Название | Hekayələr |
---|---|
Автор произведения | Антон Чехов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241716 |
– Bilirsiniz, nə var? – deyə o mənə baxmadan dillənir.
– Nə var? – soruşuram.
– Gəlin bir də… sürüşək.
Biz pillələrlə çıxırıq. Mən yenə də rəngi qaçmış, tir-tir əsən Nadenkanı xizəyə oturduram, yenə də biz dəhşətli uçuruma atılırıq, yenə də külək hayqırır, xizəyin xışıltısı eşidilir, yenə də enişin ən sürətli və küylü yerində mən pıçıldayıram:
– Mən sizi sevirəm, Nadenka!
Xizək dayananda Nadenka dönüb indicə endiyimiz dağa nəzər salır, sonra diqqətlə mənim üzümə baxır, laqeyd, ehtirassız səsimə qulaq asır və onun bütün varlığı, hətta əlcəyi və papağı belə böyük bir çaşqınlıq ifadə edir. Üz-gözündən sual yağır: “Bu nə işdir? O dörd sözü kim deyirdi? Sən, yoxsa, qulağım səsə düşüb?…”
Bu sirr onu narahat edir, özündən çıxardır. Yazıq qızcığaz suallara cavab vermir, qaşlarını düyünləyir, gözləri dolur. Mən:
– Bəlkə, evə gedək? – deyə soruşuram.
Nadenka:
– Mənimsə… mənim sürüşmək xoşuma gəlir, – deyir və qızarır. – Bəlkə, bir də sürüşək.
Sürüşmək onun “xoşuna gəlir”, bununla belə, xizəyə oturarkən yenə onun rəngi qaçır, nəfəsi qorxudan tutulur, tir-tir əsir.
Biz üçüncü dəfə sürüşürük və mən görürəm ki, o, diqqətlə mənim üzümə baxır, gözlərini dodaqlarımdan çəkmir. Lakin mən dəsmalı ağzıma tuturam, öskürürəm və dağın ortasına çatanda tələsik pıçıldayıram:
– Mən sizi sevirəm, Nadya!
Sirr yenə sirliyində qalır, Nadenka susur, nə haqdasa fikirləşir. Mən onu evə ötürürəm, o, asta-asta getməyə çalışır, addımlarını yavaşıdır, gözləyir, gözləyir ki, mən o dörd sözü deyəcəyəm, ya yox. Mən onun qəlbən iztirab çəkdiyini, “O sözləri külək deyə bilməzdi. Heç istəmirəm də ki, onları külək demiş olsun”, – deməkdən özünü zorla saxladığını görürəm.
Ertəsi gün Nadyadan məktub alıram: “Bu gün xizəklə sürüşməyə getsəniz, məni də aparın. N.” Həmin gündən başlayaraq mən hər gün Nadenka ilə sürüşməyə gedirəm və hər dəfə pıçıltı ilə o dörd sözü təkrar edirəm: “Mən sizi sevirəm, Nadya!”
Tezliklə Nadenka bu cümləyə şəraba, tiryəkə öyrəşən kimi adət edir. Bunsuz yaşaya bilmir. Dağda sürüşmək yenə ona dəhşətli görünür. Lakin indi qorxu və təhlükə hissi sevgi haqqındakı sözlərə, hələ də sirli qalan və qızın ürəyini üzən o dörd sözə xüsusi məlahət verir. Nadenka yenə də ikimizdən – məndən və küləkdən şübhələnir… Ona eşq elan edənin kim olduğunu Nadenka hələ də bilmir, deyəsən, heç bunun fərqinə varmaq da istəmir; hansı qabdan içirsən iç, təki sərxoş olasan.
Bir dəfə sürüşməyə tək getdim. Nadya da burada idi. Gözləri ilə məni arayırdı. Sonra o, ürkək addımlarla yuxarı qalxmağa başladı. Tək-tənha sürüşmək dəhşətlidir, lap dəhşətli. Nadya ağappaq ağarmışdı, tir-tir titrəyirdi, elə gedirdi ki, sanki, bu yol onu edama aparırdı, amma bununla belə o, arxaya baxmadan qətiyyətlə irəliləyirdi. Görünür, qət edibmiş ki, bir də sınaqdan keçirsin. Nağıl kimi şipşirin sözlər mən olmayanda da eşidiləcəkmi? Mən qorxudan rəngi qaçmış qızın xizəyə oturduğunu, gözlərini yumub, həyatla həmişəlik vidalaşıb, yerindən tərpəndiyini görürdüm… “J-j-jj” … xizəyin xışıltısı eşidilir. Nadenka o dörd sözü eşidirdimi, bilmirəm. Yalnız onu görürdüm ki, qız xizəkdən taqətsiz, heysiz halda qalxdı. Amma sifətindən aydın görünürdü ki, Nadenkanın özü də bir şey eşidib-eşitmədiyini bilmirdi. Sürüşən vaxt varlığını bürümüş qorxu onun eşitmək, səsləri seçmək, dərk etmək qabiliyyətini əlindən almışdı.
