Название | Toy gecəsi |
---|---|
Автор произведения | Qasımov Əlfi |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8210-9-3 |
– Bəlkə bizimkilərdən sənə bir söz deyən olub?
– Bir gör ürəyinə nələr gəlir, yox, qətiyyən yox.
– Axı sənin məndən gizli sözün olmazdı, Tural, niyə ürəyindəkini açmırsan mənə, niyə məni yaxşı-yaxşı başa salmırsan? Səndən küsərəm һa, ağlayaram һa!
– Uşaqlıq eləmə, Gülbuta, – Tural əlini qızın saçlarında gəzdirmişdi, oxşamışdı qızın saçlarını, bax, indicə bu söyüd saçaqlarını oxşayan kimi.
– Yaxşı, görürəm inciyirsən, һadisə necə olub һamısını danışacağam sənə. Bilirəm ki, ağzıbütövsən. Sənə deyilən söz bir daş, bir quyu....
Tural Gülbutaya inansa da bir daһa tapşırmışdı: «Birdən ağzından. orda-burda söz qaçırarsan, һa! Evimizin söһbətidir. Mən cəhənnəm, anam biabır olar. Əmim dünyanı dağıdar».
Gülbuta incik halda gileylənmişdi:
– Day elə söz lazım deyil mənə. İnanmırsan, demə.
– Sən nə danışırsan, Gülbuta? Mən sənə özümdən də artıq inanıram, fizika dərsində sinfə sərçə buraxdığım yadındadır? Məsələni də, misalı da düppədüz həll eləmişdim, bilmirəm kiməsə kömək eləmək istədiyimə görə müəllim açığa düşüb mənə «dörd» vermişdi. Mən də ondan hayıf çıxmaq üçün ertəsi gün dərsin şirin yerində sərçəni buraxdım otağa. Onu bir sən bildin, bir də mən. Düz bir həftə uşaqları sorğu-suala tutdular, axı, kimin ağlına gələrdi ki, bu mənim işimdir? Sənin ağzıbütövlüyünü onda sınamışam.
Gülbutanın qaşqabağı açılmışdı.
– İndi ki, belədir, danış.
Tural bu əhvalatı xatırlasa da, Gülbutanın ağzıbütöv olduğuna inansa da evlərindəki son əhvalatı ona açmağa ürəyi gəlməmişdi.
– Bilirsən nə var, Gülbuta? – demişdi, – səfər üstəyəm, səni dilxor eləmək, öz qanımı da qaraltmaq istəmirəm, yaxşısı budur, gəl heç bu məsələni ağartmayaq. Sonra ya özüm gələndə danışaram, ya da məktubda yazaram.
Gülbuta da təkid eləməmişdi:
– Yaxşı, özün bilərsən, danışmırsan, danışma, – demişdi.
Onların həyəcanlı baxışları bir-birinə zillənmişdi. Baxışlar danışmışdı, baxışlar «Salamat qal», – demişdi, baxışlar «Yaxşı yol» – demişdi.
Hadisə isə belə olmuşdu.
Tural srağagün səhərdən axşamacan biçənəkdə ot çalıb yorulduğundan evə qayıdan kimi bir qablama xiyarlı, keşnişli doğrama düzəldib doyunca yeyəndən sonra yatağına uzanmış, uzanan kimi də yuxuya getmişdi. Bir də nə zamansa o biri otaqdakı səs-küyə oyanmışdı (Turalgilin cəmi-cümlətanı bircə otaqları var idi. Gecələr Tural dərs oxuduğundan anası işıqda yata bilmirdi. Buna görə də fanerlə otağı ikiyə bölməyə məcbur olmuşdular), hiss etmişdi ki, nə münasibətləsə evə çoxlu adam toplaşıb. Tural səslərindən tanıdı onları. Xeyransa xalası, Dürnisə bibisi, anası, bir də əmisi idi. İstədi durub keçə onların yanına, fikirləşdi ki, lazım olsa özləri çağırarlar, bəlkə vacib söhbətləri var, o heç biləsi deyil. Əmisinin səsi gəldi:
– Burda heç kəs yoxdur, özümüzük. Sizi bir məsələ üçün yığmışam. Fikrim var, gədənin başın yığaq bir yerə. Atalar deyib ki, tez oyananla, tez evlənən uduzmaz.
Anası dedi:
– Bıy, ay Cəlil, tifilin nə vədəsidir evlənsin?
Əmisi səsini qaldırdı:
– Necə yəni nə vədəsidir? Bu gün-sabah iyirmi yaşını haxlıyır. Bilsəm ki, ali məktəbə girə biləcək, bu Cəlili qəbrə qoyasınız, borc-xərc eləyib uşağı yola salaram Bakıya. Amma, bilirəm ki, havayı xərcdir.
Anası cavabında dedi:
– Nə bilim, vallah, Cəlil qardaş, sən bilən məsləhətdir. Onun kimi var səndən qeyri?
Yenə əmisinin səsi gəldi:
– Hə, indi fikirləşin görək gədəyə kimin qızını alsaq yaxşıdır. Bilirəm ki, mənim elçimi heç kəs qapısından qaytarmaz. Allah saxlasın, uşağın özü də ağıllı baladır. Məktəbdə ad çıxarıb, özü də boydan-buxundan atasına çəkib, şaqqalıdır. Kim verməz ona qızını?
Xeyransa xalasının səsi gəldi:
– Deyirəm bəlkə briqadir Qulamın qızını alaq, qızın özü gözəl, xasiyyəti ipək kimi, atası da kənd arasında sayılan.
Turalın ürəyi sancdı. «Əcəb də xasiyyəti ipək kimidir. Xəbərçinin, ətiacının birisidir. Məktəbdə adam qalmadı biri-birinə calamaya». Dürnisə bibisi Xeyransa xalasının ağzından vurdu:
– Sən də qız tapdın tərifləməyə. Nə olsun ki, atası varlı-hallıdır. Bəs anası? Çənkinin, həyasızın biri! Ayağı da sürüşkən…
Xalanın təklifi keçmədi. Turalın ürəyi bir balaca sakit oldu.
– Dürnisə, bəs sən kimi məsləhət görürsən? – Əmisinin səsi gəldi. Araya sükut çökdü.
– Deyirəm bəlkə hesabdar Qənbərin qızına elçi düşək.
Turalın ürəyi yenə başladı atlı kimi çapmağa.
Əmisi qəti etiraz elədi:
– At o yana, sən canın! Onu görəndə, elə bil, ilan görürəm. Nə olsun ki, lotereyası «Volqa» udub? Minib maşına camaata yanıq verir, yolda-irizdə adamın yanından elə keçir ki, nə bilim vallah, elə bil alçaq dağları bu yaradıb.
Bəli, bu namizəd də keçmədi.
Tural bir istədi qalxsın ayağa, keçsin yanlarına, ağzından çıxanı desin onlara. Desin ki, ay qocalar, hansı dövrdə yaşayırsınız? Qızı alan sizsiniz, ya mən? Bir də, qəribədir ki, ona qız yox, qayınata, qayınana almaq istəyirdilər. Nə isə, özünü saxladı. Doğrusu həm utanırdı, həm də əmisindən qorxurdu. Bilirdi ki, atası tutulub gedəndən sonra əmisi əsl atalıq eləmişdi ona. Qoymamışdı bir şeydən korluq çəksin. Camaatın uşaqlarının əyin üç ildə bir dəfə təzə paltar görmədiyi halda onun kostyumu hər il təzələnirdi. Həm də fikirləşdi ki, əmisi onun yaxşılığına çalışır. İstəyir ki, erkən evlənsin, ev-eşik yiyəsi olsun…
Yenə əmisinin səsi gəldi:
– Görək oğul anasının fikri necədir?
Anadan səs çıxmadı. Turalın imkanı olsaydı, qonşudan da iki qulaq borc alardı ki, hər sözü, hər səsi eşitsin.
Əmi təkid elədi:
– Niyə dinmirsən, oğul anası?
– Nə deyim, vallah. Deyirəm əgər məsləhətdirsə, bir gədənin özünün də ağzını arayaq.
Elə bil Turalın yanan ürəyinə sərin su çilədilər. «Qurban olum anama! Yaxşı arvaddır, vallah». Heç kəs dinmədi. Arvadlar hesabı içəri verdilər. Yenə Cəlilin səsi gəldi:
– Özündən soruşaq, deyirsən?
– Hə