Название | Hekayələr |
---|---|
Автор произведения | Оскар Уайльд |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242706 |
Dəyirmançı Balaca Hansdan xəbər tutmamağını arvadına, adətən, belə izah edirdi:
– Qar əriməyincə Hansın yanına getməyin onsuz da heç bir xeyri yoxdur. Axı onun belə çətin vəziyyətində öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda, əsl dost bu cür hərəkət etməlidir. Zənnimcə, mən onun yanına getməməkdə haqlıyam. Balaca Hansın yanına yaz girəndən sonra gedəcəyəm ki, o mənə bir iri səbət novruzgülü verə bilsin. Bu onu dünyalar qədər sevindirəcək.
Dəyirmançının rahat, qoltuqlu kürsüdə, çatırtı ilə yanan ocağın istisində oturan arvadı isə cavabında deyirdi:
– Başqalarının qeydinə yaman qalırsan. Dostluq haqqında dediyin sözlər də adama ləzzət verir. Səni inandırıram ki, heç keşişimizin özü də, üçmərtəbəli evdə yaşamasına və çeçələ barmağında qızıl üzük gəzdirməsinə baxmayaraq, sənin dediyin sözlər qədər gözəl ifadələr işlədə bilməz.
Dəyirmançının kiçik oğlu söhbətə qarışdı:
– Bəs biz Balaca Hansı evimizə çağıra bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə bir şeyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm. Hələ üstəlik, ağ dovşanlarımı da ona göstərərəm.
Dəyirmançı:
– Nə axmaq uşaqsan! – deyə qışqırdı. – Sənin məktəbə getməyinin nə xeyri olduğunu heç cür başa düşə bilmirəm. Deyəsən, orada heç nə öyrənmirsən. Balaca Hans bizə gəlib isti ocağımızı, dadlı yeməklərimizi və bir böyük çəllək qırmızı çaxırımızı görsə, bizə paxıllığı tutar. Paxıllıqdan da ki pis şey yoxdur. O, adamları korlayır. Mənsə Hansın paxıl olmasına heç cür yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan həmişə ona nəzarət etməli və yolunu azmağa qoymamalıyam. Bundan başqa, Hans gəlib məndən borc un istəsə, ona heç nə vermərəm. Un başqa şeydir, dostluq isə tamam başqa. Onları bir-biri ilə qarışdırmaq olmaz. Elə sözlərin özünü götürək. “Un” – “Dostluq”. Görürsənmi, onların nə tələffüzü, nə də mənası bir-birinə uyğun gəlir. Bu ki, Allaha şükür, hamıya məlumdur.
Özü üçün böyük stəkana ilıq ev pivəsi süzən dəyirmançının arvadı dilləndi:
– Gözəl danışdın. Məni yuxu basdı. Elə bil lap kilsədəyəm.
Dəyirmançı sözünə davam etdi:
– Camaatın çoxu yaxşı işlər görür, amma yaxşı danışmağı bacaran çox azdır. Bu da bir daha onu sübut edir ki, danışmağı bacarmaq hər adamın işi deyil. Həm də iş görməkdənsə, danışmaq yaxşıdır.
Bunu deyən dəyirmançı stolun o başında oturan kiçik oğluna acıqlı-acıqlı baxdı. Uşaq utandığından başını aşağı salıb qıpqırmızı qızardı. Göz yaşları damcı-damcı axıb qabağındakı çayın içinə töküldü. Hər halda, cavan olduğu üçün onu bağışlamalı olacaqsınız.
Susiçovulu soruşdu:
– Əhvalat bununla bitir?
– Əlbəttə yox, – deyə kətanquşu ona cavab verdi. – Bu hələ başlanğıcdır.
