Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков

Читать онлайн.
Название Uşaqlığın son gecəsi
Автор произведения Максуд Ибрагимбеков
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-532-68-5



Скачать книгу

görək nə olur.

      Hər dəfə eyni şey baş verirdi: qutulardakı patronlar partlayır, zirzəmidə dəhşətli atışma başlayırdı. Qonşular qorxu içində qapılardan bayıra atılır, nə baş verdiyini bilmədən, təlaşla gözlərini döyürdülər. Əlbəttə, biz özümüzü bilməzliyə qoyurduq, guya heç nədən xəbərimiz yoxdur. Şura xala bir müddət sonra deyirdi ki, zirzəmidə möhtəkirlər yaşayır, gecələr bir-birilərini güllələyirlər. Qonşulardan bəziləri onun sözünə inanırdı. Bir dəfə yenə zirzəmidə gurultu, səs-küy başlayanda bir patrul o dəqiqə bizi qabağına qatıb qovdu. İndiyə qədər başa düşə bilmirəm, görəsən, bu patrul bizim patronları partlatdığımızı haradan bilmişdi?! Əsl gözbağlayıcı idi! Əlbəttə, onlar bizi tuta bilmədilər, ancaq hədə-qorxu gəldilər, dedilər, məktəbimizə xəbər verəcəklər. O gündən sonra daha zirzəmidə patron partlatmadıq, ancaq yenə dava-dava oynayırdıq.

      Evimiz həm böyük, məncə, həm də gözəldir. İkimərtəbəli binadır, ikinci mərtəbədə eyvanlar baş-başadır. Həyətdə yekə püstə ağacı bitir, o qədər böyükdür ki, kölgəsi ikinci mərtəbəyə düşür. Çox yaxşı ağacdır. Kəşfiyyatçı oyunu oynayanda onun budaqları arasında gizlənirdik, dünya da dağlısa, heç kəs səni orada tapa bilməz. Bakıdakı həyətlərin heç birində belə böyük püstə ağacı yoxdur. Payızda püstələr yetişir, biz onun meyvələrini yığıb qonşular arasında bərabər bölüşdürürük. Püstələri əvvəlcə yığıb qərargahda toplayırıq, sonra mənzillərə bölürük, hər mənzilə bir iri kağız bağlama püstə düşür. Hamı bizə təşəkkür edir.

      Ümumiyyətlə, əlimizə keçəni qərargaha gətiririk. Məktəbdə bizə nahar üçün vermişel küküsü, ya da pirojki verirlər: bir gün kükü, bir gün pirojki, amma kisel hər gün olur. Təbii, kiseli məktəbdə içir, kükü ilə pirojkini isə qərargaha gətiririk. Hərə öz payını gətirir, bir yerdə nahar edirik. Anam deyir ki, bu pirojkiləri qətiyyən yemək olmaz, çünki onları bişmiş nişastadan hazırlayırlar. Bəlkə, doğrudan da, nişastadan hazırlayırdılar, ancaq bir bilsəydiniz, o pirojkilər necə dadlı olurdu!..

      Bütün işlərimizi qərargahda yoluna qoyuruq. Əgər bizdən kiminsə əlinə pul düşsə, tez gedib Bazar küçəsindəki dükandan poqon və ulduz alırıq. Hər qəhrəmanlığa görə yeni ulduz verilir və bu minvalla artıq məhəllədə sıravi qalmayıb, hamı polkovnik olub, generalımız, hətta marşalımız da var. İki qız – Həmidə ilə Tosya sanitar-general rütbəsi alıb. Hamımız bilirik ki, qızlar general ola bilməz, ancaq başqa rütbədə onlar bizim “yaralarımızı” sarımağa razı olmurlar. Axı hər “döyüşdən” sonra onlara ehtiyac yaranır.

      Döyüşlər küçəmizdəki iki məhəllənin uşaqları arasında gedir. Çox yaxşı döyüşürük. Hamı küçəyə tökülüşüb qılıncları işə salır. Bu vaxt hətta küçədə hərəkət dayanır, qonşular bu döyüşlərə tamaşa etmək üçün pəncərələrdən sallanıb qalırlar. Bəzən kimsə kimisə yaralayır, ancaq yaralanan adam heç vaxt ağlamır. Bizim aramızda eləsi yoxdur. Döyüşdən sonra əsirləri və qənimətləri dəyişirik. Çox vaxt bizim məhəllə qalib gəlir, çünki aramızda xeyli təcrübəli sərkərdə və cəsur döyüşçü var. Hər gün dava-dava oynayırıq, amma haradasa əsl qanlı müharibə gedir. Biz bu barədə böyüklərdən eşidirik, ancaq o müharibə heç vaxt bizi qorxutmur…

      Bir gün məhəlləmizdə təzə qonşular peyda oldu. Bir oğlanla bir qız. Onlar yaşca bizdən bir az balaca idilər, heç adlarını da bilmirdik. Həmişə bir yerdə olurdular, bir yerdə pilləkəndə oturub necə addımlamağımıza, qılınc təlimi keçməyimizə tamaşa edirdilər.

