Seçilmiş əsərləri . Федор Достоевский

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Федор Достоевский
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8448-2-5



Скачать книгу

Sən belə kitabları, Nastenka, məbadə oxuyasan. Yaxşı, onun göndərdiyi kitablar necə kitabdır?

      – Nənə, hamısı Valter Skottun romanlarıdır.

      – Valter Skottun romanları! Burada bir kələk olmasın? Bax, gör, onların arasında sənə elani-eşq məktubu yoxdur ki?

      – Yox, ay nənə, heç bir məktub yoxdur!

      – Eh, sən kitabın cildinə bax, bu quldurlar bəzən belə məktubları cildin altında gizlədirlər.

      – Yox, nənəcan, cildin altında da heç bir şey yoxdur.

      – Hə, bu ayrı məsələ!

      Bəli, biz o gündən Valter Skottun romanlarını oxumağa başladıq və bir ayın içində bu romanların demək olar ki, yarısını oxuyub qurtardıq. O isə elə hey kitab göndərirdi. Bunların arasında Puşkinin də kitabı vardı. Axırda elə oldu ki, mən daha kitabsız keçinə bilmirdim, bir az sonra Çin şahzadəsinə ərə getmək fikrini də tamam yadımdan çıxardım.

      Belə bir vaxtda, nənəm məni bir dəfə hara isə qulluğa göndərəndə, pilləkənin üstündə kirayənişinlə üz-üzə gəldim. O dərhal dayandı, mən qızardım, o da qızardı; lakin bir az keçməmiş güldü, mənimlə salamlaşdı, nənəmin halını xəbər aldı. Sonra soruşdu: «hə, kitabları oxudunuz?» Mən cavab verdim: «Oxudum». O yenə də soruşdu: «Ən çox hansı kitab xoşunuza gəldi?» Mən də dedim: «İvanqoye»1, (V. Skottun “Ayvenqo” romanı) bir də Puşkin hamısından çox xoşuma gəldi». Söhbətimiz bununla da qurtardı.

      Bir həftə sonra biz yenə pilləkəndə bir-birimizə rast gəldik. Bu dəfə nənəmin tapşırığı ilə yox, özüm nə üçün isə bayıra çıxmışdım. Gündüz saat üç idi, kirayənişin həmişə bu vaxtlar evə qayıdırdı. «Salam!» – deyə mənimlə salamlaşdı. Mən də ona cavab verdim: «Salam!» O mənimlə söhbət etməyə başladı.

      – Bütün günü nənənizlə bir yerdə oturmaqdan darıxmırsınızmı?

      Elə ki, o məndən bunu soruşdu, bilmirəm nə üçün, amma bərk qızardım, utandım, incidim, yəqin ki, yad bir adamın mənimlə bu barədə söhbət etməsi məni karıxdırmışdı. Hətta cavab vermədən dönüb getmək istədim, ancaq yerimdən tərpənməyə qüvvəm qalmamışdı. O isə danışırdı:

      – Bura baxın, siz xeyirxah qızsınız! Sizinlə belə danışdığıma görə məni bağışlayın, lakin inandırıram ki, mən sizə nənənizdən artıq yaxşılıq eləmək istəyirəm. Məgər sizin elə bir rəfiqəniz yoxdur ki, onun yanına qonaq gedəsiniz?

      Cavab verdim ki, yoxdur. Bircə Maşenka idi, o da Pskova gedib.

      – Mənimlə teatra getmək istəyirsinizmi? – deyə soruşdu.

      – Teatra? Bəs nənəm necə olsun?

      – Siz yavaşca nənənizin yanından…

      – Yox, mən nənəmi aldatmaq istəmirəm. Sağ olun!

      Yaxşı, sağ olun! – Kirayənişin bunu deyib, dinməzcə uzaqlaşdı.

      Ancaq nahardan sonra, bizə gəldi; əyləşib nənəmlə xeyli ot elədi: «Nə üçün çıxıb gəzmirsiniz? Qohumlarınızdan, tanışlarınızdan bir kəsiniz yoxdurmu?» – deyə soruşdu və bir birdən dedi: «Mən bu gün operaya loja bileti almışam. Sevilya bərbəri»ni göstərəcəklər; tanışlarım var, onlar getmək istəyirdilər, sonra necə oldusa fikirlərini dəyişdilər, aldığım biletlər də məndə qaldı!»

      – «Sevilya bərbəri»? – deyə nənəm sevinclə çığırdı. – Bu, keçmişdə göstərilən həmin «Bərbər»dir?

      – Bəli, özüdür ki, var. – Kirayənişin bu sözləri deyib mənə baxdı. Mən artıq məsələni başa düşmüş, qıpqırmızı qızarmışdım, ürəyim səbirsizliklə çırpınırdı.

