Seçilmiş əsərləri . Федор Достоевский

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Федор Достоевский
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8448-2-5



Скачать книгу

qadınları tanımaq bacarığından məhrum olduğum üçün məni qınamasın; ona hətta öz qadınlıq vəzifəsini öyrətməyə çalışmışam, demişəm ki, qadın gərək mənim kimi bədbəxt bir adamın cəsarətsiz yalvarışlarına biganə qalmasın, nəhayət, mənim bütün tələblərim təkcə bundan ibarətdir ki, qadın məni, heç olmasa, bir qardaş kimi qəbul eləsin, mənimlə mehriban danışsın, halıma yansın, ilk addımda məni rədd etməsin, sözlərimə inansın, danışarkən diqqətlə qulaq assın, əgər kefi istəyirsə, mənə gülsün, ancaq ümidsiz qaytarmasın, ikicə kəlmə, yalnız ikicə kəlmə, təsəlli üçün, söz desin, sonra, əgər istəyirsə, bir daha mənimlə görüşməsin! Siz deyəsən, gülürsünüz. Əslinə baxsan, mən elə sizi güldürmək istəyirdim…

      – İnciməyin, mən ona gülürəm ki, siz öz-özünüzə düşmənçilik edirsiniz, əgər siz, lap küçədə də olsa, sevdiyiniz bir qadına eşqinizi elan eləsəniz, elə bilirəm ki, məqsədinizə çatarsınız; belə işlərdə insan nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Elə bir xeyirxah qadın tapılmaz ki, – əgər o ağıllıdırsa və siz ona yaxınlaşdığınız dəqiqədə çox da əsəbi deyilsə – eşitmək istədiyiniz iki kəlməni sizə söyləməyə cəsarət etməsin… Mən isə o dəqiqədə, bəlkə də, sizi dəli zənn edərdim. Axı, mən özüm də belə vəziyyətə düşmüşəm. İnsanları az-çox tanıyıram!..

      – Ah, təşəkkür edirəm, – deyə mən ucadan səsləndim, – siz öz sözlərinizlə mənə necə təsir etdiyinizi bilsəydiniz!..

      – Yaxşı, yaxşı! Ancaq, deyin görüm, siz mənim belə bir qadın olduğumu… yəni sizin diqqətinizə və dostluğunuza ləyaqətlə cavab verəcək bir qadın olduğumu necə bildiniz? Bir sözlə, demək istəyirəm ki, mənim evdar adlandırdığınız qadınlardan olmadığımı necə təyin etdiniz? Nə üçün mənə yaxınlaşmaq qərarına gəldiniz?

      – Necə nə üçün? Axı, siz tək idiniz, o cənab da həddən artıq cəsarət göstərirdi, bir tərəfdən də gecə vaxtı; özünüz deyin, məgər üzərimə düşən vəzifə…

      – Yox, yox, ondan qabaq, mən sahildə dayananda… Siz deyəsən, mənə yaxınlaşmaq istəyirdiniz?

      – Sahildəmi? Doğrusu, heç bilmirəm necə cavab verim? Qorxuram… Bilirsinizmi, mən bu gün çox xoşbəxt idim. Yol gedə-gedə oxuyurdum; şəhər kənarına çıxmışdım; heç bir zaman özümü belə xoşbəxt hiss etməmişdim. Siz… bəlkə də mənə elə gəldi… hər halda, yadınıza saldığım üçün məni bağışlayın… Mənə elə gəldi ki, siz ağlayırsınız, mən də davam gətirmədim… ürəyim elə sıxıldı ki… Aman, ya rəbbim! Məgər sizinlə danışmaq istədiyim üçün günah iş görmüşəm? Sizin dərdinizə qardaşcasına şərik olmaq qəbahətdirmi? «Sizin dərdinizə» dediyim üçün üzr istəyirəm… Bir sözlə, axı, mənim sizə yaxınlaşmağımda qəlbinizə toxunacaq nə var ki?

      – Bəsdir, kifayətdir, daha danışmayın… – deyə qız gözlərini yerə dikdi və əlimi sıxdı. – Günah məndədir ki, bu söhbəti başladım; lakin mən sizin barənizdə yanılmadığıma çox şadam. Budur, artıq evə çatdım; bu döngədə oluruq, iki addımlıqdadır… Əlvida, təşəkkür edirəm…

      – Məgər… məgər biz bir daha görüşməyəcəyik… Yoxsa tanışlığımız elə bu görüşlə bitir?

