Название | Məni itirməyin |
---|---|
Автор произведения | Исмаил Шихлы |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-02-0 |
Kişinin heyrətdən ağzı açıla qaldı. Həyəcanla qıza baxdı:
– Şah sağ olsun, mənim arvadım, uşaqlarım var.
– Bilirəm. Onları da götürüb saraya gətirərik. Sənə ayrıca ev-eşik, bağ-bağça verərəm. Sən yenə öz ailənlə yaşayarsan, amma mənimlə də gizlincə kəbin kəsdirərsən. Bu işdən heç kəsin xəbəri olmaz. Mən yenə kişi paltarında şahlıq eləyərəm.
Kişi razı olmadı, qız nə illah elədisə, kişini yola gətirə bilmədi. Axırı əlacı kəsilib kişini çadırdan yola saldı.
Artıq evə çatmışdı. Kəndləri, ucqarda bacası tüstülənən qara damı görünürdü. O, qollarını açıb yüyürdü və birdən özünü üstünə axşam qaranlığı çökmüş düzənlikdə gördü. Gördü ki, gün yaxıb, adamın bədəninə üşütmə gətirən asta külək əsir, kol-kosu qatıb dığırlaya-dığırlaya aparır. Qulağına vahiməli bir canavar ulaması gəldi. Yenə uzaqdan qaraltı göründü, yenə bu qaraltı böyüdü və canavara dönüb onun qabağında dayandı. Kişi tanıdı: bu, həmin canavar idi.
– Nə oldu, Allahı tapa bildin?
– Tapdım.
– Nə dedi?
– Dedi ki, ağılsız insanları sənə yem verir.
– Onda mənim yemim sənsən.
Kişi təəccübləndi.
– Niyə?
– Ona görə ki, ağılsızsan. Ağılsız olmasaydın, qızılları bölərdin. Ya da padşahı alıb yağ-bal içində yaşayardın.
Kişinin boğazı qurudu. Bir-iki dəfə udqunub geri çəkildi.
– Sən bunları haradan bilirsən?
– Bilirəm ki, deyirəm. Çünki bu sirləri sənə mən açmışam. Sən Allahla yox, mənimlə danışırdın. Sənin Allaha əlin çata bilməzdi.
– Yalan deyirsən, mən Allahın səsini öz qulaqlarımla eşitdim. O, mənim ruzumu verdi.
– Verdi, amma sən qanmadın.
Canavar qabaq ayaqlarını kişinin çiyninə qoydu…
Üfüq qıpqırmızı idi. Canavar biləklərini irəli uzadıb, rahatca dincəlirdi. Qonur gözlərini zilləyib boz səhraya baxırdı. Soyuq külək sirkanları dığırlayıb harayasa aparırdı. Bu sirkanların arası ilə qanlı cır-cındır da yuvarlanırdı.
Keçəçi
Şəhərə vahiməli bir xəbər yayılmışdı. Deyirdilər ki, xeyli vaxtdır, bir dəstə adamyeyən peyda olub. Onlar pusquda durub adamları oğurlayır, zirzəmidə gizlədib ətlik mal kimi bordayır2, sonra da kəsib xörək bişirir və camaata satırlar. Xəbər dəhşətli idi. Şəhər əhalisi qorxusundan günün qulağı yaxan kimi qapı-bacanı bağlayıb içəridə oturur, səhərə kimi səksəkə içində yorğan-döşəkdə o üz-bu üzə çevrilirdilər. Gündüzlər də küçəyə çıxanda vahimə içində ətrafa boylanır, bazara getməzdən, dükanı açmazdan əvvəl dörd yanı dönə-dönə keçirirdilər.
Bu xəbər şaha da çatdı. İndiyə kimi ölkəsini əmin-amanlıqla idarə edən, gecələr təğyirlibas olub hər yeri gəzən, harada haqsızlıq görsə, amansızlıq eşitsə, qarşısını alan bu adil şahı fikir götürdü. Doğrudanmı onun ölkəsində adamyeyən peyda olmuşdu? Yoxsa bunlar bədniyyət adamların uydurmasıdır? Bəlkə, düşmən işidir, onun taxt-tacına, ədalətinə şəkk yaratmaq istəyirlər? Bəlkə, elə, doğrudan da, şəhərdə adamyeyənlər peyda olmuşlar? Nə çoxdur, dünyada şərəfsizlər, biqeyrətlər, nahaq yerə deməyiblər ki, insan çiy süd əmib, ondan nə desən, gözləmək olar.
