Şirürəkli Riçard. Александр Грановский

Читать онлайн.
Название Şirürəkli Riçard
Автор произведения Александр Грановский
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244960



Скачать книгу

səbəbi bayramı bir yerdə keçirmək deyildi. Məsələ burasındadır ki, II Henriyə əminəvəsi olan Qüds kralı IV Balduinin (1161 – 1185) tacı təklif edilmişdi. IV Balduin həmin ilin mart ayında vəfat etmişdi. Qüds krallığının II Henriyə təklif edilməsi onun üçün böyük şərəf idi.

      1186-cı ilin martında ingilis kralı növbəti dəfə II Filiplə görüşdü. Həmin görüşdə o and içdi ki, Alisa ilə bir başqası yox, məhz Riçard evlənəcək. Lakin II Filip xatırlatdı ki, tərəflər arasında əldə edilən razılıqda Alisa ilə evlənməyə namizəd olaraq «İngiltərə kralının oğulları» göstərilir, yəni konkret ad yoxdur. Lakin II Henri istənilən halda həmin namizədin Riçard olacağı barədə sözlərini təkrarladı. Bundan az sonra Gənc Henrinin dul qalmış arvadı Macarıstan kralı III Belaya ərə getdi. Həmin vaxt atasının ona laqeyd, qardaşının isə, az qala, düşmən münasibətindən narazı qalan Joffrua təskinlik tapmaq üçün Parisə, II Filipin yanına yola düşdü. Təskinlik isə ondan ibarət oldu ki, Joffrua Fransa sneşalı14 titulu aldı.

      II Filip həmin il Riçarddan Akvitanyaya görə ona sədaqət andı içməsini tələb etdi. Hersoqluq Fransa krallığının torpağı sayılırdı və Riçardın heç bir etirazı olmamalı idi. Ancaq atası buna qarşı olduğundan, Riçard fransız kralının istəyinə məhəl qoymadı.

      Bu arada, Riçard Tuluzaya hücum çəkdi. O, atasından xeyli pul alıb böyük qoşun toplamışdı. Hücumun səbəbi aydın idi: qardaşlar öz aralarında didişərkən Tuluza qrafı fürsətdən istifadə edib onların əlindən Kersi qraflığını almışdı.

      Bəzi müttəfiqləri Tuluza qrafının köməyinə gəlsə də, onlar Riçardın qarşısından geri çəkilməli oldular. Fransa kralı isə qraf və müttəfiqlərinin yardımla yalvarışlarına məhəl qoymadı, çünki həmin vaxt bunun üçün nə gücü, nə də vəsaiti var idi.

      Həmin vaxt Joffrua hələ də II Filipin qonağı idi. Onlar günlərini məclislərdə, ovda, müxtəlif yarışlarda keçirirdilər. Belə yarışların birində Joffrua atdan yıxılıb həlak oldu. II Filip bundan çox sarsıldı. O, Joffruanın hamilə arvadına yeni doğulacaq uşağını (Arturu) fransız sarayında böyütməyi məsləhət gördü. Bundan başqa, Joffruanın uşaqlarının üstündə qəyyumluq tələb etdi. Əks təqdirdə, II Henrini müharibə ilə hədələdi. Məqsəd məlum idi: Joffruanın hersoqu olduğu Bretan əyalətini tamamilə öz nəzarətinə keçirmək! Danışıqlar zamanı II Filip bir az da irəli getdi və ingilislərdən Tuluza qrafı ilə müharibənin dayandırılmasını istədi. Nəticədə 1186-cı ilin oktyabrından yanvaradək barışıq elan olundu. Lakin sonradan Riçard dinc dayanmadı: o, Tuluzaya qarşı təzyiqlərini davam etdirdi.

      1187-ci ilin fevralında II Henri Normandiyaya gəldi. Onu Riçard qarşıladı. Həmin ilin yazında isə II Filiplə danışıqların yeni mərhələsi başladı. Bu danışıqlar zamanı Joffruanın uşaqları üzərində qəyyumluq tələbinə Veksenin qaytarılması da əlavə olundu. Çünki Alisa hələ də Riçarda ərə getməmişdi. II Henri bildirdi ki, Veksen çoxdan Normandiyaya məxsusdur. Üstəlik, o bildirdi ki, oğullarından biri hökmən Alisa ilə evlənəcək. İngilis kralı bununla da kifayətlənmədi. Joffruanın uşaqları ilə bağlı qəyyumluq tələbi rədd edildi! II Henrini öz fikrindən yalnız güc yolu ilə döndərmək olardı. Fransa kralı isə, əvvəl də yazdığımız kimi, müharibə eləmək iqtidarında deyildi. Danışıqlar prosesi dalana dirənsə də, hər halda, yayın ortalarına qədər barışıq davam etdi.

