Gülhüseyn Hüseynoğlu «Yana-yana», «Adam istəsə», «Xəzərin qoynunda» adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.
Sürgündən qayıtdıqdan sonra G.Hüseynoğlu bütün diqqətini ədəbi və pedaqoji fəaliyyətə yönəldir. Əllinci illərin sonlarında onun «Geoloq qız», «Xeyirxah», «Bir ömrün çıraqları», «Etiraf», «Qibtə» hekayələri, «Ata», «Müjdəçi», «Abdulla Şaiqin xatirəsinə» mənsur şeirləri, «Xəzərin qoynunda» sənədli povesti və bir sıra oçerkləri çap olunur. Daha sonra isə onun oxucular arasında böyük şöhrət qazanan «Nigarançılığın sonu» hekayəsi meydana gəlir. Bu hekayədə iki sevən gəncin tarixçəsini izləyir. Hekayə lirik axardadır, müəllif Mustafanın və Nazəninin sevgisini, onların könül çırpıntılarını elə təsvir edir ki, oxuyub qurtarandan sonra deyirsən: «Bax, əsl sevgi belə olar».
"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarşısına çıxan maniələr..bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halı ilə uyğundur. Lakin təbii ki, tərcümeyi-halla bədii əsər arasında eynilik ola bilməz. Çünki bədii əsərdə qəhrəmanın keçirdiyi hisslər, onun çevgisi, əhatə olunduğu mühit və qarşılaşdığı çətinliklər müəllifin bədii təxəyyülünün məhsuludur və Gülhüseyn Hüseynoğlu professional bir yazıçı kimi bunları ustalıqla təsvir edə bilmişdir.