Название | Keçmişdən gələn səslər |
---|---|
Автор произведения | Болеслав Прус |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Aydın məsələdir ki, daha sərfəlidir. Meşədən fayda böyük deyil, amma, hər halda, bir az odun var, mal-qara da yayda qidalanır və buna görə heç kəsə heç nə ödəmirsən. Torpağa görə isə – nə qədər çoxdursa, zəhmət çək, nahiyəyə bir o qədər çox ödə.
– Görürsən, öz xeyrini necə yaxşı başa düşürsən! Onda icazə ver, mən də özümkünü başa düşüm və əgər sənə atlar lazımdırsa, mehtərə üç manat ver.
– Pan, bu sizin son sözünüzdürmü? – Qayda belə soruşdu.
– Sonuncudur. Kim bilir, bəlkə gələn il burda artıq alman ağalıq edəcək – o tarlanı korlamağa görə sizin sonuncu köynəyinizi də çıxaracaq.
Qayda qoltuğuna əl atdı və əsən əlləri ilə dəri pulqabısını çıxardı.
– E, qoy alman olsun, hamısı birdir! Cənab pan, siz də mənim sonuncu köynəyimi çıxardınız… Alın! – O, skamyaya üç manat qoydu. – Qızımın qabırğalarını sayacağam, xatırlayacaq…
– Bax, bax, düzdür, onun qabırğalarını gərəkdiyi kimi say, qoy bilsin ki, özgəninkinə toxunmaq olmaz! – mülkədar gülüşlə belə dedi.
– O, mehtəri səslədi və ona üç manat verərək, Qaydanın atlarını buraxmağı tapşırdı. Sonra otaqlara getdi.
O, qapının arxasında yox olanda Qayda ardınca yumruğu ilə hədələdi. Gözlərini daim kəndlidən çəkməyən Anelka da onun sifətinin necə dəhşətli olduğunu gördü.
“Qızımın qabırğalarını sayacağam, – onun sözlərini fikrində təkrar edir və bütünlüklə əsirdi. – Zavallı Maqda!”
Maqdanın taleyi barəsindəki fikir Anelkaya rahatlıq vermirdi. Onu xilas etmək lazım idi. Amma necə?
Ananın köməyinə hesab götürməyə dəyməzdi – Indi anasında Qaydanı yumşaltmaqdan ötrü ona qaytarmaq lazım olan üç manat tapılmaz. Bəlkə, atasının yanına getsin?
Amma atasının kasıb xalasını necə qəbul etdiyini, onun son sözlərini xatırladı – axı indicə Qaydanı Maqdanı döyməyə qızışdırmışdı! – və atasının yanına getmək fikrindən imtina etdi. Instikt atasının onun Maqdaya şəfqətinə yalnız güləcəyini dedi.
Eyvandan sağda, istixanaların arxasında xidmətlər: anbarlar, pəyələr və tövlələr yerləşirdi. Qayda və mehtər də atların ardınca ora getdilər. “Bir neçə dəqiqə sonra o, evə qayıdacaq və Maqdanı döyəcək! Görəsən, indi qız nə fikirləşir?” – deyə Anelka həyəcanlandı.
O, həyətdən keçdi, sola, istixanaların arxasına döndü və ta yola qədər uzanan barıya tərəf qaçdı. Barının yanında qız, Qaydanı gözləyərək, dayandı. Onunla qarşıdakı söhbət də, Maqdanı hədələyən təhlükə də, nəhayət, atasının onu burda görməsi qorxusu da qızı həyəcanlandırırdı.
Nəhayət, o, at dırnaqlarının xırda taqqıltısını və kəndlinin ağır addımlarını eşitdi. Çəpərdə bir tamasa sınmışdı. Anelka onu kənara hərəkət etdirərək, keçdi, əl və ayaqlarını dalatmaqla, gicitkan bitmiş qanovdan ötdü və Qaydanın yolunu kəsdi. O, əmr etmək üçün doğulmuşdu, – ancaq xahişə gedirdi.
Qayda onu görərək, dayandı və mülkədar qızının saralmış sifətinə və qorxmuş göy gözlərinə qaşqabaqla baxdı.
– Ağa! – Anelka güclə eşidilməklə dilləndi.
– Nədir? – deyə Qayda qırıq-qırıq soruşdu.
