Xiyabani. Pənahi Makuli

Читать онлайн.
Название Xiyabani
Автор произведения Pənahi Makuli
Жанр
Серия Azərbaycan ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 9789952245028



Скачать книгу

Yola çıxanların hamısından kiçiyi on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tərləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. Ovaxtkı İran tüccarlarına xas qara mahuddan papaq qoymuş, uzun ətəkli əntəri geyinmişdi.

      Məhəmmədgil yola düzəldilər. Xoydan keçib Seydava kəndinə gəldilər. Bir saat sonra isə buradan çıxıb Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı.

      Onlar gəlib çayxanada oturdular. Çayçı çay gətirəndə tacirlərdən biri Mir Hadı ağa ondan soruşdu:

      – Səkmənabad mahalına çoxmu qalıb?

      – Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi isə Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açılacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat verdi.

      – Bu gün Qaraeyniyə çata bilərikmi?

      – Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?

      – Dəvələr yox, yükləri bizim idi, – bu dəfə Məhəmməd dilləndi.

      Çayçı başı ilə onu təsdiqləyib əlavə etdi:

      – Düzdür, dəvələr Paşa bəyindir. Onlar bəyin yurduna düşəcəklər, siz də atlarınızı birbaş oraya, Paşa bəyin çadırlarına sürün. Ora sizin üçün karvansaradan daha rahat olar. Süfrəsi açıq adamdır.

      Onlar çayçının dediyi yerə çatanda günün batmasına iki saatdan da çox qalmışdı. Paşa bəy evdə yox idi: şikara getmişdi. Arvadı Bahar xanımla qızı Dürdanə irəli çıxaraq müsafirlərə xoşgəldin etdilər. Paşa bəyin qırx yaşlı, ancaq xeyli cavan görünən arvadı ilə gözəlliyinə və mərifətinə görə el içində ad çıxarmış on beş-on altı yaşlı qızı qonaqlara gülərüz göstərdilər. Başlarına ipək kəlağayı bağlasalar da, üzləri açıq idi. Məhəmməd Təbrizdə yaşadığı müddətdə bir-iki dəfə gördüyü xarici qadınlardan başqa üzüaçıq qadın görməmişdi. Üstəlik, Bahar xanımla Dürdanənin utanmadan, çəkinmədən söhbət edirdilər. Odur ki Məhəmməd indi bu qadınlara lap mat qalmışdı. Utandığından başını qaldırıb nə qıza, nə də anasına nəzər yetirə bilmirdi. Arada qeyri-ixtiyari olaraq göz qapaqlarını qaldırıb istər-istəməz qıza baxdı. Qızın da gülümsəyərək ona baxması Məhəmmədi daha çox utandırırdı.

      Bahar xanımla Dürdanə qonaqlara təzəcə çay vermək istəyirdilər ki, ev sahibi ilə iki nəfər gəldi. Onlar yekə bir dağ keçisi vurub öküzün üstünə bağlamışdılar. Əyin-başları tökülmüş elat uşaqları öküzü araya almışdılar. Uşaqların bir yandan dağ günəşinin, bir yandan da küləyin və yağışın altında qaralan dəriləri polad kimi bərkimişdi.

      Çadırlardan kənar dörd yəhərli atın hörükləndiyini görən Paşa bəy evində qonaq olduğunu hələ çox uzaqdan anlamışdı. Bu adama otuzdan çox yaş vermək olmazdı. Əslində isə, yaşı qırx beşi keçmişdi. O, gülərüz, çevik və xoşqılıq bir adam idi.

      Paşa bəy çadırlara çatıb birbaşa qonaqların yanına yollandı. Onlarla mehriban salamlaşıb söhbət eləməyə başladı. Bu zaman Bahar xanımla qızı isə böyük sacı üç iri daşın üstünə qoyub elat arasında ən ləziz xörək sayılan sacqovurması tədarükündə idilər.

      Bahar xanımın qonaqlara həvəslə qulluq elədiyini görən elat qızları qonaqxanaya işarə ilə Dürdanəyə pıçıldadılar:

      – Elçiyə gələnə oxşayırlar ha!

      – Çaşmayın! Adamın evinə qonaq gələr.

