Çörək rəngli əllər. Sevinc Elsevər

Читать онлайн.
Название Çörək rəngli əllər
Автор произведения Sevinc Elsevər
Жанр
Серия Çağdaş ədəbiyyat
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

ər

      Çörək rəngli əllər

      Mövlud Mövludun əziz xatirəsinə ithaf olunur…

      Ərzaq siyahısında şeir tapan şair

      Biz şeirlərimizə qarşı çox diqqətsizik. Sevinc Elsevərin şeirlərini oxuyanda bunu başa düşdüm. Biz şeirləri, əlimizdən salır, yerə tökür, hətta tapdayırıq. Sevincsə ana qayğıkeşliyilə bu şeirləri yığır, toplayır və görə biləcəyimiz yerə qoyur.

      Sevinc şeiri görür – bir dibçək gülündə, axşam xəbərlərində, uşaq ovcunda, kirli pəncərədə, ərzaq siyahısında, əhli-kef qonaqların közün içində unutduğu kösövə dönmüş kartofda – ağlımıza belə gəlməyən hər şeydə. Və bizə də göstərir. Onun şairliyi budur. O, sözün əsiri deyil, sözdən xüsusi asılılığı yoxdur. Onun sözlərində söz nə özündən böyük, nə də kiçikdir. Olsa-olsa, söz yanından ötdüklərimizi, tökdüklərimizi, görmədiklərimizi görmək üçün bizi saxlayan maneədir. Ona görə də şeir küçədə rastladığımız elan da ola bilər, çağırış da (məsələn, qaziyə həsr olunmuş şeir):

      “qadınlar qoruyun

      çocuqlarınızın atalarını

      ölüm gəldi şəhərə

      kimi bir az ipiboş

      kimi bir az sevgisiz

      kimi bir az yalqız gördü

      götürüb aparır

      qadınlar, gözdə-qulaqda olun

      tez-tez zəng eləyin mobil telefonlarına

      onları sevdiyinizi yada salın…

      mən ciddiyəm

      sözü elə-belə demirəm

      xəbəriniz olsun ki,

      içi alışıb yanan bir qazi

      çölünə özü od vurdu əliylə

      kimsə görmürdü çünki

      içinin köz-köz olduğunu

      o qazi öldü bu gecə

      əgər bacarmırsınızsa

      bu həftə, bu ayı

      birtəhər yola verin

      biz nələrə dözdük ki, bu şəhərdə

      bu da keçər, əlbəttə…”

      Qonşunun hekayəti də, xatirə dəftərindən qopan vərəq də, alınacaq ərzaq siyahısı da, oxuduğun səhifəni göstərən əlfəcin də, yanından ötdüyümüz pəncərə də.

      “Axşamkı yağışdan sonra

      bu səhər də

      qadınlar əllərində dəsmallarla

      silməyə qoşmuş

      sevgili pəncərələrinin göz yaşlarını

      qadının yoxmu

      anan yoxmu

      bacın yoxmu

      qarşı küçədən baxan pəncərə

      nə kədərlisən…”

      Bu şeirlərdə ritm taktdan, misradan, hecadan asılı deyil, orada sözügedən hadisənin narahatlıq ritmi var. Bu ritm formal-zahiri yox, daxilidir. Dram əsərlərində olduğu kimi janra sadiqdir. Əgər bir Word xətası üzündən bu şeirlərdən birinin sətir bölgüsü itibsə, asanlıqla onu yazıldığı varianta, orijinal sintaksisə gətirə bilirsiniz.

      “Xəbər izləmək üçün baxır ancaq televizora

      maraq dairəsində ölümlərdi yalnız

      oğlu əsgər gedəndən bəri

      hər yeni xəbərə qulaq verir ürəyi əsə-əsə:

      "şükür Allaha, oğlum salamatdı" deyir

      inanmazdı dünyada

      kiminsə ölüm xəbərini

      şükürlə qarşılaya nə vaxtsa

      hər gün kimsə ölməyə borcludu sanki…”

      Sevincin şeirlərinə çoxlarının etiket kimi yapışdırdığı feminizm sosial kontekstdən qopuq deyil. Onlarda pafos görə bilərsiz, üsyan da. Amma populizmə hesablanan hədəflər yoxdur. Yaxşı ki, yoxdur. Onun son dövr yaradıcılığının müsbətlərindəndir bu.

      “daha sənə qışqırmayacaq

      acıqlanmayacaqlar

      nə kötək, nə danlaq

      izin almadan gedəcəksən

      oğlunun, qızının evinə

      sevin nənə,

      babam öldü!”

      Bir özəlliksə bütün yaradıcılıq boyu (ilk kitabındakı şeirlərdən bəziləri istisna olmaqla) davam edir: şifahi ədəbiyyata xas təhkiyə dili.

      “əlini sol döşünə qoyub

      kompüterin siçanı kimi gəzdirirsənsə

      axtarırsansa döyüntülərini

      ürəyin heç ağrımadı demək

      dəqiq bilmirsən yerini

      anlamazsan məni

      boşuna danışdım indi…”

      Daha bir özəllik də var: bu şeirlər tanış sentimental qatlarda instinktlərə toxunub duyğu dilənmir, amma onun yanından bir dilənçinin yanından keçdiyiniz kimi rahat ötüb keçə də bilmirsən:

      “əl-ayağı salamatdı, gedib işləsin” deyə deyinməyin

      bəlkə görünməyən yaraları

      üzdə olmayan dərdləri vardır…

      bəlkə insan olmaqdan yorulmuşlar sadəcə

      bir pişik

      həyatını yaşamağı seçmişlər

      əllərə baxmaları

      bir dilim çörəyə möhtac olmaları ondandır…”

      Oxucunun reallıq hissini makrodünya hissi ilə qarşı-qarşıya qoymaq Sevincin şeirlərinin əsas müstəvisidir. Bu şeirlərdə yaşamağın bütün ağırlığı insanın çiyninə artıq yük yox, öz yükünü qoyur: insan olmanın məsuliyyəti.

      “uşaqlar qorxmayın qaranlıqlardan

      günəş var göylərdə

      işığımızı kəsə bilməzlər

      ömrümüzün sonunacan çatar!”

      Bu şeirlər reallıqla əzilən günün adamına daha dərinlərdə gizlənən həyatı göstərir.

      “sən sevgisən

      utanmazın biri

      çılım-çılpaq soyunmaqdan belə çəkinməzsən

      yad baxışlar altında

      sən sevgisən

      ağlamaqdan, yalvarmaqdan arlanmazsan

      bir dilənçi kimi də

      yapışa bilərsən birinin ətəyindən

      buraxmazsan… “

      Özün də bilmədən bu şeirləri oxuyub onlardan gerçək bir güc alırsan. Çünki,

      “şeirlər oxuyub kədərlənmək üçün deyil

      oturub ağlamaq üçün deyil

      güzgüdə özünə baxmaq kimi

      baxmalısan şeirdəki özünə

      güzgüyə baxanda ağlamazlar…”

      Qazandığı məna çalarlarıyla poeziya sözü bu şeirləri ümumiləşdirmək üçün saxta görünür. Buna heç vaxt Sevincin poeziya dünyası deyə bilmərik. Belə bir dünya yoxdur və onun hansısa açar sözləri yoxdur. O, burada bir addımımızda, əlimizin altında, yediyimiz çörəkdə, baxdığımız pəncərədədir.