Bu kitabda Andre Moruanın “Tonatos mehmanxanası”, “Fəslin çiçəkləri”, “Tufan”, “Yolüstü dayanacaq”, “Fəslin çiçəkləri” və digər hekayələri toplanıb. Bu hekayələr müasir Fransa həyatından, müəllifin yaşadığı cəmiyyətdən bəhs edir. Hekayə janrının ustası olan Moruanın Jan Monyenin taleyindən bəhs edən hekayəsi kimi digər əsərləri də ilk sözündən son nöqtəsinədək oxucunu cazibəsində saxlayır.
Görkəmli türk yazıçısı Suat Dərvişin “Fosforlu Cevriyə” romanında Türkiyə həyatının 30 – 50-ci illər üçün səciyyəvi olan ən yarıtmaz cəhətləri böyük sənətkarlıqla açılıb göstərilmiş, yoxsulluq, səfillik və cinayətkarlığı doğuran səbəblər bədii boyalarla təsvir edilmişdir. Suat Dərvişin qəhrəmanları səfil həyatı keçirsələr də mənəviyyatlarını itirməmiş, səmimi və həqiqətpərəst adamlardır. Romanda insanın çətinliyə sinə gərməsi, onun mənəvi təkamülü problemi qoyulur. Bu romanda təsvir olunan hadisələr yalnız bir ölkəyə, bir xalqa, bir millətə aid olmadığı üçün bir məmləkət çərçivəsindən kənara çıxır və bəşəri əhəmiyyət kəsb edir.
20-ci əsr Alman ədəbiyyatının ən vacib adlarından biri olan Hans Falladanı, dünyada məşhurlaşdıran, 1932-ci ildə qələmə aldığı «Daha nə, kiçik adam?» əsəri, Fallada'nın əlyazmaları araşdırılan zaman həqiqətləri və sərt siyasi tərifləri yaymaqdan yayınan nəşriyyatçı tərəfindən senzuraya uğradı. Nəhayət 85 il sonra Falladanın bu «şah əsəri» nəşr olundu. Roman, İkinci Dünya Müharibəsindən öncə, iqtisadiyyatın çökməsi ilə nasist rejiminin güclənməyə başladığı anları özündə əks etdirir. . 1930-cu illərdə Almaniyada çətin həyat tərzi sürən milyonlarla "kiçik adamlardan biri olan Yohannes Pinneberq, üç nəfərlik ailəsinə baxmaq üçün var gücü ilə çalışır. Getdikcə çətinləşən yaşayış şəraiti onları demək olar ki, aclıq həddinə çatdırır. Pinneberg həyat mübarizəsində hər gün ümidini itirir. Nasizmin ayaq səslərinin yaxınlaşdığı bir mühitdə, Pinneberqin hiss etdiyi böyük bir qəzəb, çarəsizlik və ədalətsizliyə qarşı səsini qaldırmayan bir cəmiyyətin ümumi mənasını özündə cəmləşdirən bir obrazdır.
Ələviyyə Babayevanın “Adamlar və talelər” romanı iki hissədən ibarətdir. Həmin əsər haqqında müəllif özü demişdir ki, “məni çoxdan bəri köhnəliklə yeniliyin burulğanında yetişən nəsil haqqında, müharibənin ağırlığını görmüş, enişli-yoxuşlu həyat yolunda yaxınını, sevilmisini, dostunu itirmiş, ancaq ürəyindəki inani hissləri – xeyirxahlığı, məhəbbəti, sədaqəti mərdanə qoruyub saxlayan müasirlərim haqqında əsər yaratmaq düşündürürdü. Deyirlər hər əsər az-çox öz müəllifinin tərcümeyi-halıdır. Bu fikrə şərikəm. “Adamlar və talelər” romanı şübhəsiz mənim tərcümeyi-halım deyil. Lakin hər halda bu mənim yaşıdlarımın hər birinin həyatı ola bilər”. Əsərin qəhrəmanları kimlərdir? Alim-həkimlər, incəsənətə xidmət edənlər, jurnalistlər. bu adamlar çiyin-çiyinə yaşasalar və yanaşı addımlasalar da insani keyfiyyətləri etibarı ilə biri-birlərindən tamam seçilirlər. Bir sözlə, “hamı iki ayağı üstündə gəzir, ancaq hərənin özünəməxsus yerişi var”. Əsərdə bir fikir qırmızı xətlə keçir: istər alim, istər sənətkar, istər xəstə baxıcısı ol, əgər sən qürurla səslənən insan adını layiqincə daşıya bilmirsənsə – heç bir şey deyilsən! – “Ən çətini insan olmaqdır”
Kitabda klassik Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Məhsəti Gəncəvinin müxtəlif mənbələrdən götürülmüş rübailəri toplanmışdır. Bu rübailər dövrünün humanist poeziyası – Xaqani, Nizami yaradıcılığı ilə yaxından bağlı olmaqla dünyəvi hisslər tərənnüm edir, insanı, onun gözəlliyini, arzu və istəklərini ifadə edir, onun həyat eşqinin, rəngarəng duyğularının poetik ifadəsi kimi özünü göstərir.
İsa Muğannanın 2009-cu ildə yazdığı, lakin sağlığnda işıq üzü görməyən “Türfə” romanı SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndlikdən bəhs edilir.
"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarşısına çıxan maniələr..bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halı ilə uyğundur. Lakin təbii ki, tərcümeyi-halla bədii əsər arasında eynilik ola bilməz. Çünki bədii əsərdə qəhrəmanın keçirdiyi hisslər, onun çevgisi, əhatə olunduğu mühit və qarşılaşdığı çətinliklər müəllifin bədii təxəyyülünün məhsuludur və Gülhüseyn Hüseynoğlu professional bir yazıçı kimi bunları ustalıqla təsvir edə bilmişdir.
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.