Название | Kiçik qəhrəman |
---|---|
Автор произведения | Abdulla Şaiq |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-55-6 |
ARI VƏ EŞŞƏK
Dağ ətəyində bir Eşşək otlayırdı. Yamacın lətif otlarından, dadlı çiçəklərindən qoparıb yeyirdi. Doyduqdan sonra həmin al-əlvan çiçək və otların üstündə uzanıb ağnamağa başladı.
Yaxında bir Arı çiçəklərdən bal tuturdu. Bunu görüb çığırdı.
– Ey, nankor heyvan, otları, çiçəkləri nə üçün əzirsən, axı onlar sənə can verir, qan verir, qarnını doyurur. Sabah onlar sənə lazım olmayacaqmı? Bir də biz arılar o ətirli çiçəklərdən bal və mum çəkirik. Doğru sözdür: “Eşşək qanmaz olur. Qanmaz isə özünə də ziyan verir, özgəsinə də”.
DƏVƏ, TÜLKÜ VƏ QURD
Bir kəndli Dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin artıq işləməyə taqəti yox idi. Ona görə də kəndli Dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən Tülkü ona yaxınlaşdı.
– Dəvə baba, bu səhrada təkbaşına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
Dəvə başına gələn əhvalatı Tülküyə anlatdı:
– Bax insan oğlunun vəfası budur.
Tülkü ona ürək-dirək verdi:
– Qəm yemə, Dəvə baba, mən hər gün gedib sənə təzə biçilmiş ot və taxıl gətirərəm, yeyib kökələrsən. De görüm, sonra əvəzində mənə nə verərsən?
Dəvə dedi:
– Kökəlsəm, sənə ətimdən bir batman verərəm.
Tülkü razı oldu. Hər gün gedib təzə ot və taxıl dərib Dəvənin qabağına tökürdü, Dəvə də ləzzət ilə yeyirdi. Bir-iki aydan sonra Dəvə kökəlib cana gəldi. Daha Tülküyə ehtiyac olmadı. Tülkü dedi:
– Dəvə qardaş, vəd etdiyin bir batman ətimi ver.
Dəvə cavab verdi:
– Tülkü lələ, mən sözümdən qaçmıram. Ancaq neyləyim? Budumdan versəm, topal olaram, qolumdan versəm, şil olaram, hər hansı yerimdən versəm, məni şikəst edər.
Tülkü narazı halda yoluna davam etdi. Qarşısına bir Qurd çıxdı. Qurd ondan soruşdu:
– Niyə qəmlisən, Tülkü lələ?
Tülkü əhvalatı başdan-ayağa Qurda danışdı və ondan kömək istədi. Qurd dedi:
– Məni apar onun yanına. Mən Dəvədən sənin ətini alıb verərəm.
Tülkü qurdu götürüb birbaş Dəvənin yanına gətirdi. Qurd acıqlı-acıqlı soruşdu:
– Ey, dəvə baba, Tülkü lələnin bir batman ətini niyə vermirsən?
Dəvə cavab verdi:
– Ay Qurd qardaş, mən Tülkünün ətini danmıram, verəcəyəm, ancaq neyləyim? Belimdən versəm, yağır olaram, qolumdan versəm, şil olaram, budumdan versəm, topal olaram. Daha neyləyim, özümü əlil edə bilmərəm ki…
Qurd bağırdı:
– Mən bilmirəm, bu saat Tülkünün ətini ver!
Qurd ilə Tülkü hərəsi bir yandan Dəvənin üstünə hücum etdilər. Dəvə işi belə görüb dedi:
– Qurd qardaş, savaş nə gərək, ətin yerini tapmışam, yaxın gəl, bax mənim bu dilim bir batman gələr. Onu verim, Tülkü lələ ilə məni barışdır.
Qurd quyruğunu bulayıb tez irəli gəldi. Dəvə ağzını açıb qurda dilini göstərdi. Qurd Dəvənin dilini qoparıb yemək üçün başını Dəvənin ağzına soxdu. Dəvə tez Qurdun başını dişləri arasında elə bərk sıxdı ki, Qurd ağrının gücündən atılıb-düşməyə başladı. Tülkü Qurdun bu halını görüb ona dedi:
– Bu sıxmaq ki Dəvədə var, bu atılıb-düşmək ki səndə, deyəsən, mənim bir batman ətim arada gedəcək.
ARI VƏ KƏPƏNƏK
Bir Arı allı-əlvanlı bir çəmənlikdə çiçəyə qonub şirə sorurdu. Həmin çiçəyin o biri budağına da bir Kəpənək qonmuşdu. Xortumu ilə çiçəyin şirəsini əmirdi. Arı tez-tez Kəpənəyin yanından uçub o biri budağa qonurdu. Bundan rahatsız olan Kəpənək dedi:
– Ey, o kobud ayaqların, o qalın qanadlarınla mənim yanımdan keçmə! Qızıl, gümüş xallı qanadlarımın bəzəyini pozarsan!
Arı ona cavab vermədi, çiçəkdən çiçəyə qonmaqda davam etdi. Bu dəfə Arı Kəpənəyin yanından uçub keçərkən Kəpənək yenə acıqlandı.
– Ey, sən bu zəhlətökən vızıltını kəs, başım, beynim getdi. Görmürsən şirə əmirəm?
Arı vızıldayaraq cavab verdi:
– Ey xeyirsiz böcək! Xallı qanadlarınla çox öyünmə. Mən çiçəklərdən şirə çəkib bal tuturam, onu bütün el yeyir, səndən kim bir fayda görmüş?
TÜLKÜ VƏ DOVŞAN
Tülkü tələsik qaçırdı. Bir Dovşan onu görüb soruşdu:
– Tülkü qardaş, nə var? Nə olub?
Tülkü cavab verdi:
– Padşahdan əmr var, dəvələri tutub işləməyə aparırlar.
– Axı bundan sənə nə? Sən ki dəvə deyilsən!
– Eh, vaxtımı alma, mən də bilirəm ki, dəvə deyiləm. Ancaq mən tülkülüyümü isbat edincə dərimi boğazımdan çıxararlar.
HACILEYLƏK VƏ SƏRÇƏ
Bir Hacıleylək çinar ağacının ən yuxarı budağında yuva tikmişdi. Bir Sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün Hacıleylək Sərçəyə dedi:
– Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan, mən olmasam, günəş səni və balalarını yandırıb kül edər.
Sərçə cavab verdi:
– Doğru deyirsən, qonşu, sənin iri yuvan, iri qanadların bizə çox kömək edir, günəşin hərarətindən saxlayır. Buna görə sənə çox təşəkkür edirəm. Ancaq unutma ki, mən də olmasam, qarışqalar ağaca dırmaşıb səni və balalarını tələf edər. Mən bu kiçik dimdiyimlə onları bir-bir dənləyib yuxarı çıxmağa qoymuram.
TÜLKÜ VƏ DƏVƏ
Bir Tülkü gecələr hinlərə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kəndin əhli bu Tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.
Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün birbaş Tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü Dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu Dəvəni yuvama çəkərəm, sonra da bir ay ləzzət ilə yeyərəm”.
Bu fikir