Название | Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922 |
---|---|
Автор произведения | Fərhad Cabbarov |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Cənubi Qafqaz ətrafında gedən fəal beynəlxalq mübarizənin fonunda bölgənin özündə mürəkkəb hadisələr cərəyan edirdi. Seymin bütün fraksiyalarının yalnız öz maraqlarını təmin etməyə çalışması son nəticədə onsuz da zəif olan Cənubi Qafqaz federasiyasının dağılmasına gətirib çıxardı. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. Milli hökumətin əsas vəzifələrindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Bakının bolşevik işğalından azad olunması idi. Bu işdə Osmanlı dövləti Azərbaycanın dayağı oldu. İki dövlət arasında 1918-ci il 4 iyun müqaviləsinin imzalanmasın-dan sonra Osmanlı dövləti Azərbaycan Cümhuriyyətinin ölkə ərazisində, o cümlədən, Bakıda hakimiyyətinin bərqərar edilməsi istiqamətində yardım göstərməyə başlamışdır.
V.Lenin hökuməti bilirdi ki, Osmanlı-Azərbaycan yaxınlaşması son nəticədə Bakı məsələsində bolşeviklərlə toqquşmaya gətirib çıxaracaqdır. Buna görə Sovet Rusiyası Bakını əldə saxlamaq üçün diplomatik və hərbi tədbirlər görməyə başladı. Almaniya ilə Türkiyə arasında ziddiyyətlərdən istifadə etməyə çalışan V.Lenin 1918-ci il mayın 24-də S.Şaumyana yazırdı: “…Bakının beynəlxalq vəziyyəti çətindir. Buna görə də məsləhət görərdim ki, Jordaniya [Gürcüstan milli hökumətinin başçısı Noy Jordaniya – F.C.] ilə ittifaqa girməyə cəhd edin. Əgər mümkün deyilsə, onda hərbi cəhətdən möhkəmlənənədək manevr etmək və qərar çıxarılmasını ləngitmək lazımdır. Vəziyyəti ağıllı-başlı nəzərə almalı və qərar çıxarılmasını ləngitmək üçün diplomatiya işlətməli – bunu yadda saxlayın…”109 Məktubda səsləndirilən tövsiyələrə uyğun olaraq, S.Şaumyan iyunun 6-da N.Jordaniyaya müraciət edərək, guya Cənubi Qafqazın müstəqilliyini türklərin hücumlarından qorumaq üçün sovetlərə kömək göstərilməsini ondan xahiş etmişdir. S.Şaumyan həmçinin zəmanət verirdi ki, əgər Gürcüstan türkləri öz ərazisindən Azərbaycana buraxmasa, onda Sovet Rusiyası Cənubi Qafqazda öz hakimiyyətini bərqərar etdikdən sonra gürcülərə muxtariyyət verə bilər.110
Türklərin Azərbaycan ərazisində sürətlə irəliləməsi həm Rusiyanın, həm də Almaniyanın maraqlarına zidd idi. Əgər Rusiya neft Bakısını itirməkdən qorxurdusa, Almaniya türklərin Azərbaycan qüvvələri ilə birgə şəhəri ala biləcəyinə inanmırdı. Almanlar ehtiyat edirdilər ki, döyüş əməliyyatları vaxtı neft mədənləri məhv ola bilər. Berlin çətin vəziyyətə düşmüşdür: birincisi, 27 aprel 1918-ci il müqaviləsinə görə, Azərbaycan Almaniyanın nüfuz dairəsinə keçmişdir. Lakin Osmanlı dövləti Azərbaycana hərbi və siyasi yardım göstərməkdə davam edirdi. İkincisi, türklərin fəallığı ilə yanaşı alman hökuməti Bakıda sovet hakimiyyətinin mövcudluğu, həmçinin Brest-Litovsk müqaviləsinin tələbləri ilə də hesablaşmağa məcbur idi. Üçüncüsü, alman komandanlığı narazı idi ki, türk qoşunları Şimali İranda ingilislərlə mübarizə adı ilə şərqdə cəmləşib özlərinin qərbdəki mövqelərini zəiflədiblər. Almaniyanın hakim dairələrində həmçinin anlayırdılar ki, Türkiyənin bölgədə nüfuzu artdıqca Qafqazda Almaniya-Osmanlı rəqabəti daha da kəskinləşəcək.111
