Название | Toy gecəsi |
---|---|
Автор произведения | Qasımov Əlfi |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8210-9-3 |
SƏNƏ GÜVƏNDİYİM DAĞLAR…
Səhərin ala-toranında qapının zəngi çalındı. Zivər xanım narahatlıqla yerində qurcalandı: «Xeyir olsun, bu tezdən kimdi görəsən?» Məktəbə hazırlaşan Tərgül başındakı saçburanları aça-aça qapıya tərəf yeridi. Gözlükdən baxdı, zəngi basan adam tanış deyildi.
– Kimdir?
Qapının arxasından astadan səs gəldi:
– Qərib dayımın evi buradır?
– Bəli, buradır. Bəs siz kimsiniz?
– Mən… Mən… Qərib dayının qohumuyam.
Dəmir qapı darvaza kimi şaqqıldadı. Tərgül qarşısında ucaboylu, zil qara saçları üz-gözünə dağılmış bir oğlan gördü, hər iki əlindən yaşıl tor zənbil sallanırdı. Birinə deyəsən kitab-dəftəri yığılmışdı. O birində isə qəzetə bükülü nəsə vardı, yəqin ət idi, qanı da qəzeti qızartmışdı. Oğlan zənbilləri qapının ağzına qoyub zol-zol qısaqol köynəyinin açıq düyməsini bağladı.
İçəridən Zivər xanımın səsi eşidildi:
– Taya, kimdir gələn?
Tərgül cavab vermək əvəzinə içəri keçib çiynini çəkdi:
– Tanımıram, deyir ki, papanın qohumudur.
Zivər xanım üz-gözünü turşutdu, deyinə-deyinə yatağından qalxdı:
– Sənin bu papanın da vəzifəsi böyüdükcə, adı-sanı artdıqca qohumlarının sayı artır. Görəsən bunlar hardaymışlar papan dağlı məhəlləsindəki quş damında qalanda?
– Mama, yavaş, eşidir axı.
– Yaxşı, mənə dərs vermə, sən get çayını iç, məktəbə gecikərsən.
Zivər xanım yapon parçasından tikdirdiyi zərli xalatını əyninə keçirib düymələrini bağlaya-bağlaya yataq otağından çıxdı. Oğlan hələ də qapının ağzında «farağat» vəziyyətində dayanmışdı.
– Oğul, burda niyə dayanmısan, içəri keçsənə! – Zivər xanım mətbəxə tərəf başını döndərib qızının qarasına deyindi. – Qonağı da qapı ağzında qoyarlar?
Oğlan addımlarını şüşə kimi parıldayan döşəmənin üstünə ehmalca basa-basa otağa keçib Zivər xanımın göstərdiyi stulda oturdu. Zivər xanım oğlanın parketdəki tozlu ayaq izlərinə baxıb çiynini tulladı, ikrah hissi ilə mətbəxə keçdi. «Qanacaqsız, ayaqqabını çıxartmırsan çıxartmırsan, heç olmasa, qapının ağzındakı cındaya siləydin. Özü də ayaq adam ayağı ola, fil pəncəsindən böyükdü. Yəqin ayaqqabı da tapılmaz buna, razmeri ən azı 50 olar…»
Oğlan ürkək nəzərlərlə otağa göz gəzdirdi. Divarın bir tərəfini boyaboy tutmuş nəhəng şkafda çoxlu büllur qablar – vazalar, «qayıqlar», üstündə adam şəkli olan boşqablar, qədəhlər, fincanlar (lap univermaqdakı vitrinlər kimi) vardı. Qarşıdakı divardan isə iri xalı asılmışdı. Bütün divarı örtmüş xalının üstündən üç şəkil sallanırdı. O başda Qərib dayı, bu başda Zivər xanım, ortada da Tərgül. Birdən oğlanın nəzərləri güzgü kimi bərq vuran döşəmədəki tozlu ayaq izlərinə sataşdı. Pərt oldu. Cəld ayaqqabılarını çıxarıb qapının ağzına, zənbillərin yanına qoydu, cib dəsmalı ilə parketdəki ayaq izlərini tələsik silib əvvəlki yerində oturdu. Döşəmə tamam təmiz olmasa da, oğlanın ürəyi bir balaca sakitləşdi: «Zivər xanım deməsin ki, nə qanacaqsız oğlandır». Qızın səsi eşidildi:
– Mama, mən getdim, qapını bağla.
Əvvəlcə zəncir səsləndi. Sonra qapı cırıldadı. Sonra da nəsə şaqqıldadı. Zivər xanım qapını bağlayıb oğlanın yanına qayıtdı.
– Çay içərsən, yoxsa kofe?
– Çox sağ olun, Zivər xala, heç nə lazım deyil.
– Sağam da!
– Onda zəhmət olmasa, bir istəkan çay.
Zivər xanım özünə bir fincan süd, oğlana isə bir stəkan çay gətirdi.
– Hə, indi de görüm, kimsən, kimlərdənsən?