      – Görürsünüzmü, – deyə qız güldü, – siz bir az bundan əvvəl yalnız ikicə sözlə kifayətlənirdiniz, indi isə… Lakin, bununla belə, mən sizə heç bir söz deyə bilməyəcəyəm… Kim bilir, bəlkə də görüşəcəyik…

      Dərhal cavab verdim:

      – Mən sabah bura gələrəm. Ah, məni bağışlayın, mən deyəsən, artıq tələb etməyə başlamışam…

      – Bəli, siz çox səbirsizsiniz… Demək olar ki, tələb edirsiniz…

      – Qulaq asın, qulaq asın, – deyə mən onun sözünü kəsdim. – Yenə xatirinizə dəyən bir söz desəm, məni bağışlayın… Amma məsələ belədir, mən sabah bura gəlməyə bilmərəm. Mən xəyalpərəstəm. Həqiqi həyatdan o qədər uzağam ki, bu xoşbəxt dəqiqələri ömrümün ən nadir anları hesab eləyirəm, belə dəqiqələri mən xəyalımda belə təkrar yaşamaya bilmərəm. Mən sizin haqqınızda bütün gecəni, bütün həftəni, bütün ili fikirləşəcəyəm, sabah mütləq bura gələcəyəm, özü də məhz bu dayandığımız yerə, elə bu saatda gələcəyəm, burada dayanıb, bu gecəni xatırlayacaq, yenidən xoşbəxt olacağam. Artıq bu yer mənə çox əzizdir. İndi Peterburqda mənim iki-üç belə əziz yerim var. Mən hətta bir dəfə xatirələrə dalıb, sizin kimi ağlamışam… Kim bilir, bəlkə siz də on dəqiqə bundan əvvəl olub-keçənləri yada salaraq ağlayırdınız… Bağışlayın, mən deyəsən, yenə mətləbdən uzaq düşdüm; bəlkə siz bu yerdə daha xoşbəxt dəqiqələr keçirmisiniz…

      – Yaxşı, – deyə qız diləndi, – mən də sabah saat onda bura gələrəm. Görürəm ki, sizə gəlməyi qadağan edə bilməyəcəyəm… Ancaq iş belədir: mən mütləq bura gəlməliyəm, elə düşünməyin ki, sizinlə görüş təyin eləyirəm; yox, mən bura özüm üçün gəlməyə məcburam, siz isə… Açığını deyim ki, sizin də gəlməyiniz pis olmaz, əvvələn, ona görə ki, bəlkə yenə bu günkü kimi bir hadisə üz verdi, lakin bu o qədər də mühüm məsələ deyil… Xülasə, mən sizi görmək istəyirəm… Çünki sizə deyəcək iki kəlmə sözüm var. Ancaq xahiş edirəm, mənim haqqımda pis fikrə düşməyəsiniz, mənim belə asanlıqla görüş təyin etməyim sizi şübhəyə salmasın. Mən bu görüşü təyin etməzdim, əgər… Yaxşı, qoy bu mənim sirrim olsun! Amma qabaqcadan şərtim var…

      – Şərt? Tez şərtinizi deyin, hər şeyi əvvəlcədən danışın, mən hamısına razıyam, hər şeyə hazıram, – deyə sevinclə səsləndim, – söz verirəm ki, sizə qulaq asım, özümü ləyaqətli aparım… Siz, axı, az da olsa, məni tanıyırsınız…

      – Məhz sizi tanıdığım üçün də sabah görüşə gəlməyinizi istəyirəm, – qız gülə-gülə cavab verdi, – mən sizi lap yaxşı tanıyıram. Lakin görüşə gələrkən şərtimi unutmayın; birinci (çox xahiş edirəm dediklərimi yerinə yetirəsiniz, görürsünüz ki, sizinlə necə açıq danışıram) mənə aşiq olmayın… Bu, mümkün olan iş deyil, sizi inandırıram, dost olmağa hazıram, budur, bu da mənim əlim… Amma aşiq olmaq yaramaz, xahiş eləyirəm!..

      – And içirəm.. – deyə onun əlindən tutdum.

      – Yaxşı, and içməyin, mən sizi tanıyıram, siz barıt kimi alışmağa hazırsınız. Mənim belə danışmağımdan inciməyin, əgər bilsəydiniz… Mənim də söhbət etməyə, məsləhət istəməyə heç kəsim yoxdur. Əlbəttə, dostu küçədə axtarmazlar, lakin siz müstəsnasınız. Mən indi sizi elə tanıyıram ki, elə bil iyirmi ildir dostluq eləyirik. Belə deyilmi? Xəyanət etməzsiniz ki?..

      – Özünüz görərsiniz… Ancaq mən heç bilmirəm, sabahkı görüşə qədər səbrim çatacaqmı?

      – Bərk-bərk yatın. Gecəniz xeyrə qalsın, yadda saxlayın ki, mən artıq sizə inanmışam. Siz bir az bundan əvvəl gözəl sözlər danışırdınız, deyirdiniz ki, doğrudanmı insan hər bir hissi, hətta qardaşlıq məhəbbəti haqqında da başqasına hesabat verməyə borcludur?