Almaniya ilə Osmanlı dövləti arasında Qafqaza, o cümlədən Azərbaycana münasibətdə fərqli yanaşmalar və ziddiyyətlər 1918-ci il iyunun sonunda keçirilməsi nəzərdə tutulan İstanbul konfransında özünü qabarıq şəkildə büruzə verdi. Dördlər İttifaqı və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətləri arasında siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərin müzakirəsinə həsr olunmuş konfransda iştirak edən Azərbaycan nümayəndələrinin – Məhəmmədəmin Rəsulzadənin, Xəlil bəy Xasməmmədovun və Aslan bəy Səfikürdskinin Osmanlı hərbi naziri Ənvər paşaya ünvanladıqları məktubdan göründüyü kimi, onlar Bakının azad edilməsi işində daha da qətiyyətli addımların atılmasını gözləyirdilər. Məktubda deyilirdi: “Müsəlmanların maddi və mənəvi zənginliyinin mərkəzi olan Bakı isə bolşeviklərin əlinə keçmiş və ağlagəlməz bir surətdə dağıdılmışdır. Biz şəhərin tezliklə azad edilməsini acizanə şəkildə sizdən xahiş edirik. Ötən hər gün bizə böyük bədbəxtliklər gətirir. Bir həftə də yubansaq, Cənubi Qafqazda bir çəllək də neft qalmayacaq, neft olmadığından sizin istifadə etmək istədiyiniz dəmir yolu öz hərəkətini dayandıracaq, bolşeviklər tərəfindən həbs olunmuş bütün ziyalılar və kapitalistlər vəhşicəsinə məhv ediləcəklər. Biz təxirə salınmadan ora hərbi kömək göndərilməsini rica edirik.”112
İstanbul konfransı zamanı almanlara məlum oldu ki, Türkiyənin müdafiə və yardım etdiyi Azərbaycan hökuməti Bakını heç kimə güzəşt etmək fikrində deyil. Hətta Sovet Rusiyasının Bakı Xalq Komissarları Sovetini müdafiə etməsi və dəstəkləməsi Almaniyanın RSFSR nümayəndələrinin İstanbul konfransına dəvət edilməsi təşəbbüsünü irəli sürməsinə də səbəb olmuşdur. Lakin Osmanlı dövlətinin buna qarşı çıxması təklifin gerçəkləşməsinə imkan verməmişdir.113
Beləliklə, son məqsəddən asılı olmayaraq, həm Rusiyanın, həm də Almaniyanın maraqları Türkiyəyə mane olmaq məsələsində üst-üstə düşürdü. Bu amil iki ölkənin bir-biri ilə yaxınlaşmasına və Bakı məsələsində Rusiya-Almaniya sövdələşməsinə təkan verdi. Almanlar anlayırdılar ki, “Bakı problemi”nin açarı Sovet Rusiyasının əlindədir. Almaniyanın İstanbuldakı konsulu öz hesabatında yazırdı ki, bolşeviklər Bakını əldə saxlayırlar və buna görə çox güman ki, şəhəri almaq mümkün olmayacaq. Konsul Bakı məsələsində Rusiya ilə danışıqlara getməyi məqsədəuyğun hesab edirdi: “Ümumiyyətlə, türklərin Bakını ala bilməsi şübhəli görünür; çox güman ki, onlar orada bolşeviklər tərəfindən əsaslı şəkildə məğlub ediləcəklər – bunu arzulamaq lazımdır. Əgər biz bolşeviklərlə razılaşsaq, onda Bakının neft mənbələri və neft ehtiyatları tam və zərər çəkmədən bizim əlimizə keçəcək. Əgər gözləntilərin əksinə olaraq bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar, onda
107
Людендорф Э. Мои воспоминания о войне 1914-1918 гг.: Т.2. Москва, 1924, с. 187.
108
Пипия Г.В. Германский империализм в Закавказье в 1910-1918 гг. Москва, 1978, с. 101.
109
V.İ.Lenin Azərbaycan haqqında, s. 126.
110
Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı, 2009, s. 106.
111
Пипия Г.В. Göst. əsəri, s. 124..
112
Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 114.
113
Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin…, s. 117.