Şahın casusları qarışqa kimi şəhərin canına daraşdılar, hər dəlik-deşiyə burunlarını soxdular, hər yeri imsilədilər, qoxuladılar, ancaq bir şeyi öyrənə bilmədilər. Axırda şahın özü işə qarışmalı oldu.
Onun adəti idi: qulağına bir pis xəbər dəyəndə, ya da elə belə, paytaxtında nələr baş verdiyini bilmək istəyəndə gecələr paltarını dəyişib küçələrə düşərdi. Sakitcə adamların danışığına qulaq asar, dilənçilərin yanında oturar, dərvişlərin moizələrini dinləyənlərə qoşular, dükan-bazarın yanından keçib karvansaraları gəzər, çox vaxt da elə orada, ya da kimsəsiz qərib kimi yoxsulların daxmasında gecələyərdi. Ona görə də heç nə onun gözündən yayınmazdı. Paytaxtında nələr baş verdiyindən xəbər tutar, ertəsi günü taxtında əyləşib, axşam gördükləri və eşitdikləri barədə tədbir tökərdi. İndi də elə elədi. Qaranlıq qarışan kimi paltarını dəyişdi, saray əyanlarının gözündən yayınıb şəhərə yollandı. Düz yeddi gün, yeddi gecə əlində çəlik, əynində kürk, patavalı, çarıqlı bir dilənçi kimi şəhəri dolaşdı. Elə bir döngə, elə bir xarabalıq olmadı ki, oraya baş çəkməsin. Şəhərin elə bir dükanı, bazarı, meydanı olmadı ki, oraya ayağı dəyməsin. Bütün karvansaraları, məscidləri ələk-vələk elədi, amma eşitdiklərinə bənzər bir şeyə rast gəlmədi. Axırıncı gün sarayın qənşərindəki karvansaranın qabağında dayandı. Yorulub əldən-ayaqdan düşmüşdü. Baldırları sızıldayırdı. Taqətsizliyini hiss eləyib bir daşın üstündə oturdu. Səkinin yaxası boyu balaca bir arx uzanırdı. Onun dumduru suyu şırıltı ilə axıb gedirdi. Şah ayaqlarını soyundu, qolunu çirmələdi, yaxasını açıb suya yaxınlaşdı, dəstəmaz alırmış kimi əlini suya salıb dirsəyinə qədər yudu, sərin suyu üzünə çilədi, boyun başını islatdı, yaş əlini ayaqlarına çəkdi və indi başa düşdü ki, yaman acmışdır. Əsasına dirənib ayağa durdu, üst-başının tozunu çırpıb karvansaraya girdi.
Həyət arı yuvası kimi qaynayırdı. Boynu zınqırovlu dəvələr yatıb tənbəl-tənbəl gövşəyirdilər. Nökərlər ora-bura qaçışaraq atları yemləyir, yəhər-yüyənlərini alır, arabaları qoşur, yükləri eşşəklərin belinə aşırırdılar. Kimi yola düşməyə, kimi də uzaq yoldan gəlib dincəlməyə hazırlaşırdı. Manqal tüstüsü, kabab qoxusu, plov ətri həyəti bürümüşdü. Şah darvazanın yanında ayaq saxlayıb həyəti xeyli gözdən keçirtdi, sonra arabaların, əllərində çay dolu stəkan qaçışan nökərlərin arasından keçib, yarıqaranlıq hücrələrin birinə girmək istədi. Elə bu vaxt başı az qala tavana dəyən, yoğun eşməbığlı3 bir adam yerin altından çıxmış kimi şahın qabağında peyda oldu.
– A kişi, nə istəyirsən?
– Uzaq yoldan gəlmişəm, yaman acmışam.
Nəhəng bir xeyli şaha baxdı, gözləri onun enini-uzununu ölçdü və nə fikirləşdisə, onu qabağına saldı. Karvansaranın qaranlıq hücrələrinin arasındakı dəhlizlə arxaya tərəf getdilər. Şah gördü ki, dəhliz getdikcə uzandı, divarların nəmi üzünə vurdu və qabaqlarına bir qapı çıxdı. Onu aparan adam qapını açdı və şah özünü başdan-başa gəbə döşənmiş bir otaqda gördü. Onun içəri girməsi ilə arxadan qapının bağlanması bir oldu. Şah diksinib geri döndü və elə bu zaman ayağının altından yer qaçdı, gurultu
2
Bordamaq – bordaqlamaq – yaxşı yedirib kökəltmək, bəsləmək (ev heyvanları haqqında)
3
Müəllifin yaratdığı mürəkkəb söz