Название | Hekayələr |
---|---|
Автор произведения | İsi Məlikzadə |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243826 |
– Elə bilirsən onun haralarda gəzməyindən xəbərim yoxdur? Başa düşürəm harda ləngiyir, amma deməyə dilim gəlmir… Əminə, qorxuram uşaq bir para cavanlara qoşulmuş ola.
– Tahir pis yola getməz, Fərrux.
– Nə bilirsən?
– Deyirsən, yəni bir qıza-zada ilişib?
– Qıza ilişsə yaxşıdı. Mən qorxuram bir yanıqoduqluya dadanmış ola, sonra düşə əngələ, dərsdən soyuya. Bu saat onun beyninin qan vaxtıdı. Heç nəyin ağına-bozuna baxmır.
– Ağlım kəsmir, – deyə Əminə inamla dilləndi. Amma bir azdan Fərruxun narahatlığı ona da keçdi. – Deyirsən, yəni…
– Ayrı nə ola bilər? Bu qız məsələsi deyil. Ağlı başında olan qız bu vaxta qədər küçədə qalmaz. İmtahana hazırlaşmağı deyirsənsə, ona da inanmıram. İndiyəcən belə hazırlaşmaq görmüşdün?..
– Uşağın babalını yuma.
– Məni hövsələdən çıxarma, Əminə. Burda sən bilən şey yoxdur. Oğlunun tənbehini ver, yoxsa…
– Bir səbrin olsun, a kişi…
– Necə səbir eləyim, rəhmətliyin qızı? Biz gözümüzü açınca nəf2 qudurub mayanı yeyəcək… Onun nə vaxtıdır ki, bildiyini edir?! Atanı saymır, ananı vecinə almır.
Bayaq pəncərənin qabağında dayanarkən onun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu. Fərrux yumruğunu düyünləyib sağ dizinə çırpdı. Elə bil quru ağac parçaları bir-birinə dəyib şaqqıldadı.
– Məni saymır… Mən ona göstərərəm! Onda bilər ki…
Qapının zəngi çalındı. Kişinin bədəni gərildi. Əminə cəld ayağa qalxdı. İşığı yandırdı. Qapını ehmalca açdı. Tahirin gülümsəyən sifəti göründü.
Fərruxun uzun, sümüklü sağ qolu havada qolay la-nıb astanada oğlanın üzünə çırpıldı. Qəflətən aldığı zərbədən Tahirin gözləri böyüdü. Kişi müvazinətini saxlaya bilməyib səndələdi. Tahir qüvvətli əlləri ilə atasının belindən yapışıb onu yıxılmağa qoymadı. Əminə özünü yetirdi.
– Fərrux, tifilin bağrını niyə yarırsan?
Kişi oğlunun qolları arasından çıxdı. Divardan tutatuta yataq otağına keçdi. Çarpayıya uzandı. Ürəyi az qalırdı yerindən çıxsın. Gicgah damarları hey atırdı. Sağ əlinin içində zoqqultu vardı. O, birdən-birə taqətdən düşdü. Elə bil canında olan-qalan güc oğluna vurduğu zərbə ilə qurtarmışdı. Yenə həkimin tövsiyəsini xatırladı: “Sizə əsəbləşmək olmaz…”
Fərrux xəyalən cavab verdi: “Bu mümkün deyil, həkim. Görürsünüz ki, mümkün deyil…”
Mətbəxdə stəkan-nəlbəki cingildədi. Asta, həzin pıçıltılar eşidildi. Aradan xeyli keçmiş Əminə Fərruxun çarpayısına yaxınlaşdı.
– Onu niyə vurdun, Fərrux? Necə qıydın? – Əminənin səsi titrədi. Fərrux hiss etdi ki, arvadı ağlayır. – O, işdən qayıdırmış, Fərrux, biz bilməmişik…
Fərrux qulaqlarına inanmadı.
– Necə? – deyə soruşdu və səsi xırıldadı.
Əminənin əlində nəsə xışıldadı.
