Название | Ədəbiyyatsız dünya |
---|---|
Автор произведения | Коллектив авторов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Sonrakı illərdə də dönə-dönə qayıdıb yenidən oxuduğum bu hekayələr, ordan-burdan vərəqləyərək, çox vaxt da ən gözlənilməz anda gülərək xatırladığım bu kitablar, hər dəfə məndə Aziz Nesindəki diqqətin və müşahidə gücünün bitib-tükənməz diriliyinə, oynaqlığına, müxtəlifliyinə qibtə hissi yaradırdı.
Onun ən böyük uğuru da budur: dünya ədəbiyyatında yaşadığı şəhərin və ölkənin həyatına, insanlarına bütün detalları ilə bu dərəcədə şahidlik edən və bu qədər də rahat oxunan çox az yazıçı var.
Xüsusilə “Demokrat Partiyası”ının hakimiyyətdə olduğu ilk illərdən başlayaraq, 70-ci illərin sonuna qədərki 30 illik dövrün İstanbul və Anadoludakı bütün qəhrəmanları – bütün idarə məmurları, yeni zənginlər, işsizlər, fırıldaqçı siyasətçilər, taksi şoferləri, sosyete qadınları, əsgərlər, hərbi çevriliş istəyənlər, məhkumlar, cinayətkarlar, namus düşmənləri, pavilyon qadınları, kənd muxtarları, futbolçular, ziyalılar, ağalar, şeyxlər, imamlar, xırdavatçılar, dələduzlar, oğrular və ağla gələ biləcək hər peşədən, hər cinsdən, hər xarakterdən insanlar, eynilə bəzi Osmanlı surnamələrində olduğu kimi, onun kitablarında öz əksini tapıb.
Heç bir türk yazıçısı bu 30 illik dönəmdəki İstanbul həyatının detallarına Aziz Nesinin göstərdiyi qədər əhatəli və ağıllı diqqət göstərməyib. Aziz Nesinin romandan daha çox qısa hekayə yazması, onu həyatdan birbaşa aldığı materialı böyük bir əhvalatın içinə bütöv şəkildə bağlamaqdan xilas etmiş və beləcə, maraqlandığı, sevdiyi və ağıllı formada ifadə edə biləcəyi hər şeyi yazıya çevirə bilmişdi.
Kitablarını təzədən oxuyanda, vərəqləyəndə – bunu tez-tez edirəm – ən çox onun gündəlik həyatın hər detalına, hər mövzuya belə tez girə bilməyinə heyrətlənirəm. Bir də bu qədər asan oxuna bilməsinə, hər növdən oxucunun diqqətini çəkəcək maraq ünsürünü daim diri tuta bilməsinə…
Bilirəm ki, bu böyük yaradıcılığın arxasında yazıçılığın təsirlənməkdən çox, zəhmətlə, işləməklə bağlı olduğunu başa düşən hamının görəcəyi kimi, bənzərsiz bir yazmaq enerjisi və istəyi var. Aziz Nesin həmişə, hər vəziyyətdə daim yazardı; o, qərara gəlmişdi ki, yaradıcılığının əksər hissəsində mətbəələrin və çap maşınlarının hərəkətinə çatmağa məcbur olsa da, bu, yazılarının dəyərindən vaz keçmək üçün bəhanə deyil.
Bir dəfə birlikdə Fransaya səyahət etmişdik. Bir otelə girdik, yanaşı otaqlara yerləşdik. Üç-dörd dəqiqə sonra, hansısa bəhanə ilə qapısını döydüm, qapını açanda gördüm ki, əlində qələm var. Xatırlayıram ki, qapını açanda qələmi niyə masaya qoymayıb əlində qələmlə qapını açması haqda uzun-uzun düşünmüşdüm. Sonralar köhnə bir köşə yazısında, əski və unudulmuş köşə yazarlarından olan Mahmud Sadiqdən bəhs edən bir cümlənin Aziz Nesinin beyninə necə “mismarlandığını” oxuyacaqdım: “Mahmud Sadiqin əlində qələm altıncı barmaq olmuşdu.” Həmin yazısına belə davam edirdi: “Nə vaxt bu bənzətməni xatırlasam, əlimdəki qələmə baxıram, ürəyim yanır.”
