tamaşaçıların diqqət və mərhəmətini özünə cəlb etməyə başladı. O, yarasını camaata göstərir, ancaq heç bir söz söyləmirdi. Sakit dayandığı üçün proloq da əngəlsiz-filansız davam etməkdə idi. Əgər məktəbli Jan Frollo öz dayandığı yerdən bu dilənçini və onun hərəkətlərini görməsəydi, şübhəsiz, heç bir ciddi intizamsızlıq da olmayacaqdı. Zırrama gənc birdən-birə dəli kimi qəhqəhə çəkib güldü və uca səslə bağırdı:

      – Bu çolağa baxın, sədəqə istəyir!

      Hər kəs qurbağa gölünə daş atmış bu yersiz sözlərin kütlənin tamaşaya yönəlmiş diqqətinə nə cür təsir bağışlaya biləcəyini təsəvvür edə bilər. Aktyorlar dayandı. Hamı başını dilənçiyə doğru çevirdi. Dilənçi isə heç bir şeyi vecinə almadan diqqəti özünə cəlb etmək üçün fürsətdən istifadə edib yalvarıcı səslə inləməyə başladı:

      – İsa xatirinə sədəqə verin!

      Jan Frollo davam edərək bağırdı:

      – Ah, zalım! Bu ki, Klopen Truylfudur…

      Jan Frollo dilənçinin xəstə əlindəki kirli keçə papağa xırda gümüş sikkə tulladı. Dilənçi sədəqəni böyük soyuqqanlılıqla qəbul edib yalvarışına davam etdi.

      – İsa xatirinə sədəqə verin!

      Bu hadisə tamaşaçıların əksəriyyətinin diqqətini səhnədəki tamaşadan tamamilə yayındırdı. Tamaşaçılar proloqun tən ortasında məktəblinin gurultulu, dilənçininsə iniltili səsləri ilə müşayiət olunan bu orijinal dueti şən alqışlarla qarşıladılar.

      Qrenquar özündən çıxmışdı. Əvvəlki heyranlığından ayılıb boğazına güc verərək səhnədə dinməz-söyləməz dayanmış aktyorlara bağırırdı:

      – Davam edin, sizə deyirəm, davam edin!

      Aktyorlar müəllifın israrına riayət edərək proloqu yenidən oynamağa başladılar. Camaat onların danışdıqlarını görüb yenidən qulaq asmağa başladı; lakin şübhəsiz ki, proloqun gözlənilmədən kobud şəkildə qırılması sayəsində pyesin bir çox məziyyətləri itdi. Müəllif bunu hiss edib kədərləndi. Sükut yavaş-yavaş bərpa olunurdu, məktəbli dinmir, dilənçi isə papağına atılmış pulları bir-bir sayır, tamaşa isə davam edirdi.

      Bu zaman indiyə qədər boş qalmış fəxri kürsünün qapısı qəfildən açıldı və qalın səsli qapıçı ucadan xəbər verdi:

      – Monsinyor həzrətləri, cənab Burbon kardinalı.

      Kardinal və Pyer Qrenquar

      Zavallı şair! Zavallı Qrenquar! Sen-Jan qülləsində iyirmi topun birdən-birə guruldaması, Tampl qülləsində mühafizə olunan bütün barıtın partlaması kimi müdhiş hadisələr onu bu cür təntənəli və dramatik anda qapıçının söylədiyi “Monsinyor həzrətləri, cənab Burbon kardinalı!” sözləri qədər dəhşətə gətirməzdi.

      Pyer