Seçilmiş əsərləri . Федор Достоевский

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Федор Достоевский
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8448-2-5



Скачать книгу

elədim, məktub idi, çoxdan yazılmış, zərfə qoyulmuş, ağzı bağlanmışdı. Xəyalımdan nə isə yaxın, əziz və gözəl bir xatirə gəlib keçdi.

      – Rosina! – deyə hər ikimiz birdən oxuduq, mən sevincimdən az qala onu qucaqlayacaqdım, o yenə qızardı və qara kirpiklərində mirvari dənələri kimi parlayan göz yaşları arasından yavaşca güldü.

      – Hə, yaxşı, yetər! İndi isə əlvida! – deyə o, tez-tez danışmağa başladı. – Bax, bu məktub, bu da məktubu verəcəyiniz yerin ünvanı. Əlvida! Sağ olun! Sabaha qədər!

      O, əllərimi möhkəm sıxdı, başını yellədi və bir göz qırpımında döngənin arxasında yox oldu.

      Mən xəyalımda bir neçə dəfə təkrar elədim: «Sabaha qədər! Sabaha qədər!».

      ÜÇÜNCÜ GECƏ

      Bu gün hava çox kədərli, yağmurlu və mənim qocalıq günlərim kimi günəşsiz idi. Qəribə fikirlər, dumanlı duyğular, qarışıq suallar qəlbimi elə sıxırdı ki, onları həll eləməyə məndə nə qüvvə, nə də həvəs vardı. Yox, mən onları həll etməkdə aciz idim.

      Bu gün biz görüşməyəcəkdik. Dünən ayrılarkən göy üzünü bulud bürümüş və duman qalxmışdı. Mən demişdim ki, sabah pis hava olacaq, o cavab verməmişdi, özü öz ümidini puça çıxarmaq istəməmişdi, onun nəzərində, nə olursa-olsun, bu gün hava işıqlı və aydındı, heç bir bulud onun xoşbəxtliyini örtə bilməyəcəkdi.

      – Əgər yağış yağsa, biz görüşməyəcəyik! – deyib üzümə baxmışdı. – Mən gəlməyəcəyəm.

      Bununla belə, mən onun bugünkü yağışa etina etməyəcəyini düşünmüşdüm. Lakin o gəlmədi.

      Dünən bizim üçüncü görüşümüz idi, üçüncü bəyaz gecəmiz…

      Doğrudan da, sevinc və səadət insanı nə qədər gözəlləşdirir! Ürək necə də dərin bir məhəbbətlə çırpınır! Öz ürəyini mütləq başqa bir ürəklə birləşdirmək, hər şeyin şən və üzügülər olmağını istəyirsən. Bu sevinc nə qədər də yoluxucudur! Dünən onun sözlərində elə bir fərəh duyulurdu ki, mənimlə elə mehriban danışırdı ki… Məni əyləndirmək üçün elə hey gülür, nəvazişlə ruhumu oxşayır, mənə təskinlik verir, məni sevindirməyə çalışırdı. Ah, xoşbəxtliyin nə şirin naz-qəmzəsi olurmuş! Mən isə… Mən isə o dəqiqələrdə bunu düşünməmişdim, onun bu halına başqa məna vermişdim! Elə fikirləşmişdim ki…

      Lakin ya rəbbim, bu fikir mənim ağlıma haradan gəlmişdi? Hər şeyin başqasına aid olduğu bir zamanda mənim korluğuma səbəb nə idi? Hətta onun mənə bu mehribanlığı, qayğısı, məhəbbəti, bəli, mənə bu məhəbbəti, bunların hamısı başqası ilə tez görüşmək sevincindən və həmin sevinclə mənim də könlümü açmaq arzusundan ibarət deyildimi? Kirayənişin gəlmədiyi və biz nahaq yerə onu gözlədiyimiz zaman məgər kədərlənən, özünü itirən və nədənsə qorxan Nastenka deyildimi? Bu vaxt onun hərəkətləri, sözləri öz əvvəlki təravətini, sərbəstliyini, şənliyini itirməyə başlamadımı? Qəribə burasıdır ki, bu anlarda onun mənə diqqəti daha da artmışdı. Elə bil Nastenka, arzusuna çata bilməyəcəyi təqdirdə ona üz verəcək fəlakətə indidən məni də hazırlamaq, sövqi-təbii ilə bu fəlakəti aramızda bölüşmək istəyirdi! Mənim Nastenkam elə ürkək və qorxaq bir hala düşdü ki, deyəsən, nəhayət, mənim də əzab çəkdiyimi, onu sevdiyimi duydu, qəlbimdə gizlətdiyim bu zavallı eşqə acıdı. Bəli, biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss eləyirik; bu hissiyyat dağılmır, bəlkə bir yerə yığılıb daha da möhkəmlənir…

