Название | Minima Moralia |
---|---|
Автор произведения | Теодор В. Адорно |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8077- 9-2 |
41
Daxildə və xaricdə – Təəssüb, tənbəllik və mənfəət hesabları fəlsəfənin getdikcə darlaşan bir akademik xəndəkdə səndələyə-səndələyə irəliləməsinə hələ də imkan verir: ancaq orada belə onun yerinə təşkilatlanmış tavtologiyanı qoyma cəhdlərinin artdığını görmək çətin deyil. Maaşlı dərinlik çarxına girənlər eynilə yüz il əvvəl olduğu kimi karyeralarını borclu olduqları həmkarları qədər sadəlövh olmağa məcbur qalırlar. Ancaq belə bir məcburiyyətdən – və bunun nəticəsində əzəmətlə mövzularla quşbeyinli icra arasında peyda olan ziddiyyətdən – yaxasını qurtarmaq istəyən akademiyadankənar düşüncənin də üz-üzə qaldığı təhlükə bundan daha yüngül deyil. Bazarın təzyiqi. Avropadakı akademiklərin heç olmaya bir ölçüdə azad olduqları iqtisadi təzyiq. Yazarlıqla dolanmaq istəyən fəlsəfəçinin hər daim hədsiz dəyərli və nadir bir şey təqdim etməsi və tribuna inhisarının qarşısına seçilmişlik inhisarını gətirməsi tələb olunur. Başbilənlərin yaratdığı iyrənc “intellektual aforizm” təcrübəsinin müxaliflərinə də yayıldığını görürük. Ondan daim parlaq kəşflər gözləyən redaktorun tələblərini qaşılamağa çalışan prinsipsiz jurnalistin (1) etdiyi Kosmoqonik Eros və buna bənzəyən ezoterik hekayələri ilə, tanrıların metamorfozu ilə və Yohana görə İncilin sirriylə əlaqəli bütün əsərlərin altında gizlənən o səssiz qanunun açıqca səsləndirilməsindən başqa bir şey deyil. Akademiyadankənar fəlsəfəçinin yaşam tərzi kimi mənimsəməməyə məcbur qaldığı gecikmiş bohemlik belə özlüyündə antikvarçılığın, sözdə marjinal dindarlığın və yarıtəhsilli təkkəçiliyin dünyası ilə fəlsəfəçi arasında ölümcül bir yaxınlığın doğması üçün kifayətdir. Birinci Dünya Müharibəsindən əvvəl Münhen müəyyən bir Ruhçuluğun məkanına çevrilmişdi. Bu ruhçuluğun akademik rasionalizmə qarşı etirazla başlayıb karnavallardan keçərək faşizmə gəlib çatan yolu bəlkə də ahıl Rikertin ruhsuz sistemi ilə Hitler arasındakı yoldan daha qısadır. Düşüncənin getdikcə artan təşkilatlanmasının gücü o qədər böyükdür ki, prosesdən kənarda qalmaq istəyənlər də hikkəli bir təkəbbürə, getdikcə öz reklamlarını etməyə sürüklənir və nəticədə tamam məğlub olduqlarında da açıq-aşkar saxtakarlığa baş vurmağa məcbur qalırlar. Akademiklərin “sum ergo cogito” prinsipini müdafiə etməklərinə və açıq sistemdə aqorafobiyaya, Dünyada varlığın Atılmışlığında(2) da irqi ictimailiklərə qapılmaqlarına qarşılıq müxalifləri – əgər hədsiz ayıq deyillərsə – qrafologiyaya və ritmik gimnastikaya sürüklənirlər. Əgər birincidə hakim fiqur aludəçi tipdirsə, ikincidə də qarşımıza paranoik bir xarakter çıxır. Faktoloji tədqiqatlara qarşı şiddətli düşmənlik, elmiliyin ən dəyərli şeyləri nəzərdən qaçırdığına dair çox da leqal bir tənqid sadəlövh qaldığı ölçüdə sıxıntısını hiss etdiyi bölünməni daha da ağırlaşdırır. Bu tövr digərlərinin özlərinə sipər kimi istifadə etdikləri faktorları qavramaq yerinə tez-bazar əlinə keçirə bildiyi faktorlara sarılmaqda və apokrifal biliklə dayaqlarından qoparılıb mütləqləşdirilən bir neçə kateqoriya ilə və öz-özünə oyunlar oynamağa cəhd edərkən o qədər tənqidsiz və gözübağlı davranmaqdadır ki, təkcə bəzi sabit faktları göstərmək belə onu mat etməyə kifayətdir. Müstəqil düşüncədə çatışmayan da bu tənqid faktorudur. Qabığın içində gizlənən kosmik sirrin vurğulanması ikisi arasındakı əlaqənin təsnifinə yanaşılmadığı ölçüdə qabığın da sorğu-sualsız qəbullanmasına gətirib çıxarır. Çağdaş intellektual mühit boşluqdan alınan zövqlə doluluq yalanı arasında üçüncü bir yola icazə verməməkdədir.
Yenə də yoxlanılmış yoldan uzaq dayanmağa çalışan baxış, yırtıcılıqdan nifrət, hələ ümumi mövzunun içinə qəbul edilməmiş yeni anlayışlar tapmaq cəhdi düşüncənin son ümid qapısıdır. Hamını məsul və əmrə amadə eləyən intellektual iyerarxiyada təkcə məsuliyyətsiz və özbaşına tövr iyerarxiyanın iyerarxiya olduğunu dolanbanlara girmədən deyə bilər. İntellektual marjinalları al-qana bulayan mübadilə sferası satlığa çıxardığı zehnə sonuncu bir sığınacaq təqdim edir – özü də sığınacağın mümkün olmadığı bir anda. Heç kimin almaq istəmədiyi əmsalsız şeyi satışa təqdim edən şəxs, bunu istəməmiş olsa belə, mübadilə qaydalarından azadə qalmış olmağı təmsil etməkdədir.
42
Azad düşüncə (1) – Elmin fəlsəfənin yerini işğal etməyi Hegelə görə fəlsəfəyə ancaq vəhdət halındaykən həyat verə biləcək iki elementin bir-birindən qopmasına səbəb olmuşdur: Düşünmək və Fərziyyə. Həqiqət dünyası xəyaldan arındırılmış soyuq bir tövrlə düşüncənin determinizminə təslim edilməkdə və bu geniş sahə içərisində fərziyyəyə təkcə hipotezlər yaradacaq qədər kiçik bir sahə ayrılmaqdadır. Özü də bu hipotezlər iş saatlarından