      Yayın əvvəlində hər iki tərəf müharibənin qaçılmaz olduğunu anladı. İddiaçı tərəf II Filip olduğundan müharibəni də o başlatmalı idi. Və belə də oldu: iyunda II Filip Berriyə hücum etdi. Möhkəmləndirilmiş İsudyön qalası, əvvəldən razılaşdıqları kimi, öz qapılarını onun üzünə açdı. Belə ki, qalanın sahibi II Filipin əmisi oğlu idi. Bu zaman ingilis kralının oğulları Riçardla İoan atalarının köməyə gəlməsini gözləyirdilər. Onlar Şatoruda dayanmışdılar. Elə iki ordu burada üz-üzə gəldi. Tərəflərdən heç biri, xüsusilə də II Filip geri addım atmaq niyyətində deyildi. Çünki bu onun anjuylularla ilk toqquşması idi.

      Ümumilikdə isə, nə ingilis, nə də fransız kralı müharibəyə həvəsli görünmürdü. Böyük döyüşlər ilk növbədə komandan üçün təhlükə yaradırdı. O, əsir götürülə, öldürülə bilərdi. Üstəlik, rəqib qoşunların cərgəsində dostlar, qohumlar, qonşular var idi.

      Nəhayət, fransızların tərəfində olan Flandriya qrafı Filip gözlənilməz şəkildə Riçardın yanına gəldi. O, ana xəttilə II Henrinin qohumu idi. Qraf döyüş əvəzinə Riçarda fransız kralı ilə danışıqlar aparmağı təklif etdi. Riçard bu gözlənilməz təklifə gözlənilməz addımla cavab verdi. O, atası ilə məsləhətləşmədən atını çapıb II Filipin yanına getdi. Görüş zamanı isə onların hər ikisi savaşmağın axmaqlıq olduğu qərarına gəldilər. Riçard dedi ki, döyüşmək üçün Müqəddəs Torpağa getmək istəyir. II Filip onun istəyini bəyəndi və guya ona II Henrinin yazdığı məktubu göstərdi. Məktubda İoanın Alisa ilə evlənəcəyi, sonra da Akvitanya ilə Anjunu alıb taxt-tacın varisi olacağı yazılmışdı. II Filip Riçardı əmin etdi ki, varis olmasında, Alisa ilə evlənməsində ona köməyini əsirgəməyəcək.

      Fransa hökmdarının niyyəti aydın idi: o, həmişə olduğu kimi, ingilis kralını oğlu ilə qarşı-qarşıya qoymaq istəyirdi. Gənc Henrinin ölümündən dörd il keçsə və Riçard varis sayılsa da, bu məsələ qanuniləşməmişdi. Yəni II Henri özündən sonra hakimiyyətin məhz Riçarda keçəcəyini elan eləməmişdi. Ona görə də Riçard götür-qoy edib II Filipin köməyini qəbul etməyə razı oldu. Fransa kralının isə ürəyincə idi ki, Riçard Müqəddəs Torpağa gedib orada məhv olsun, ingilis kralının taxtına isə məhz zəif İoan çıxsın.

      Oğlunun II Filiplə görüşdüyünü eşidən II Henri təlaşa düşdü. O, fransız kralından xahiş etdi ki, sülh danışıqları üçün nümayəndə göndərsin. Ovaxtkı Roma papası III Urbanın müvəkkili də danışıqlara qoşuldu. Bu vasitəçilik sayəsində ingilislərlə fransızlar arasında iki illik barışıq əldə olundu. Həmçinin İsudyön qalası II Filipdə qaldı.

      Qüdsdə nə baş verir?

      İngilis və fransız kralları arasında bütün bunlar baş verərkən Müqəddəs Torpaqdan – Qüds və ətrafından isə pis xəbərlər gəlirdi. Belə ki, Səlahəddin Əyyubi 1174-cü ildə Misirlə Suriyanı birləşdirərək Müqəddəs Torpaqdakı latın dövlətlərini üzük qaşı kimi əhatəyə almışdı. Xristianların bədbəxtliyi Bizans imperatoru I Manuilin (1118 – 1180) Anadolu Səlcuq Dövlətinə məğlubiyyətindən sonra başlamışdı. Bizans dövləti 1176-cı ildə baş verən həmin məğlubiyyətin ardından heç cür özünə gələ bilmirdi.

      1187-ci il iyulun əvvəllərində Səlahəddin Əyyubi İordan15 çayını keçərək Tiberiyanı16 mühasirəyə aldı. Şəhər tutuldu, ancaq daxili qaladakılar müqavimət göstərməyə davam edirdi. Qüds kralı olan Gi de Luzinyan tarixi seçim qarşısında idi: ya Tiberiyanı taleyin ümidinə buraxaraq Səlahəddin çəkilib gedənə qədər daxili qalada gözləməli (çünki müsəlmanların qalaya soxulması tamamilə mümkünsüz sayılırdı), ya da Tiberiyanı xilas etmək üçün Səlahəddinin üzərinə hücum çəkməli idi. Bir xeyli tərəddüd eləyəndən sonra kral Gi hücum variantını seçdi.

      Döyüş



<p>14</p>

Sneşal – X – XII əsrlərdə Qərbi Avropada ən yüksək saray vəzifələrindən biri

<p>15</p>

İordan – Yaxın Şərqdə 251 kilometr uzunluğunda olan çay (red.)

<p>16</p>

Tiberiya (və ya Tverya) – indiki İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin 4 müqəddəs şəhərindən biridir.