Amma işləmək onun üçün ürək yanğısından çox həyatın qəddarlığına qarşı inada, həyata qarşı qazanılmış bir qələbəyə çevrilmişdi. Ən pis zamanlarda belə onu edilməsi mümkün şeyləri araşdırmağa təşviq edən ümid də, ağıllı düşmənlərini heyran qoyan cəsarət və özünəinam da, düşünürəm ki, öz gücünü tanımaqdan irəli gəlirdi. Daim işləyə bildiyi üçün və bəzi insanların cihazlara, bəzilərinin sevgiyə inandığı kimi, yazıya inandığı üçün, həyatın mənası və məqsədi onun gözündə həmişə alışıb yandı.
Buna görə də başqalarının qərarsız qaldığı, gördüklərinə inanmadığı, dostların və ya qrupun şahidliyinə, yaxud dəstəyinə ehtiyac duyub çaş-baş qaldığı vaxtlarda, o qabağa çıxıb özünəinamla ilk reaksiyanı verirdi. Düşündüyünü açıq-aydın ifadə etmək imtiyazının ancaq cəsurlara buraxıldığı bir ölkədə Aziz Nesin çox az yazıçıya nəsib olan cəsarətin ləzzətini alırdı.
Özü susanda, başqalarının da susduğunu, ya da səsinin eşidilmədiyini anlayır, cəsarətinin başqalarında haqlı və faydalı bir utanc hissi yaratdığını görürdü. Düşünməklə cəsarətin yavaş-yavaş bir-birinə qarışdırıldığı ölkədə düşüncədən qabaq cəsarəti hərəkətə keçirmək lazım olduğunu anlayır və başqaları deyəndə vecə alınmayan xeyli məsələnin o dillənəndə bu və ya digər şəkildə aktivləşdiyini bilirdi. Xeyli ictimai problemin sövqi-təbii təslimçiliklə dövlət tərəfindən həll olunmasını gözləmək kimi, intellektual və siyasi həyatla əlaqədar bütün problemlərin də oxşar şəkildə, elə bil, etibarnamə ilə özükimilərə, bəzən isə təkcə öz boynuna düşdüyünü hiss edirdi. Qısa hekayələrində cəsur yazıçıya daha çox cəsarət təklif edən, ondan daha da irəli getməsini istəyən, onu ölçüsüzcəsinə tərifləyən, amma özü nə ət, nə balıq olan, səsini heç vaxt çıxarmayan vətəndaş tiplərindən xeyli bəhs edib.
Mən də çoxları kimi, onun açıqsözlülüyünün və yaradıcı dəlisovluğunun doğurduğu cəsarət, şərəf məsələləriylə bəzən həyəcanlı şəkildə maraqlansam da, məni ona bağlayan əsas şeyin, bəzən xəstəlik dərəcəsinə çatan marağımın kökündə, onun yazıçılığı, yazıçılıq intizamı durur. Hər şeyi yazmaq istəyi! Arxada böyük bir əsər qoymaq ehtirası! Hamının bildiyi, amma bildiyini bilmədiyi həqiqətləri parlaq şəkildə, bir cəhddə deyə bilmək xəyalı… Bütün bunları kitablara, kitab rəflərinə daşımaq zövqü…
Həmişə xəyal etmişəm ki, Aziz Nesinin və onun necə işlədiyini öyrənməkdən zövq aldığım gündəlik məişət vərdişlərinin – gizlətməyin, yığmağın, dosyeləşdirməyin, bir gün karıma gələr deyə qırağa qoymağın, yazıya optimist və faydaçı rakursdan yanaşmağın arxasında bu istəklər durur. O bütün bunları səbrlə, çalışqanlıqla, həvəs və ləzzətlə edərkən, ortalığa modern türk ədəbiyyatında tayı-bərabəri olmayacaq qədər geniş, əhatəli, zəngin və oxunması ləzzət verən əsərlər qoydu. Həmişə qəzəbli və həmişə gülümsəyən əsərlər.
ALBER KAMÜ HAQQINDA
Əlbəttə ki, yazıçılara əvvəlcə yazdığı kitablara görə heyran oluruq. İllər keçdikcə, o kitabları ilk dəfə oxuduğumuz dövrlə, günlə bağlı xatirələrimiz və kitabın bizdə yaratdığı, əvvəlcə fərqinə varmaq istəmədiyimiz həsrət və başqa duyğular, həmin kitabı ilk dəfə oxuyanda içimizdə yaranan heyranlıqla birləşir. Artıq həmin yazıçıya təkcə bizə dünyanın içimizə sirayət edən bir rəsmini təklif etdiyi üçün yox,