Ədəbiyyatsız dünya. Коллектив авторов

Читать онлайн.
Название Ədəbiyyatsız dünya
Автор произведения Коллектив авторов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

O yazır ki, Viktor Hüqonun “uşaq saflığını qoruyub saxlamış prenses”in bədbəxtlikləri haqda açıq-saçıq şərhlərinin və zarafatlarının mənası nədir? Və Lamar-tin Şatobrianın bir dəfə roman müəllifindən “möhtəşəm uşaq” kimi bəhs etməsini də xatırlayır.

      Lamartin bohem şagirdlərlə – aralarında Fantina da var – gənc aşiqlərdən bəhs olunan hissəni də fiasko sayır. Tenardyenin qızlarının yellənçəkdə yellənmə səhnəsini bəyənir, amma Kozettanın anasının başına gələn bədbəxtlikləri – xüsusilə dişlərini və saçlarını satmasını – melodramatik və saxta hesab edir. Onun fikrincə, roman “bərbadlaşdıqca süniləşir.”

      Lamartin deyir ki, müsyö Madlenin katorqaya göndərilməsi ehtimaldan kənardı: “Dünya bu cür deyil.” O, Hüqonun Kombron tərəfindən dilə gətirilən “merde” sözünü (merde – “pox” deməkdir) açıqca yazmasına və üstəgəl, bu sözə fransız dilindəki “ən gözəl” söz deməsinə ən çox əsəbləşən tənqidçilərdən biridir: “Təhkiyəçi təhqirlə əzəmətli olanı bir-birinə qarışdıraraq müvazinətini itirir.”

      “Bu əsər dərdini açıqca ifadə edə bilməyən və buna görə də taleyə “pox” deyən qəzəbli kütlənin əsas instintiklərinə yarınmaqla məşğuldur. Bu, hər şeyi bərabər tutmaq cəhdi ilə əsgəri və xalqı ölümsüz bir əsərdən məhrum qoymaq əvəzinə… iyrəncləşən qrammatik demaqoqiya nümunəsidir.”

      Lamartin üçün romanın şəbəkəvari bədii elementləri ən zəif hissələrdir: “Dram məqsədilə başdansovdu şəkildə uydurulmuş hadisələrlə dolu bütün qurama hissələr romanın zəif nöqtələridir. Yazıçının nə vaxt bir xarakterə ehtiyacı olsa, nağıllarda, ya da Volterin hekayələrindəki kimi, hardansa tez-bazar xarakter tapır və həmin xarakter də ağlasığmaz şəkildə yazıçının bu dəvətinə itaət edir.”

      Lamartin Hüqonu boşboğazlıqda, “dəxlisiz informasiyalar sərgisi” yaratmaqda ittiham edir. O, Marius obrazında Hüqonun cavanlığını görür və Mariusla Kozettanın flirtini müəllifin yazdığı “ən sevimli sevgi səhnəsi” sayır. Lakin Sen-Deni küçəsində baş verən hadisələrin “əfsanəvi” adlandırılmasını cəfəng hesab edir, çünki bu “heç bir fikri, heç bir tətbiqi metodu, bəyan etdiyi və müdafiə edə biləcəyi heç bir məqsədi olmayan… avara tələbələrin epik fantaziyasından ibarətdir.”

      O, Sen-Deni “əfsanəsi” söhbətinə əlavə edir ki, asilər heç kimin müəyyən edə bilmədiyi, anlaşılmaz bir şey üçün savaşırlar: “Qanuni monarxiya yox, 1830-cü ilin çökmüş krallığı yox, cümhuriyyət də yox, bəs nədir, mən də bilmirəm, amma bəzən demokratiya, bəzən ideallar, əslində isə qırmızı bayraq.”

      Sözün qısası, Lamartin üçün “Səfillər” romanı ictimai-siyasi “xülyalarla” doludur, Hüqonun bu “uydurmalara” gerçəyə oxşarlıq qazandıran müdhiş istedadı və poetik gücü olmasa, bu hekayə ayaq üstə dura bilməyəcək qədər dramatik, mübaliğəli və qorxuncdur.

      Lamartin bu fikirlərə söykənərək o qənatə gəlir ki, romanın “hədsiz idealizmi” bəzi insanlar üçün “təhlükəli”dir: “Bu kitab təhlükəlidir, harmonik cəmiyyəti hədsiz dərəcədə təhdid edir və beləcə, onu idealın dalınca düşmək üçün küyləyir, onu korlayır. Ağılsızlara imkansıza çatmaq ehtirası verir: imkansız olana bəslənən arzu kütlələrə aşılanası ən qorxunc və öldürücü arzudur. Çünki “Səfillər”də arzulanan şeylər qeyri-mümkündür və ən böyük yalan bütün ağrılarımızın yox olacağıdır.”