– Onun ilk maaşıdır. Sənin vəziyyətini belə görüb, işə girib… gecələr…
Əminə sözünün dalısını deyə bilmədi. Yatağına girib yorğanı başına çəkdi, yorğan titrədi.
Fərruxun heydən düşmüş bədənini tər basdı. Sağ əlindəki zoqqultu acı, ağır bir düyün olub ürəyinə keçdi. Sevinclə peşmançılığın qarışığından doğan qəhər onu da boğdu.
Şehli çəmənlərin işığı
Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qar-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var… Peçenye də var – çay içərlər.
Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyifsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Mirzə pəncərənin qabağına gəldi. Küləyin hirsi-hikkəsi səngimişdi. Ağacların, dirəklərin dibində qar təpələnmişdi, evlərin damı ağappaq idi. Bu ağlığın sonu, nəhayəti görünmürdü. Təkcə səma tutqun idi. Göyün bozluğu qəsəbənin başı üstündə pərdə kimi asılmışdı; hələ axşama çox vardı, ancaq hava alatoran idi. Qırx il idi ki, Mirzə bu diyarın boranına, çovğununa tab gətirirdi, amma Mirzənin ab-havadan belə darıxdığı olmamışdı. Görəsən, bu göyün sinəsi boşalacaqmı? Hələ çox yağacaq: bu ay da, gələn ay da, o biri ay da. Dünyanın hər yerindən qış ayağını çəkəcək, ancaq burda yenə taxtapuşların qırağından sırsıra sallanacaq.
Mirzə bu torpağa ilk dəfə qədəm qoyanda müharibə təzəcə qurtarmışdı, onda Mirzə davanın od-alovunu, cəhənnəmini görmüş cavanca oğlan idi. Ordudan buraxılandan sonra evlərində cəmi bir ay qaldı. Anasına bir şəkil göstərib dedi, yanımda dayanan bu qız Ninadır, gedib bunu gətirməliyəm, ana, izin verin. Arvad şəklə baxdı: əsgər geyimli, göyçək qız başını Mirzənin çiyninə söykəyib elə gülümsəyirdi, elə bil dünyanın ən bəxtəvər adamı idi, elə bil bu şəkli davada yox, toy günündə çəkdirmişdi. Arvad sevindiyindən ağladı, dedi, buna da qurban olum, sənə də, izni Allah verib, oğul, get gəlinimizi gətir. Mirzənin deyiklisi-filanı yox idi, bu qız onun ilk məhəbbəti, gözünün ilk ovu idi, həm də Mirzə onu bombaların, güllələrin altında, qan-qadanın, ölümün içində tapmışdı – niyə gedib gətirməsin? “Get, bala, get gətir, Allah sizi xoşbəxt eləsin. Qoşa qarıyasınız, oğullu-qızlı olasınız. Get gətir, başına dönüm”.
Amma Nina gəlmədi. Dedi, faşist köpəyoğlu təhsilimi yarımçıq qoyub, gərək həkim olam mən. Haqq sözə Mirzə nə qulp qoya bilərdi? Gedib daş kömür mədənində işə düzəldi, gözlədi ki, Nina diplomunu alsın.
Sonra Ninanın oğlu oldu, Mirzənin başı qarışdı onu böyütməyə. Oğlan üç yaşına çatanda Nina bir qız doğdu. Rayona qayıtmaq sözünü Mirzə day dilinə gətirmədi… Mirzənin anası oğlunun yolunu gözləyə-gözləyə canını tapşırdı Allaha… Gün gəldi, ata da bu dünyadan köçdü. Daha doğma yurdda Mirzənin kimi var, nəyi var? Bir bacı qalıb, o da ərdədi. Həm də məvacibli işi, üz-gözün öyrəşdiyi dost-tanışı, doğmalaşdığın yerləri qoyub hara gedəsən? Həyatını təzədən necə qurasan, necə sahmana salasan? Burda yaxşı motorçu kimi ad qazanıb, sayılan mütəxəssislərdəndir. Zərrə-zərrə qazanılan hörməti birdən-birə heç-puç eləməyə kimin ürəyi gələr? Axı o yerlərdə Mirzə
2