Название | Məni itirməyin |
---|---|
Автор произведения | Исмаил Шихлы |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-02-0 |
Şah dinmədi. Saqqalını qaşıya-qaşıya fikrə getdi. Xeyli sükutdan sonra dönüb arvadının üzünə baxdı. Xanım yavaşca yerindən durdu. Əli sinəsində padşahın qabağında diz çöküb fərman gözləyən oğlanın qolundan tutub qaldırdı.
– Yaxşı eləmisən, bala, halal xoşun olsun.
İlğım
O, dayandı. Əlini gözünün üstünə qoyub, üfüqlərə qədər uzanan sonsuzluqlara baxdı. Su kimi qırçınlanıb axan sarı, narın qum ləpələrindən başqa, heç nə görmədi. Bu ləpələr balaca bir titrəyişdən hərəkətə gələrək yeriyir, tozlana-tozlana irəliləyir və mavi səmanın qurtaracağına doğru yüyürürdü. Göydən od ələnirdi. Adamın düz başının ortasında dayanan günəş kəhrəba kimi sarı səhra qumlarını qovurub qıpqırmızı edirdi. Nəfəs aldıqca boğaz quruyur, tüpürcək adamın dilinə yapışırdı.
Kainatın bu sonsuz sakinsiz diyarında təkcə dayanan insan övladı dincəlmək istədi. Onun qarşısında hələ uzun yol vardı. Nəfəsini dərib yorğunluğunu almalı idi. Ətrafa boylandı. Kölgəlik axtardı. Yastıyapalaq saksaul kolundan başqa, gözünə heç nə dəymədi. Topuğa qədər isti quma bata-bata ora yaxınlaşdı. Əsasını, torbasını atıb oturmaq istərkən fışıltı eşidərək, geri sıçradı. Gördü ki, bir ilan quyruğu üstə qalxmışdı. Göz-gözə dayandılar. Hər ikisinin gözü qonur idi, hər ikisi döyüşü udmaq istəyirdi. Kim bir balaca qorxsa, geri çəkilsə, basılmış olacaqdı. İnsan övladının geri çəkilmək fikri yox idi. Əksinə, hazır dayanmışdı ki, ilan üstünə atılsa, boğazından yapışsın. Deyəsən, bunu ilan da duydu, asta-asta aşağı yatdı və sürünüb uzaqlaşdı.
O, gözünü ilanın əyri-üyrü izindən çəkmədən oturdu. Ayaqlarına baxdı. Cadar-cadar idi. Yolların isti qumu dərisini yandırmışdı. Çınqıl daşlar pəncəsini doğramış, dabanını çatlaq-çatlaq eləmişdi. Ayağının altı qalınlayıb gönə dönmüşdü. Bədəni qovrulub yanırdı. Əynindəki paltarları cırıq-cırıq idi. Uzandı. Bir azca sərinləmək istədi. Qumu eşib bədəninə tökdü. Qovrulub dənələnmiş narın qum onun qaralıb yanmış qollarının, baldırlarının, sinəsinin qarsımış tüklərinin arasından süzülüb axdı. Elə bil bədəninə qor doldu.
Bağlamasını açdı. Bir parça quru çörək çıxarıb gövşədi. Boğazından ötsün deyə üstündən bircə qurtum su içdi. Dirsəklənərək yenə irəli, sonsuz qum səhrasına baxdı…
O, çoxdan yola çıxmışdı, lap çoxdan. Onda cavan idi, ətli-canlı, gırdın1 budlu bir cavan. İki adam qolunu qanıra bilmirdi. Bircə əli ilə öküzün boynunu qanırıb dizini yerə gətirirdi. İndi isə qupquru quruyub qaxaca dönmüşdü. Saç-saqqalı ağarmışdı. Bir insan ömrünü artıq başa vururdu. Xəbəri yox idi ki, bir insan ömrü yollarda puça çıxmış, amma hələ də gedirdi, hələ də axtarırdı. Hələ də yollarda idi. Ulu babaların keçdiyi, Adəm atadan sonra dünyaya gəlmiş ən qədim əcdadlarının başladığı, ancaq axırına çata bilmədikləri yolda.