Budur, baharın ilk ayı – mart gəlir. Günəş daha da ilıqlaşır. Dağın buzu yavaş-yavaş qaralır, öz parlaqlığını itirir və nəhayət, əriyir. Biz daha sürüşməyə getmirik. Yazıq Nadenka daha o sözləri eşitmir, bir də axı kim deyəcəkdi o dörd sözü, artıq külək əsmir, mənsə Peterburqa getməyə hazırlaşıram – uzun müddətə, bəlkə də, həmişəlik.
Bir dəfə, yola düşməyimə iki gün qalmış, axşamüstü bağçada oturmuşdum. Nadenkanın yaşadığı qonşu həyətlə bu bağça arasında hündür hasar vardı… Hava hələ soyuq idi, qar da ki əriməmişdi, ağaclar qış yuxusunda idi, amma baharın ətri aydın duyulurdu, zağcalar da axşamüstü səs-səsə vermişdilər. Mən hasara yaxınlaşıb yarıqdan baxdım. Gördüm ki, Nadenka eyvanda kədərli, intizarlı baxışlarını göyə dikmiş halda dayanıb. Bahar küləyi onun solğun, qəmli çöhrəsini oxşayırdı. Bu külək, bəlkə də, ona buz dağındakı güclü küləyi, o dörd sözü xatırladırdı və onun sifətini sonsuz kədər bürümüşdü, yanağından yaş axırdı. Yazıq qızcığaz əllərini irəli uzatmışdı, sanki küləkdən o sözləri bir dəfə də deməyi xahiş edirdi. Mən küləyin bir azca bərkiməsini gözləyib pıçıltı ilə dedim:
– Mən sizi sevirəm, Nadya!
İlahi, Nadenka necə də dəyişdi! O qışqırdı, güldü, əllərini küləyə sarı uzatdı, o an elə şən, xoşbəxt, elə gözəl göründü ki…
Mən isə yola hazırlaşmaq üçün evə yollandım.
Bu hadisə lap çoxdan olub. İndi Nadenka ərdədir; özümü gedib, yoxsa veriblərmi – bunun əhəmiyyəti yoxdur – artıq onun üç uşağı var. Lakin bizim nə vaxtsa birlikdə sürüşməyə getməyimiz, küləyin ona: “Mən sizi sevirəm, Nadenka!” – kəlmələrini pıçıldaması yəqin ki, unudulmayıb. Bəlkə də, bu onun üçün həyatının ən xoşbəxt, ən zərif, ən gözəl xatirəsidir.
Mən isə artıq yaşa dolmuşam, amma indinin özündə də heç cür başa düşə bilmirəm ki, o sözləri nə üçün deyirdim, niyə belə zarafat edirdim?!
ROTŞİLDİN SKRİPKASI
Qəsəbə balaca, kənddən də pis idi. Burada, demək olar ki, ancaq qocalar yaşayırdılar. Onlar da elə gec ölürdülər ki, adamın buna acığı tuturdu. Həbsxanada və xəstəxanada tabut çox az tələb olunurdu. Xülasə, işlər xarab idi. Əgər Yakov İvanov quberniya şəhərində tabutqayıran olsaydı, yəqin ki, onun öz evi olardı və ona Yakov Matveiç deyərdilər. Qəsəbədə isə ona eləcə Yakov deyirdilər. Küçə təxəllüsü də, nədənsə, Bronza idi. O, kiçik, köhnə bir daxmada, adi kəndli kimi, yoxsul bir həyat yaşayırdı. Daxma təkcə bir otaqdan ibarət idi. Otaqda da o özü, arvadı Marfa, soba, ikiadamlıq çarpayı, tabut, dəzgah və bütün avadanlıq yerləşmişdi.
Yakov yaxşı və möhkəm tabut düzəldirdi. O, kəndlilər və meşşanlar üçün tabutları öz boyuna görə hazırlayırdı və heç də yanılmırdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür