Название | Seçilmiş əsərləri |
---|---|
Автор произведения | Федор Достоевский |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8448-2-5 |
Bütün bunlara baxmayaraq, mənim gecəm gündüzümdən daha yaxşı keçdi. Əhvalat belə oldu:
Mən şəhərə döndüyüm zaman çox gec idi, yaşadığım mənzilə çatmağa bir az qalmışdı ki, saat onu vurdu. Mənim yolum Sahil küçəsindən keçirdi, gecənin bu vaxtında burada heç kəsə rast gəlməzsən. Şəhərin ən uzaq hissəsində yaşayırdım. Mən yeriyir və oxuyurdum; heç bir dostu və xeyirxah tanışı olmayan, şad dəqiqələrində öz sevincini heç kəslə bölüşə bilməyən başqa xoşbəxt adamlar kimi mən də xoşbəxt olduğum zaman mütləq bir mahnı zümzümə eləyirəm. Birdən başıma gözləmədiyim qəribə bir hadisə gəldi.
Kənarda, sahil boyu uzanan dəmir sürahiyə bir qadın söykənmişdi; deyəsən, çox diqqətlə çayın bulanıq suyuna baxırdı. Başında sarı, qəşəng bir şlyapa, çiyinlərində isə incə, qara bir mantilya1 vardı. «Bu, gənc bir qızdır, özü də mütləq qarabuğdayıdır», – deyə düşündüm. O gərək ki, addımlarımın səsini eşitmədi, hətta mən, nəfəsimi saxlayıb, şiddətli bir ürək çırpıntısı ilə onun yanından ötdüyüm zaman belə tərpənmədi. «Çox təəccüblüdür, – deyə fikirləşdim, – görünür ki, nə haqdasa dərindən düşünür» və birdən yerimdə donub qaldım. Qulağıma boğuq bir hönkürtü gəldi. Bəli, mən yanılmamışdım: qız ağlayırdı. Həm də yanıqlı-yanıqlı hıçqırırdı. Pərvərdigara! Ürəyim bərk sıxıldı. Qadınlarla münasibətimdə nə qədər cəsarətsiz olsam da, belə bir dəqiqədə!.. Mən döndüm, ona tərəf yönəldim və: «Xanım!» – deyə çağırmaq istədiyim anda birdən bu sözün ali rus cəmiyyətlərinə məxsus romanlarda min dəfələrlə təkrar edildiyini xatırlayıb, özümü saxladım. Amma mən müvafiq bir söz axtarıb tapana qədər qız fikirdən ayıldı, özünü toxdadıb, gözlərini aşağı dikdi və yanımdan ötüb, Sahil küçəsilə getməyə başladı. Mən dərhal onun dalınca düşdüm, lakin o, fikrimi duydu, sahili tərk edib, küçənin o biri səkisinə keçdi. Mən isə o biri səkiyə keçməyə cürət eləmədim. Ürəyim tələyə düşən quş ürəyi kimi çırpındı. Qəfildən bir təsadüf köməyimə gəldi.
Səkinin o tərəfində, tanımadığım qadından azacıq kənarda bir cənab zahir oldu, əynində frak vardı, görünüşündən orta yaşlarında bir kişi idisə də, yerişindən bunu demək olmazdı. O, səndələyərək, divardan tuta-tuta yeriyirdi. Qız isə qorxaq addımlarla, ox kimi surətlə gedirdi. Gecə vaxtı evə müşayiət edilməsini xoşlamayan başqa qızlar kimi, yəqin bu qız da heç kəsin onu ötürməsini istəmirdi. Əlbəttə, özünü ayaq üstə güclə saxlayan fraklı cənab, qıza heç vəchlə çata bilməzdi, lakin mənim bəxtimdən o, ayılan kimi oldu, birdən nə isə düşünüb qızın dalınca qaçmağa başladı. Qız addımlarını daha da sürətləndirirdi, lakin səntirləyə-səntirləyə qızı təqib edən cənab artıq ona çatmaq üzrə idi, çatdı, qız qışqırdı və… Bu anda mən, sağ əlimdəki çəliyə görə taleyimə təşəkkür etdim. Bir saniyə keçməmiş özümü səkinin o tərəfində gördüm, çağırılmamış qonaq, yəni cənab dərhal məsələni başa düşdü, əgər qızdan əl çəkməsə, nəticənin pis olacağını fikirləşdi, dayandı, yalnız biz lap uzaqlaşandan sonra məni çox qəliz sözlərlə hədələməyə başladı. Lakin artıq biz onun səsini güclə eşidirdik.