      Mən onun yanına gələndə ürəyim dolu idi, görüş saatını gözləməyə səbrim çatmırdı. Mən bu görüşümüzün necə olacağı, mənə necə təsir edəcəyi haqda qabaqcadan düşünməmişdim və hadisənin tamam başqa şəkildə qurtara biləcəyini heç ağlıma gətirməmişdim. O, böyük bir şadlıq içində idi, cavab gözləyirdi. Bu cavab isə onun sevgilisində idi. O gəlməli idi, Nastenkanın çağırışını eşidib, mütləq gəlməli idi. Nastenka görüş yerinə məndən bir saat əvvəl gəlmişdi. Qabaqca o, hər şeyə gülürdü, ağzımdan çıxan hər söz onu güldürürdü. Mən danışmaq istəyirdim, ancaq bacarmırdım. Nastenka dedi:

      – Bilirsinizmi, mən nə üçün belə şadam? Nə üçün sizi görərkən belə sevinirəm? Nəhayət, nə üçün mən sizi bu gün belə sevirəm?

      – Nə üçün? – deyə soruşdum və ürəyim əsdi.

      – Mən sizi ona görə sevirəm ki, siz məni sevmədiniz, mənə aşiq olmadınız. Başqası sizin yerinizdə yəqin ki, mənə rahatlıq verməzdi, məni təngə gətirərdi, ah-uf eləyərdi, xəstələnərdi… Siz isə elə mehribansınız ki…

      Bu sözləri deyib, əlimi elə sıxdı ki, ağrıdı az qala qışqıracaqdım. O güldü.

      – İlahi! Hansı dost sizin kimi ola bilər! – dedi və bir az sonra çox ciddiyyətlə sözə başladı: – Bəli, sizi mənə allah göndərib. İndi yanımda olmasaydınız, nə eləyərdim? Siz nə qədər təmənnasız adamsınız! Necə də məni ürəkdən sevirsiniz! Mən ərə gedəndən sonra bizim dostluğumuz daha da möhkəmlənəcək, bacı-qardaşdan artıq olacağıq. Mən sizi demək olar ki, lap onun kimi sevəcəyəm…

      Bu anda nə üçünsə yaman kədərləndim, lakin bununla belə ürəyimdə sevincə oxşar bir hiss də oyandı.

      – Siz xəstəsiniz, – deyə mən diqqətlə ona baxdım, – siz qorxursunuz, fikirləşirsiniz ki, o gəlməyəcək.

      Nastenka:

      – Siz allah, bəsdir! – dedi. – Əgər mən çox xoşbəxt olmasaydım, sizin bu etimadsızlığınızdan və tənəli sözlərinizdən bəlkə də ağlardım. Sizin gümanınız, deyəsən, düzdür, məni də şübhəyə saldınız, lakin bu barədə sonra fikirləşərəm. Bəli, etiraf eləyim ki, siz həqiqəti söyləyirsiniz… Bəli! Mən özümü çox yaxşı hiss eləmirəm; bütün varlığım səbirsizlik içində çırpınır və hər deyilənə nədənsə tez inanıram. Eh, hissiyyata qapılmaq haqqında çox danışmışıq, yetər!

      Bu zaman ayaq səsi eşidildi və qaranlıq içərisindən çıxan bir nəfər bizə tərəf gəlməyə başladı. İkimiz də titrədik. Nastenka az qala çığıracaqdı. Mən onun əlini buraxıb getməyə hazırlaşdım. Lakin biz aldanmışdıq. Gələn o deyildi.

      – Nədən qorxursunuz? Nə üçün əlimi buraxdınız? – deyə o yenə əlini mənə verdi. – Tutaq ki, lap elə o özüdür, nə olsun?

      Biz onu birlikdə qarşılarıq… Mən istəyirəm ki, o bizim bir-birimizi necə sevdiyimizi görsün.

      Özümü saxlaya bilməyib, onun sözlərini ucadan təkrar etdim:

      – Bizim bir-birimizi necə sevdiyimizi?!

      Ah, Nastenka, Nastenka! – deyə sonra fikirləşdim. – Sən bu sözlərinlə mənə necə təsir etdiyini bilsəydin! Belə sevgidən bəzi vaxt ürək buz kimi soyuyur və dözülməz bir ağırlıq altında əzilir. Sənin əlin soyuqdur. Mənim əlim isə isti, od kimidir. Nə üçün sən bunu hiss eləmirsən, Nastenka? Ah, bəzən bir adamın xoşbəxtliyi başqa birisinə necə də ağır təsir eləyirmiş! Amma mən sənin haqqında bunu deyə bilmərəm, Nastenka!..»

      Ürəyim