      “Əgər bir insanı aldatsanız, onu dəliyə döndərərsiniz; əgər icazə versəniz ki, insan idealların müqəddəs çılğın-lığından çıxıb təzədən bədbəxtliyin qupquru çılpaqlığına qayıtsın, onu qəzəbli bir dəliyə çevirərsiniz.”

      Lamartin son sözlərində birbaşa müəllifin “sərhədsiz inkişafın” mümkünlüyünə inanmasına hücum çəkir və yazır ki, bu cür optimizm “nəsnələrin gücünü”, yəni insan təbiətinin daxili sərhədlərini göz ardı etməkdədir.

      Lamartinin ədəbi tənqid kimi başlayan araşdırması – XVI əsrdə ispan inkvizisiyasının amerikan koloniyalarında roman çapını yasaqlayarkən istifadə etdiyi arqumentlərlə təxminən eyni olan – bütövlükdə roman janrını “kütlələrin” sabitliyini pozmaqda ittiham etdiyi sosio-politik qınaqla bitir.

      Deyir ki, roman kütlələrə sıravi fanilərin çata bilməyəcəyi arzular, ideallar aşılayaraq onları üsyanın, ictimai narahatlığın qaynağına çevirir. Lamartin olduqca uzun məqaləsində iynəli sözlərini konkret bir hədəfə: müəllifin fövqəladə istedadı sayəsində Jan Valjanın qeyri-adi əxlaqi alicənablığına və fədakarlığına, ya da Monsenyor Benevünün mələklərə xas olan yaxşılığına (ikisi də romantik “irreallıqlardır”) malik olmağın mümkünlüyünə oxucularını da inandıran bu ağlasığmaz bədii əsərə, yəni “Səfillər”ə yönəltdiyini düşünür. Ancaq onun arqumentləri bütün uğurlu bədii nümunələr üçün, hətta “Səfillər” əzəmətində olmayan əsərlər üçün belə keçərlidir, çünki inandırıcılıq gücü sayəsində bədii gerçəklik oxucunu öz dünyasından daha harmonik, daha gözəl, daha mükəmməl, ya da sadəcə daha az darıxdırıcı və daha az ağrılı bir dünyaya aparır. Lamartinin fikrincə, romanla ovsunlanan oxucular əsər bitəndən sonra sehrin pozulduğuna və yaşadıqları həyatın xəyallarındakı qədər yaxşı olmadığını görəndə “dəliyə” dönəcəklər və onlar qəzəbli üsyankarlara, oturuşmuş cəmiyyətin düşmənlərinə çevriləcəklər.

      Lamartinin Hüqoya yanaşması, tarixçi Erik Hobsbaumun fikrini xatırladır, o yazır ki, alman şahzadələrinin öz təbəələrində görməkdən ən çox qorxduqları şey “şövq”-dür, çünki onların fikrincə, üsyanın, xaosun kökündə “şövq” var. Lamartin və alman şahzadələri təbii ki, haqlıdırlar. Məqsəd cəmiyyəti qatı sərhədlər içində, ulduzlar və qatar cədvəlləri kimi dəyişməz bir sistemin parçası kimi saxlamaqdırsa, onda “şövq”, ya da uğurlu bədii mətnin yaratdığı ötəri əfsun əlbəttə ki, güclü düşmən sayılacaq, həyatın nizamını alt-üst edən, şübhə və nifaq toxumları əkən, tənqidi düşüncəni təşviq edən qarşısıalınmaz bir ünsür kimi, ictimai strukturda müxtəlif çatlar aça biləcək bir element kimi görüləcək.

      Lamartin “imkansız olana bəslənən arzu”nu kütlələrə yoluxa biləcək təhlükəli bir xəstəlik saymaqda haqlı idi, çünki öz həyatında bu arzunun bədəlini ödəmişdi. Həyatı boyu o və Hüqo dost münasibətlərini, qarşılıqlı hörməti saxlamışdılar. Məsələn, “Səfillər”in müəllifi Fransız Akademiyasının üzvlüyünə hər müraciət edəndə, onun sponsorlarından biri Lamartin idi. Beşinci cəhddə qəbul olundu. Onların bir-birilə yazışmalarında dostyana münasibətləri və bir-birinin işinə bəslədikləri heyranlıq aydın şəkildə görünür. Xeyli ortaq cəhətləri vardı: istedad, yazmaq bacarığı, siyasət sevgisi və ictimai nüfuz, ikisinin də ömrü boyu girişdikləri işlərin çoxunu uğurla yekunlaşdırması. Ancaq La-martin siyasi gücün zirvəsinə çıxmış, Hüqo isə bunu heç vaxt bacarmamışdı. Lamartin 1848-cı ilin fevralında, Lui Filipin tənəzzülü ərəfəsində Fransanın sivil qəhrəmanlarından biri idi və yeni elan edilmiş müvəqqəti hökümətin başına keçmişdi. Eyni zamanda, ilk milli məclis üçün