      Qızlardan biri söz atdı:

      – Mən bayaqdan göz qoyurdum, o cavan oğlan arada sənə yaman həsədlə baxır. Özü də çox utancaq oğlana oxşayır.

      – Nə yaman bicsən, ay qız! Gör nələrə göz qoyur ha! – deyə Dürdanə dilləndi. – Yəqin, şəhərdəki oğlanların hamısı elə belədir, utancaq.

      – Bax, beləsi yaxşı olar. Yoxsa o nədir, keçən dəfəki xan oğlu adamı, az qala, gözü ilə yeyəcəkdi.

      – Yaxşı, nə demək istəyirsən?

      – Onu demək istəyirəm ki, qonaqlarınız, həqiqətən, elçi olsalar, daha o birilər kimi qovmayasan.

      Qızlar bu cür söhbətdə ikən Məhəmməd də Əli adlı yol yoldaşı ilə birgə atların hörüyünü dəyişmək üçün qonaqxanadan çıxdı.

      Qızla anasının özlərini xeyli sərbəst aparması Məhəmmədi hələ də təəccübləndirməkdə idi. Elə buna görə də atların hörüyünü dəyişib çayın kənarında oturanda Əliyə dedi:

      – Ev sahibinin arvadı ilə qızı heç müsəlmana oxşamırlar…

      Əli təəccüblə soruşdu:

      – Nə üçün?

      – Görmürsən üzüaçıq gəzirlər.

      – Hələ bu nədir ki! Deyilənə görə, onlar lazım gələndə tüfəng götürüb kişilərlə çiyin-çiyinə vuruşurlar da. Yoxsa bizimkilər kimi… Deyir getmə gözümdən, gedərəm özümdən. Mənimki isə lap betərdir!

      – Məgər sən evlisən, Əli?

      – Evlisən də sözdür, hələ bir yaşında oğlum da var. – Əli bunu deyib ani sükutdan sonra əlavə etdi: – Babalını sal mənim boynuma, evlənmə, əgər evlənsən də, beləsi ilə evlən, həm sənə arvad olsun, həm də qardaş…

      Əli sözünü qurtardıqdan sonra araya səssizlik çökdü. O öz arvadı ilə oğlunun, Məhəmməd də burada görüb bəyəndiyi qızın, yəni Dürdanənin xəyalı ilə fikrə getdi.

      Çox çəkmədi ki, hamı çadırlara çəkildi. Qonaqlar da yatdılar. Səhər yenə yol gedəcəkdilər.

      11

      Ertəsi gün səhər tezdən yola düşən tacirlər bir gün də yol gedib Türkiyə ilə İran sərhəddinə, Qızıldizəyə yetişdilər. Kəndin girəcəyində Ağa Sadıq adlı bir nəfər onları qarşıladı. Sonra isə başda Mir Hadı ağa olmaqla tacirləri gömrükxana rəisinə təqdim etməyə başladı:

      – Əfəndim, Hacı Mir Hadı ağa Təbrizin ən məşhur tacirlərindən mərhum Hacı Seyid Hüseyn ağanın oğludur…

      Məhəmməd o dəqiqə dönüb Əliyə baxdı. Bu baxmaqla da o, Ağa Sadığın Mir Hadı ağanı «Hacı Mir Hadı» deyə tanıtdırmasından təəccübləndiyini bildirdi.

      Ağa Sadıq o birilərin də adının üstünə bir şöhrət əlavə edib gömrükxana rəisinə təqdim elədi. Sonra beş pasportun qiymətini verərək hər adama özü demişkən, bir pasport alıb gömrükxana işlərini qurtardı.

      Gömrükxana işləri qurtaran günün sabahı, dan yeri qızarmamış əvvəlcə dəvələr, sonra da müsafirlər yola düşdülər. Onlar birinci gecəni Bayaziddə qalıb ikinci gün Qara Kəlisaya yetişdilər. Sabah Həsənqalaya, o biri gün Ərzuruma çatacaqdılar.

      Karvansaraçı çay qaynatmışdı. Müsafirlər adama bir stəkan çay içib, şor-çörək yeyib, atları bayıra çəkdilər.

      Karvan irəlilədikcə qorxu azalırdı. Buna baxmayaraq sarban karvanın qaytarılmasını əmr etdi. Karvan təzəcə