Susiçovulu:
– Onda sən zəmanədən geri qalmısan, – dedi. – İndiki zamanda əməlli-başlı rəvayətçilərin hamısı əhvalatın sonundan başlayıb əvvəlinə keçir və söhbətinə danışdığı əhvalatın ortasında yekun vurur. Bu, yeni üsuldur. Mən bunları dünən axmazın ətrafında bir gənclə gəzişən tənqidçinin söhbətindən eşitmişəm. O bu barədə xeyli danışdı. Əminəm ki, tənqidçi haqlıdır. Axı onun göy şüşəli eynəyi vardı. Başı da dazdı. Hər dəfə gənc bir söz deyəndə o, qəti narazılığını bildirir və heç nə ilə razılaşmırdı. Di yaxşı, Allah xatirinə, söhbətinə davam elə. Dəyirmançı yaman xoşuma gəlir. Mənim xasiyyətimdə də gözəl cəhətlər çoxdur. Ümumiyyətlə, bizim aramızda xeyli oxşarlıq var.
Kətanquşu bir ayağının üstündən o biri ayağının üstünə hoppanıb söhbətinə davam etdi:
– Beləliklə, qış qurtarandan və novruzgüllərinin ulduzabənzər sarımtıl ləçəkləri açılmağa başlayandan sonra dəyirmançı, arvadına Balaca Hansın yanına gedəcəyini bildirdi.
Arvadı:
– Gör sənin nə gözəl qəlbin var! – dedi. – Həmişə başqalarının qeydinə qalırsan. Bura bax, gül gətirmək üçün böyük səbəti özünlə aparmağı unutma.
Xülasə, dəyirmançı yeldəyirmanının qanadlarını zəncirlə bir-birinə möhkəm bağlayıb təpədən üzüaşağı, qoltuğunda da səbət yoluna düzəldi.
– Sabahın xeyir, Balaca Hans!
– Sabahın xeyir! – deyə dəyirmançının salamını alan Hans əlindəki belə söykənib mehribancasına gülümsədi.
– Qışı necə keçinmisən?
Hans:
– Halımı xəbər aldığın üçün sənə minnətdaram. Şikayətlənmək istəmirəm, amma sözün düzü, bu qış yaman əziyyət çəkdim. İndi isə, şükür, artıq bahardır. Mən də özümü tamamilə xoşbəxt hiss edirəm. Güllərim də öz qaydasındadır.
Dəyirmançı:
– Hans, bu qışda tez-tez səni xatırlayır və vəziyyətin barədə düşünürdük.
– Çox məmnunam. Qorxurdum məni unudasınız.
– Hans, sən məni təəccübləndirirsən. Heç dostu da unutmaq olar? Dostluqdan gözəl şey yoxdur. Deyəsən, sən həyatın incəliklərini başa düşmürsən. Yeri gəlmişkən deyim: gör sənin nə qəşəng novruzgüllərin var!
Hans:
– Onlar, doğrudan da, qəşəngdir. Bəxtim gətirib ki, çoxdurlar. Onları bazara aparıb burqomistrin qızına satacağam. Sonra da həmin pula öz əl arabamı geri alacağam.
– Öz əl arabanı geri alacaqsan? Yəni sən onu satmısan? Gör bir nə axmaq iş tutmusan!
– Hə, iş elə gətirdi ki, onu satmalı oldum. Bilirsən ki, qışda olmazın əziyyət çəkmişəm. Çörək almağa pulum olmayıb. Əvvəl bayram paltarımın gümüş düymələrini, sonra gümüş zəncirimi, böyük qəlyanımı və axırda da əl arabamı satdım. Amma mən onların hamısını bir azdan geri alacağam.
Dəyirmançı:
– Hans, – dedi, – mən sənə öz əl arabamı verərəm. Düzdür, o, bir balaca korlanıb. Bir tərəfi sınıb, təkərinin milləri də xarabdır. Buna baxmayaraq mən onu sənə verirəm. Həddindən artıq əliaçıqlıq etdiyimi bilirəm. Camaatın çoxu əl arabamı sənə verməyimin üstündə məni axmaq hesab edəcək,