– Zivər xala, mən sizi də, Tərgülü də görən kimi tanıdım. Qərib dayımla keçən yay Kislovodskidə şəkil çəkdirmisiniz ha, Qartalın altında, dayım şəklin birini anama göndərib.
– Hə, deyirəm, axı. Eh, Kislovodskinin də zibili çıxıb. Hara baxırsan, bizimkilərdir. Şəhərdəki zəhləm getmişlər hər addımda qabağımıza çıxırdı. Dedim, kişi, öldür məni, bir də Kislovodskiyə getmərəm.
– Yaxşı da eləyirsiniz. Anam da elə deyirdi, Deyirdi, bircə dəfə yığışıb kəndə gəlsələr, İsti-Suyu, Ceyran bulağını, Şuşanı gəzsələr, ayaqlarını bir də basmazlar başqa yerlərə. Bizim bağçamız lap aləmdir. O qədər qızılgül əkmişəm, bülbüllər əl çəkmirlər, səhərdən başlayırlar oxumağa.
Zivər xanım ürəyində oğlanın sadəlövhlüyünə gülsə də («Camaat Karlovı-Varıdan dəm vurur, Qızıl Qumdan danışır, bu da başlayıb Ceyran bulağı, alaçıq, artezian, puf!..»), üzə vurmadı:
– Deyirsən ki, Qarikin qohumusan, hə?
Oğlan təəccüblə soruşdu:
– Qarik kimdir, Zivər xala?
Zivər xanım qəhqəhə ilə güldü. Hətta gülə-gülə Turala bir yumruqda ilişdirdi:
– Ay sənin canınacan, öz qohumunu da tanımırsan?..
– Qərib dayımı deyirsiniz? Niyə tanımıram? Mənim anam Qərib dayımla dost-doğma əmioğlu-əmiqızıdırlar, çalpapaqlardandılar.
– Eşitmişəm, Qarik deyib, böyük nəsil olublar. Amma bir az da gileylənirdi sizlərdən. Nə bilim, vallah, o qədər də fikir vermədim, guya biri adam öldürüb, o biri oğurluq eliyib, üçüncüsü qız götürüb qaçıb…
Oğlan başını aşağı salaraq astadan:
– Adam öldürən mənim atamdır, Zivər xala, – dedi. – Üç ildir yatır.
– Fu… Kaşmar!
– Nə dediniz?
– Deyirəm ki, dəhşətdir! Gərək nə qədər qansız olasan ki, nə qədər insanlıq hissini itirəsən ki, adam öldürəsən. İyirminci əsr az qala başa çatır, camaat kosmosa uçur, ayın, ulduzun sirrinə baş soxur, bizimkilər də bıçaq götürüb düşüblər bir-birinin üstünə. Vəhşilikdir, vallah!
Tural həyəcanlandı, kövrəldi:
– Elə deməyin, Zivər xala. Bəlkə o adam doğrudan da ölməliymiş.
– Nə deyim, bəlkə də… Amma mən yenə ağlıma sığışdıra bilmirəm. Axı nə üçün bu orta əsr dəhşətləri hələ-də davam etməlidir?
– Mən də xəcalət çəkirəm, Zivər xala. Hər dəfə tərcümeyi-halımı yazanda xəcalət çəkirəm. Ölənin övladlarını, qohumlarını hər dəfə görəndə birtəhər oluram, yolumu dəyişirəm, elə bil günahkaram onların yanında, amma…
– Nə amma?
– Amma atamda zərrəcə günah olmayıb. Öldürülən briqadir olub. Mənim atamsa suçu. Günün günorta çağı atam pambıqlıqda qışqırtı eşidir. Əlində bel yüyürüb görür ki, kolxoz sədrinin dost-doğma qardaşı orta məktəbi təzəcə bitirib kolxozda işləyən bir qızı, üzr istəyirəm sizdən, basmarlayıb yıxıb altına. Briqadir də yes-yekə, zırpı bir kişi, ailəsi, uşaqları. Atam onun. üstünə qışqırır: «Burax uşağı!» Briqadirsə söyür atamı: «Ölümün yetib, əclaf? Rədd ol, get burdan! Sənə nə var, qohumun ha deyil!» Atamın qan vurur beyninə: «Əclaf sənin özünsən, köpəkoğlu! Uşağı niyə bədbəxt eləyirsən! Burax, deyirəm sənə, yoxsa bu saat başını partladaram sədr qardaşın vayına gələr!» Briqadir görür ki, atam əl çəkmək fikrində deyil. Qəfil fin bıçağını çıxarıb cumur atamın üstünə. Atam bağırır, hədələyir onu:
– «Yaxın gəlsən vuracam!» Briqadir də quduzun biri. Endirmək istəyir bıçağı atamın sinəsinə. Atam da dəlidi onu yaxın buraxsın? Beli düz kəlləsinə! Briqadir tir-tap uzanır yerə. Atam görür ki, qız qaçıb aradan çıxmaq istəyir. Çağırır qızı.