Название | Hekayələr |
---|---|
Автор произведения | Оскар Уайльд |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242706 |
– Yaman acmışıq.
Gözətçi qışqırdı:
– Burada uzanmaq olmaz!
Uşaqlar yenidən yağışın altına çıxdılar. Qaranquş geri qayıtdı və gördüklərini Şahzadəyə danışdı. Şahzadə dedi:
– Mənim üstüm əla qızılla örtülmüşdür. Sən onları bir-bir, yarpaqbayarpaq götürməli və yoxsullara paylamalısan. İnsanlar belə düşünürlər ki, qızıl xoşbəxtlik gətirir.
Qaranquş qızılı yarpaqbayarpaq, Xoşbəxt Şahzadə tamamilə çirkin və boz görünənədək çıxartdı və yoxsullara payladı. Uşaqların yanaqları qızardı. Onlar gülməyə, küçədə oynamağa başladılar. Uşaqlar qışqırırdılar:
– İndi bizim çörəyimiz var.
Qar yağmağa başladı. Şaxta düşdü. Küçələr çox işıqlı və şəffaf olduğundan gümüşdən düzəldilmiş kimi görünürdü. Evlərin damından sallanan sırsıralar isə almaz xəncərlərə bənzəyirdi. Hamı isti paltar geymişdi. Qırmızı papaq qoymuş balaca oğlanlar buz üstündə sürüşürdülər.
Yazıq balaca Qaranquş üşüməyə başladı, lakin Xoşbəxt Şahzadəni istədiyindən onu atıb getmədi. Çörəkçi görməyəndə o, dükanın qabağından çörək qırıntıları tapıb yeyir, qızışmaq üçünsə qanadlarını bir-birinə çırpırdı. Nəhayət, o başa düşdü ki, ölür. Onun Şahzadənin çiyninə uçub qonmağa bir dəfə də qüvvəsi çatdı. Pıçıldadı:
– Əlvida, əziz Şahzadə! İcazə verərsənmi, əlini öpüm?
Şahzadə dedi:
– Sənin, nəhayət, Misirə getməyinə çox şadam, balaca Qaranquş. Burada çox ləngidin. Mən səni sevirəm, ona görə də sən mənim dodaqlarımdan öpməlisən.
Qaranquş dedi:
– Mən Misirə getmirəm. Mən ölümün evinə gedirəm. Məgər Ölüm Yuxunun qardaşı deyil?
Qaranquş Xoşbəxt Şahzadəni dodaqlarından öpdü və yuvarlanıb onun ayaqları altına düşdü.
Elə o dəqiqə heykəlin içindən qəribə şaqqıltı gəldi. Şahzadənin qurğuşun ürəyi bu dərdə dözməyib partlamışdı. Əlbəttə, dəhşətli şaxta idi.
Səhər tezdən şəhərin meri bir dəstə şəhər müşaviri ilə aşağıdakı meydandan keçirdi. Sütunun yanından ötəndə yuxarı, heykələ baxdı və heyrətləndi:
– Aman Allah! Xoşbəxt Şahzadə gör nə günə düşüb?!
Merlə həmişə razılaşan şəhər müşavirləri:
– Gör nə günə düşüb? – deyə qışqırdılar və yuxarı, heykələ baxmağa getdilər.
Mer heykəli nəzərdən keçirdi:
– Yaqut qılıncından düşüb, gözləri yoxdur. Üstündəki qızıl yarpaqlar da tökülüb. Doğrusu, indi o, dilənçidən heç fərqlənmir.
Şəhər müşavirləri də təkrar etdilər:
– Bəli, dilənçidən heç fərqlənmir.
Mer sözünə davam etdi:
– Onun ayaqları altında ölü quş da var. Biz quşların burada ölməsinə icazə verilməməsi haqqında mütləq qərar çıxarmalıyıq.
Şəhər müşavirləri təklifi o saat qeydə aldılar. Sonra isə heykəli uçurdular.
İncəsənət professoru isə universitetdə dedi:
– Qısa müddət qəşəng olduğu kimi, qısa müddət də gərəkli oldu.
Sonra onlar heykəli sobada əritdilər. Mer əridilmiş metaldan nə düzəltməyə qərar vermək üçün cəmiyyətin iclasını çağırdı və sözə başladı:
– Biz bu metaldan başqa heykəl düzəltməliyik. Əlbəttə, bu mənim heykəlim olmalıdır.
Müşavirlərin əks-sədası eşidildi:
– Mənim heykəlim olmalıdır.
Onlar bir-birindən küsdülər və uzun müddət də barışmadılar.
Metaləridən sexdəki fəhlələrin nəzarətçisi dedi:
– Bu nə qəribə şeydir! Bu qırılmış qurğuşun ürək sobada ərimir. Onu tullamaq lazımdır.
Elə də etdilər. Ürəyi Qaranquşun ölüsü atılan zibil qalağına tulladılar.
Allah öz mələklərindən birini yanına çağırıb:
– Mənə şəhərdən ən qiymətli iki şey gətir, – dedi.
Mələk ona parçalanmış qurğuşun ürək və ölü quş gətirdi.
Allah razı qaldı:
– Sən düz seçmisən. Bu quş mənim cənnətdəki bağımda həmişə oxuyacaq. Xoşbəxt Şahzadə isə mənim qızıl şəhərimdə məni tərif edəcək.
GÜL VƏ BÜLBÜL
– Qız məndən gül istədi. Qırmızı qızılgül. Əgər tapsam, mənimlə rəqs edəcək, tapmasam… – Gənc tələbənin səsi titrədi. – Mənimsə bağımda bir dənə də olsun al qızılgül yoxdur.
Bulbül dinləyir, palıd ağacındakı yuvasından – yarpaqların arasından tələbəyə baxır və təəccüblənirdi.
– Mənim bağımda bircə dənə də qırmızı qızılgül yoxdur, – deyib tələbə dönə-dönə ah çəkir, qəşəng gözləri yaşla dolurdu. – Gör xoşbəxtlik necə xırda şeylərdən asılıdır! Filosofların bütün əsərlərini oxumuşam, fəlsəfənin bütün sirlərinə bələdəm, amma nə olsun, yenə də bircə dənə qırmızı qızılgül məni bədbəxt edir.
Bülbül öz-özünə dedi:
– Bu, əsl aşiqdir. Mən onu tanımasam da, hər gecə onun haqqında nəğmə oxuyurdum, eşqini, dərdini ulduzlara nəql edirdim. İndi onun özünü görürəm. Saçları şəvə kimi qara, dodaqları qızılgültək yaraşıqlı, təravətlidir. Lakin o biri tərəfdən eşq yanğısı onun çöhrəsini soldurub, fil sümüyütək ağardıb, dərd-qəm alnında kədər doğuran izlər qoyub.
Gənc sözünə davam edirdi:
– Sabah axşam sarayda rəqs gecəsidir. Sevdiyim qız da orada, qonaqların arasında olacaq. Əgər mən ona qırmızı qızılgül versəm, o mənimlə yorulanadək rəqs edəcək. Onu qollarım arasına alacağam, başını çiynimə qoyacaq, mən bütün rəqs boyunca əllərini əllərimdən buraxmayacağam. Lakin nə edim, bağımda qırmızı qızılgül yoxdur və demək, mən yalqız qalacağam. O məni saymayacaq, mənim də ürəyim parçalanacaq.
Bülbül yenidən dilləndi:
– Bəli, bu, əsl aşiqdir. Gənci qəm dəryasına qərq edən, mənimsə nəğmələrimdə vəsf etdiyim, təriflədiyim məhəbbətdir. Heyhat,