– Ağa, siz Maqdanı döyməyəcəksiniz, doğrudurmu? Döyməyəcəksiniz?
Kəndli hətta səndələdi.
– Lütfən … məni dinləyin! O elə balacadır və atlar elə böyükdürlər ki, onlarla necə bacara bilərdi? O mənim çiynimdəndir… Bəs əlləri necədir, görmüsünüzmü? Elə əllərlə atları necə saxlayaydı? Yəqin, onlardan qorxur… Əgər at məndən qaçsaydı, yalnız ağlayardım, başqa heç nə… Maqda, bəlkə də, onların ardınca qaçıb, amma… Əgər at onu dırnaqları ilə şıllaqlasaydı, yəqin, onu öldürərdi…
Qaydanın sifətində qorxu ilə sərhədlənən heyrət oxunurdu. Anelkanın baxışı, səsi, hər bir jesti dəhşətli nəhəngin özünü itirəcəyi dərəcədə hissi qüvvə ifadə edirdi.
– Onu döyməyin! – deyə Anelka birləşdirdiyi əllərini ona uzadaraq xahiş etdi. – Siz belə qüvvətlisiniz, o isə zəifdir. Onu möhkəmcə tutsanız, boğa bilərsiniz! Indi o sizdən necə də qorxur! Yəqin pəncərənin yanında əyləşib və gəlib-gəlmədiyinizi dinləyir… Həm ağlayır, həm də bütünlüklə titrəyir… Axı nə etsin? Atlar günahkardır, ancaq onu döyəcəklər… Nəyə görə?
– Anelka! Anelka! – bağdan panna Valentinanın səsi eşidildi.
Anelka bir anlıq susdu və az qala ümidsizliklə ətrafa boylandı. Amma birdən, sanki, ağlına xoşbəxt fikir gəlmiş kimi, tələsik yaxalığının altından qızıl medalyonunu çölə çıxardı və boynundan götürdü.
–Budur. Baxın, Qayda… Bu allahın anasıdır… o, qızıldandır və Romada qüdsiləşdirilib. Bu, anamın hədiyyəsidir… O, bahalıdır, olduqca, üç manatdan daha artıq bahalıdır. Anam onu mənə bağşlayıb və bütün həyatım boyu daşımağı tapşırıb. Amma siz onu götürün, yalnız Maqdanı incitməyin!
Medalyonu əllərində sıxmış bu balaca qız kəndlinin gözündə o qədər böyüdü ki, qarşısında ksöndz müqəddəs hədiyyələrlə dayanmış kimi, şapkasını çıxardı və dərindən təsirlənərək dedi:
–Pan qızı, öz müqəddəs şəklini gizlət. Axı mən hansısa qeyri-xristian deyiləm, belə şeylərlə alver etmirəm.
–Anelka! Anelka! – deyə pani Valentina səsləyirdi.
–Bəs Maqdanı döyməyəcəksiniz?
–Döyməyəcəyəm.
–Yəqin ki, yox?
–Allah qorusun! – Qayda yumruğunu sinəsinə çırpdı.
–Həm də heç vaxt?
–Heç vaxt balaca uşaqları vurmayacağam, yoxsa, allah cəzamı versin.
–Anelka!
–Onda görüşənə qədər! Sağ olun! – Anelka çəpərə tərəf geriləyərək, ona hava öpüşü göndərdi.
Kollarda xışıltı sakitləşən kimi kəndli dayanıb, onun ardınca baxırdı. Sonra xaç çəkdi və dua mızıldandı. Bu dəqiqə onu arxaya, keçmişə apardı, birinci dualanmasını xatırladı və ürəyi güclü şəkildə döyündü. O, gözləri qarşısında möcüzə baş vermiş insan kimi özünü itirmişdi.
Başını aşağı salaraq və şapkasını hələ də əlində tutaraq, asta-asta evə addımladı və döngədə yox oldu. Xalqın qəlbi – qranit altındakı alovdur.
SƏKKİZİNCİ FƏSİL
Artıq bildiyimiz kimi, panna Valentinanın qəlbi, bir qədər qurumuş olsa da, tam ölməmişdi. Onda nə vaxtsa yolunun üstündə rast gələcək və həyatında olmuş bütün acılara görə isti