O zaman dünya səhrayi-kəbir idi. Üfüqdən-üfüqə uzanan bu sonsuz, sehrli-sirli dünyada yaradanın nələr xəlq etdiyindən heç kimin xəbəri yox idi. Ancaq onu bilirdilər ki, cənnətdən sonra bura pis idi, çox pis! Burada, gah soyuq ruzigarın öz acı nəfəsi ilə hər şeyi buza döndərdiyi, gah da günəşin od ələyib bütün aləmi yandırıb-yaxdığı bu bəhrəsiz diyarda qalmaq çətin idi. Onlara demişdilər ki, Məğribdən Məşriqə bir yol uzanır, o yol ilə getsəniz, üfüqün o üzündə gözəl bir diyar var, ora çatarsınız. Elə bir diyar ki, dağlar baş-başa verib, çaylar çeşmələrdən, irmaqlardan güc alıb daşlanır, şəlaləyə dönüb sıldırım boşluqlardan tökülür, sonra da düzənliklərə axıb hər yeri çəmənliyə, gül-çiçəyə döndərir. Vadilər meşədir, ormanlıqdır. Orada nə istəsəniz, tapacaqsınız. Ceyran-cüyür ovlayacaq, qızıl-gümüş sularda çiməcək, ətirli gül-çiçək içində yatacaqsınız. Quşlar öz nəğmələriylə sizə laylay çalacaq, bihuşdarı ağaclarının ətri sizi məst edəcək. Orada çaylardan su yerinə bal-yağ axır. Nə soyuq ruzigar görəcəksiniz, nə də qızmar günəş.
Yola çıxdılar. Elliklə, obalıqla. Daşlı-kəsəkli yollar aşdılar, səhralar keçdilər. Yolda anadan olan uşaqlar əvvəlcə qucaqda gəzdilər, sonra analarının əlindən tutub yeridilər. Bir də gözlərini açıb gördülər ki, onların əlindən tutanların əlindən tutmaq lazımdır. Dünənki uşaqlar indiki qocaların əlindən tutası oldular. Yenə qatarlaşıb irəlilədilər, ancaq üfüqü aşa bilmədilər. Yaxınlaşdıqca üfüq uzaqlaşdı, əlçatmaz bir məsafəyə döndü.
Gözəl diyar əvəzinə yollarının üstünə buzlaqlar çıxdı, ilanlı-əqrəbli düzənliklərlə qarşılaşdılar. Cavanlar ayaq saxlayıb dayandılar, geri qayıtmaq istədilər, ancaq qocalar razı olmadılar. “Biz heç, barı siz o diyara çatın, xoş gün görün”, – deyə onları dilə tutdular. Yenidən yola düşdülər. Buzlaqlar keçdilər, bələnlər aşdılar, ölənlər də oldu, yollarda qalanlar da. Əldən-ayaqdan düşənləri dallarına aldılar, elə hey irəlilədilər, gecəli-gündüzlü yollarda oldular. Bir də gözlərini açıb gördülər ki, qocalardan heç kəs qalmayıb. Kədərləndilər. Valideynlərini ağ günə çıxarda bilmədiklərinə görə özlərini danladılar. Ancaq onu bilmirdilər ki, ölənlər də uşaqlarına bir gün ağlaya bilmədiklərinə görə bu dünyadan əli uzanıqlı, ürəyi nisgilli getmişdilər.
Bir gün səhrada yağışa düşdülər. Göy şaqqıldadı, buludlar kəllə-kəlləyə gəldi. Elə bil ağrıdan gözlərini yumub, selləmə yağış axıtdılar. Çöllərin tozu yatdı. Bədənlərə sərinlik gəldi. Yağış birdən başladığı kimi birdən də kəsdi. Göyün üzü çimib sığallanan gəlin sifəti kimi tərtəmiz oldu. Birdən insanlar gördülər ki, səmada iki göy qurşağı var. Sarı, yaşıl, göy və qırmızı zehli qurşaq. Biri qabaqda idi, o biri arxada. Sevindilər. İnandılar ki, cənnətmisal diyara gəlib çatıblar. Bu qurşağın altından keçən kimi orada olacaqlar. Ancaq bilmədilər, hansı qurşağın altından keçsinlər: irəlidəkinin, yoxsa arxadakının. Uşaqlar qocaların əlindən tutub qabağı göstərdilər, qocalar isə arxadan qorxduqları üçün geri qayıtmaq istəmədilər. İrəli getdilər. Sevinə-sevinə, qaça-qaça, üzü günəşə, göy qurşağına doğru. Göy qurşağı cazibədar idi, özü də lap yaxındaydı, əlini uzatsan, çatardı. Qaçdılar, çalışdılar ki, onun altından keçsinlər. Ancaq onlar yaxınlaşdıqca göy qurşağı geri çəkildi
1
Dilimizdə mişarla eyni boyda kəsilmiş yoğun odun parçalarına girdin (dialektlərdə: gırdın) deyirlər. Bu, girdə sözü ilə bağlıdır, “dairəvi parçalar” deməkdir.