– Əlinizi mənə verin, – deyə tanımadığım qıza müraciət etdim, – daha o sizə yaxınlaşa bilməz!
O heç bir söz demədən, qorxu və həyəcandan hələ də titrəyən əlini mənə verdi. Ah, çağırılmamış cənab! Mənim bu dəqiqədə sənə necə minnətdar olduğumu bilsəydin! Gözaltı qıza baxdım: o, gözəl və – səhv etməmişdim – qarabuğdayı idi, bayaqkı qorxudanmı, yaxud kim bilir, gizli bir kədərdənmi, qara kirpiklərində yaş damlaları parlayırdı. Lakin dodaqlarında artıq təbəssüm oynayırdı. O da gizlicə mənə baxdı, ötəri qızardı və başını aşağı saldı.
– Bax, görürsünüzmü? Siz əvvəlcə məndən nahaq yerə qaçdınız. Əgər yanınızda olsaydım, heç bir hadisə baş verməzdi.
– Axı, mən sizi tanımırdım, elə bilirdim ki, siz də…
– Məgər indi siz məni tanıyırsınız?
– Bir az. Məsələn, deyə bilərəm ki, siz nə üçün belə titrəyirsiniz.
– Ah, doğrudan da siz məni ilk görüşdə tanıdınız! – deyə heyrətlə cavab verdim, onun belə ağıllı olmağı məni sevindirdi. Ağıllı və gözəl olmaq böyük şeydir. – Bəli, siz ilk baxışda mənim necə bir insan olduğumu bildiniz. Yaxşı başa düşmüsünüz, mən qadınlara münasibətimdə çox cürətsizəm, mübahisə eləmirəm, bir dəqiqə bundan əvvəl naməlum cənab sizi qorxudarkən keçirdiyiniz həyəcanı indi mən də eyni ilə duyuram. Məni nə isə bir qorxu alıb. Elə bil yuxu görürəm, yox, heç yuxuda da ağlıma gəlməzdi ki, mən bir vaxtlar qadınla söhbət edəcəyəm.
– Necə? Ola bilməz…
– Bəli, əgər əlim titrəyirsə, bu o deməkdir ki, hələ indiyədək sizin əliniz qədər gözəl, xırda bir əl mənim əlimə dəyməyib. Mən qadınları tamam yadırğamışam, yəni əslinə baxsanız mən heç vaxt onlara yaxın olmamışam; axı, mən təkəm… Mən hətta qadınla danışmaq qaydasını da bilmirəm. Budur, elə indicə sizinlə söhbət edəndə, bəlkə də ləyaqətsiz danışmışam. Əgər danışmışamsa, açıq üzümə deyin, xəbərdarlıq eləyirəm, mən inciyən deyiləm…
– Yox, yox, əksinə. Ancaq madam ki, siz mənim açıq danışmağımı istəyirsiniz, onda qoyun deyim: qadınlara belə cürətsizlik xoş gəlir; əgər daha açığını bilmək istəyirsinizsə, sizin cürətsizliyiniz mənim də xoşuma gəlir, evə çatana qədər mən sizdən ayrılmayacağam.
Mən sevincimdən özümü lap itirdim.
– Siz mənimlə elə danışırsınız ki, çox keçmədən bu cürətsizlikdən heç əsər də qalmayacaq. O zaman mən sizinlə lap açıq olacağam…
– Açıq? Bu nə deməkdir? Bax, deyəsən, burada çaşdınız…
– Bağışlayın, bilmədim, ağzımdan qəfil çıxdı, axı belə bir dəqiqədə kim istəməz ki, hər vasitə ilə özünü sizə…
– Bəyəndirsin, eləmi?
– Bəli,
1
Çiyin şalı