      – Yadımdadır, – deyə nənəm dilləndi, – lap yaxşı yadımdadır. Keçmişdə evimizdə tamaşalar verərdik, mən özüm «Bərbər»də Rozinanı oynamışam! Kirayənişin dedi:

      – Onda bu axşam tamaşaya getmək istəyirsinizmi? Yoxsa biletlərim batar.

      – Hə, yaxşı olar, gedək, – deyə nənəm cavab verdi, – niyə getməyək? Nastenka üçün lap maraqlı olar. O, heç teatr görməyib.

      Ya rəbbim! Mənim neçə sevindiyimi təsəvvürünüzə gətirin!

      O saat yığışdıq, geyindik və teatra getdik. Nənəm kor da olsa, musiqini eşitmək istəyirdi, bir də, o, əslində mehriban arvaddır; özündən artıq məni düşünürdü, belə fürsəti əldən vermək olmazdı, özümüzə qalsa idi, heç bir zaman teatra gedə bilməyəcəkdik. «Sevilya bərbəri»ndən aldığım təəssüratı sizə danışmayacağam, ancaq tamaşa qurtarana qədər kirayənişinimiz gözlərini məndən çəkmədi; o mənə elə şəfqətlə baxır, mənimlə elə yaxşı danışırdı ki, birdən səhər onun mənə elədiyi təklif yadıma düşdü, bildim ki, mənim onunla təklikdə gəzməyə çıxmağımı nə üçün xahiş edirmiş. Nə isə, sevincimin hədd-hüdudu yox idi. Elə məğrur, elə şən idim, ürəyim elə döyünürdü ki, evə qayıdıb yatağıma uzananda vücudumda zəif bir üşütmə hiss elədim, bütün gecə «Sevilya bərbəri» fikrimdən çıxmadı.

      Mən düşünürdüm ki, bu hadisədən sonra bizə tez-tez gələcək . Lakin belə olmadı. O bizə demək olar ki, heç gəlmirdi. Biz onun üzünü ayda bir dəfə görürdük. Bizi yalnız teatra aparmaq istədiyi zaman yanımıza gəlirdi. Biz sonra iki dəfə də teatra getdik. Amma mən belə görüşlərdən çox narazı idim. Görürdüm ki, o bunu ancaq mənə yazığı gəldiyindən edir, çünki mən nənəmin yanında əsir idim. Bəli, ancaq yazığı gəldiyindən, vəssalam! Elə darıxmağa başladım ki, nə bir yerdə əyləşə bilirdim, nə kitab oxuyurdum, nə də əlim işə yatırdı; bəzən gülürdüm və heç bir şeydən nənəmi əsəbiləşdirirdim, bəzən səbəbsiz yerə ağlayırdım. Nəhayət, mən elə arıqladım ki, xəstəhal oldum. Opera mövsümü keçdi, kirayənişinin ayağı bizim evdən tamam kəsildi. Görüşdüyümuz vaxtlarda isə, – məlum şeydir ki, yenə də pilləkən üstündə görüşürdük, – o, sakitcə mənə baş əyib keçirdi, özü də bunu elə ciddi eləyirdi ki, guya mənimlə heç danışmaq da istəmirdi, heç bir şey olmamış kimi, pilləkəndən düşüb gedirdi. Mən isə pilləkənin ortasında quruyub qalırdım, üzüm od tutub yanırdı, çünki hər dəfə onunla qarşılaşanda elə bil bütün bədənimin qanı başıma vururdu.

      Hələ bu harasıdır? Dalına qulaq asın. Düz bir il bundan əvvəl, may ayında kirayənişin bizə gəldi və nənəmə dedi ki, burada işlərini görüb qurtardığından bir il müddətinə Moskvaya gedir. Mən bunu eşitcək kətan kimi ağardım, dizlərimin taqəti getdi, özümü saxlaya bilməyib, ölü kimi kürsünün üstünə yıxıldım. Nənəm heç nə hiss eləmədi. Kirayənişin isə tezliklə yola düşəcəyini bildirib, nəzakətlə baş əydi və getdi.

      Mən nə edəydim? Fikirləşdim, fikirləşdim, əzab çəkdim, nəhayət, qəti qərara gəldim. O, sabah yola düşəcəkdi. Mən isə axşam nənəmi yuxuya verəndən sonra düşündüyüm kimi də eləyəcəkdim. Belə də oldu. Mən lazım olan paltarlarımı, camaşırımı bir yerə yığıb bağladım, qoltuğumda bağlama kirayənişinin otağına getdim. Halım özümdə deyildi. Mənə indi elə gəlir ki, pilləkəni bir saata ancaq qalxa bildim. Kirayənişinin otağının qapısını açdığım zaman o məni