      Onlara birinci mərtəbədə ev vermişdilər və anaları ilə bir yerdə yaşayırdılar. Zənnimcə, o qadın heç yerdə işləmirdi, çünki evdən çıxıb harasa getmirdi və nə vaxt baxsan, püstə ağacının kölgəsində dayanmadan paltar yuyurdu. Səhərdən axşama qədər… Hərdən dikəlir, belini ovuşdurur, saçlarını səliqəyə salır, sonra yenə təknənin yanına tələsirdi. Qonşular deyirdi, o qadın camaşırçıdır, paltarları camaşırxanadan götürüb yumağa evə gətirir. Yəqin, doğru deyirdilər: çünki bir ailədə heç vaxt bu qədər mələfə, yorğanüzü ola bilməzdi. Yuyub qurtarandan sonra ağları həyətdəki ipə sərirdi. Harada imkan varsa, orada sərirdi, kimsə onlara toxunanda deyinirdi.

      O qədər pis xasiyyəti vardı ki, hətta öz doğma övladları da bu qadından qorxurdu. Bir sözlə, o, məhəlləyə köçəndən sonra həyətdə yaşamaq sadəcə çətinləşdi. Döyüşmək bir yana qalsın, heç həyətə tüstü buraxmaq da olmurdu. Tüstü buraxmaq üçün burulmuş kinolenti kağızla bürüyür, sonra bu bükümü yandırırdıq. Qonşu qadın deyirdi ki, bu cür tüstüdən ağların üstünə his çökür. Paltar yumağı bir yana qalsın, yuyub qurtardıqdan sonra bulaşıq suyu təknədən püstə ağacının dibinə tökürdü. Təknədəki su isə qələvili idi, çünki müharibə vaxtı sabun tapmaq olmurdu.

      İlk vaxtlar təknənin suyunu çirkab quyusuna boşaldırdı, sonradan, görünür, bu onun üçün çətin oldu, çünki çirkab quyusu bir qədər uzaqda, həyətin o biri başında idi, o isə arıq qadındır, paltar yuyanda qollarının damarları üzə çıxırdı. Bir başqası olsaydı, bəlkə də, kömək edərdik, ancaq bundan çəkinirdik, çünki həmişə qəzəbli olurdu. Anam deyir ki, ağır həyat tərzi adamların xasiyyətini korlayır, axı müharibə vaxtı hamı çox çətinlik çəkirdi. Götürək elə mənin anamı, səhərdən axşama qədər işləyir, evə gələndə mənim döşəməni, ya da qabları yuduğumu görəndə gülümsəyir, o dəqiqə hiss edirəm ki, bütün yorğunluğu çıxır. Əgər bütün insanların xasiyyəti təzə qonşumuz kimi olsa, onda gərək baş götürüb qaçasan.

      O, paltar yumağa davam edir, uşaqları kədərli gəzir, çirkli paltar suyunu yenə püstə ağacının dibinə boşaldırdı. Upravdom ona bu hərəkətinə görə xəbərdarlıq etmişdi, o isə təknədən bir qədər kənara çəkilmiş, qollarını silmiş və asta səslə ona nəsə demişdi. Bundan sonra upravdom qızarmışdı, tez həyəti tərk etmiş və bir neçə gün gözə görünməmişdi. Biz təxmin edirdik, görəsən, təzə qonşu upravdoma nə deyə bilərdi. Sonra Şura xala gəlib həyətdə dedi ki, onun upravdoma dediklərini dilinə gətirməyə utanır. Heç kəs onu məcbur etmədi, bildiklərini desin, başımız öz işlərimizə qarışmışdı, amma Şura xala çənəsinin altına salmağa adam axtarırdı.

      Biz dava-dava oynamağa davam edirdik və şənbə günü dərsdən sonra 28-ci məhəllə ilə döyüşümüz olacaqdı. Bu vaxt püstə ağacı əhvalatı baş verdi.

      Həmişəki kimi, səhər həyətdə görüşüb birlikdə məktəbə getməyə hazırlaşırdıq, birdən kiminsə gözləri püstə ağacına sataşdı və gözlərinə inanmadı, sanki bu, gerçək deyil, yuxu idi: ağac çılpaq olmuşdu, bir gecənin içində bütün yarpaqları tökülmüşdü və çılpaq budaqlarda qaralmış püstə salxımları sallanırdı.

      Həyətdə hay-küy qalxdı! Ümumiyyətlə, məhəlləmizdə hay-küy salmaq su içmək kimi asan iş idi, xüsusilə yayda. Bu dəfə qonşu qadın digərinə sadəcə “püstə” dedi, dava-dalaş bir yana, o gün məhəllədə görünməmiş hay-küy qopdu. Hamı səs-səsə verib çığırırdı, heç nə başa düşmək olmurdu. Bircə qonşu qadınlardan birinin: “Axır ki, istəyinə çatdı, vicdansız, ağacı məhv elədi!” – dediyini eşitdim. Bunu təzə qonşu haqqında deyirdilər. Bir başqası