Название | Polkovnikin ölümü |
---|---|
Автор произведения | Артур Конан Дойл |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Bu işçilər arasında ən uzun müddət xidmətimizdə olan eşikağası Brantondur. Branton atam tərəfindən işə götürüləndə işsiz müəllim imiş. Həm şəxsiyyəti, həm də yüksək enerjisi sayəsində qısa zamanda evdə hədsiz dərəcədə əhəmiyyətli adama çevrilmişdi. Qıvraq, yaraşıqlı adamdı. Parlaq üzü vardı. İyirmi ildir, yanımızda çalışır, amma indi də yaşı qırxdan çox deyil. Bir neçə dil bilməsi, az qala, bütün musiqi alətlərində ifa bacarığı kimi xüsusiyyətləri, anadangəlmə üstün qabiliyyətləri ilə vəzifəsində uzun illər qala bilmiş olması çox gözəldir. Ehtimal ki, özünü bizdə rahat hiss edib və peşə dəyişdirəcək cəsarəti özündə tapa bilməyib. Harlstonun eşikağasısı simasında bizi ziyarət edən hər kəsin ağlında iz qoymağı bacarırdı.
Bu mükəmməl adamın bir qüsuru var. Azacıq Don Juandır. Təbii, onun kimi adam üçün bu rolu oynamaq çox çətin deyildi. Evləndiyi vaxt işlər yoluna düşmüşdü. Elə ki dul qaldı, başımıza açdığı dərdlərin ardı-arası kəsilmədi. Xidmətçilərdən Reyçel Hovels ilə nişanlanınca artıq toxtayar, özünə diqqət edər deyə ümidlənmişdik. Amma vaxt itirmədən onu atıb gözətçinin qızı Cenet Tregelislə oturub-durmağa başladı. Reyçel yaxşı qızdır, qalliyalı olduğuna görə bir az əsəbi görünüşü var. O hadisədən sonra qız şiddətli gərginlik keçirdi, indi evin içində ruh kimi gəzib-dolaşır. Ən azı dünənə qədər elə idi. Bu, Harlstondakı ilk hadisəmiz idi. Amma arxasınca elə şey oldu ki, ötən hadisəni unutdurdu, nəhayət, Brantonun bu son rüsvayçılığından sonra onu işdən çıxardım.
Dedim axı, adam çox ağıllıdır. Başına nə gəlirsə, zəkası ucbatından gəlir. Ona aid olmayan işlərə maraq göstərirdi. Marağının haralara qədər uzandığını təxmin edə bilmirdim, son hadisədən sonra gözüm açıldı.
Dediyim kimi, ev çox köhnədir. Keçən həftə, daha qəti danışsaq, cümə axşamı gecəsi yata bimirdim. Axmaqlıq edib axşam yeməyindən sonra tünd qəhvə içmişdim. Gecə saat ikiyə qədər yuxu ilə mübarizə apardım. Gördüm, ümid yoxdur, bir roman oxuyurdum, ona davam etmək üçün qalxdım, şamdanı yandırdım. Amma kitabı bilyard salonunda qoymuşdum, əynimi geyinib ora yollandım.
Bilyard salonuna getmək üçün pilləkənlərdən enib kitabxana və silah otağına uzanan dəhlizdən keçmək lazımdır. Dəhlizin başına çatanda kitabxananın açıq qapısından çölə işıq süzüldüyünü gördüm. Yatmamışdan əvvəl lampanı söndürmüş, qapını da bağlamışdım. Təbii ki, ilk ağlıma gələn oğrular oldu. Harlstonun dəhlizlərində divarlar boydan-boya antikvar silahlarla doludur. Divarların birindən döyüş baltası götürdüm, şamdanı yerə qoyub barmaqlarımın ucunda dəhlizi keçdim. Açıq qapıdan içəriyə başımı uzatdım.
Eşikağası Branton kitabxanada idi. Əyin-başı yerində tapdığı ilk kürsüdə oturmuşdu. Masanın üstündə xəritəyə bənzəyən kağız parçası vardı. Başı əllərinin arasında düşüncəli şəkildə xəritəyə baxırdı. Qaranlıqda səssizcə dayanıb onu izləyirdim. Masanın kənarına qoyulmuş kiçik şamın işığı geyimli olduğunu göstərməyə çatırdı. Birdən kürsüsündən qalxdı, yan tərəfdəki iş masasına getdi, açarı çevirib siyirmələrdən birini açdı və kağız çıxardı. Yenə kürsüsündə əyləşdi və kağızı masanın kənarındakı şamın yanına qoydu, diqqətlə araşdırmağa başladı. Ailə sənədlərimizi belə soyuqqanlılıqla qurdalamasına dözə bilmədim və ona doğru bir addım atdım. Branton başını qaldırıb məni görəndə ayağa sıçradı. Qorxudan üzü gömgöy göyərmiş, götürdüyü kağızı sinəsinə sıxmışdı.
– Demək, sənə göstərdiyimiz etibarın əvəzini belə qaytarırsan, hə? Sabahdan gec olmayaraq buranı tərk edəcəksən, – dedim.
Tamamilə sarsılmışdı. Başı ilə məni salamlayıb bir söz demədən yanımdan keçib getdi. Şam hələ masanın üstündə yanırdı, şamın işığında Brantonun iş masasından götürdüyü kağıza baxdım. Çaşdım, çünki qətiyyən əhəmiyyətli olmayan sənəddi. “Masqreyv ritualı” adı verilən, sual-cavab şəklində yazılmış köhnə bir ailə sənədinin nüsxəsi idi. Bu, ailəmizə xas ritualdır. Əsrlərdir, Masqreyv ailəsinin yaşı çatan hər fərdi bu ayini oxuyur. Bizə məxsusdur və bəlkə, arxeoloqların da diqqətini çəkə bilər. Xanədan gerblərimiz, silahlarımız kimi… Amma praktikada işə yarayan bir şey deyil.
– Bu kağızdan danışsaq, yaxşı olar, – dedim.
Tərəddüdlə:
– Həqiqətən, lazım görürsənsə… – dedi, – Amma əvvəl bunu izah edim: Brantonun unutduğu açarla iş masasının siyirmələrini yenidən qıfılladım. Geri çevriləndə baxdım ki, eşikağası otağa qayıdıb. Qarşımda dayanmışdı. Gərginlikdən boğuq çıxan səslə:
– Cənab Masqreyv, – qışqırdı, – Bu utanca dözə bilmərəm. Həyatım boyu qürurum mənim üçün hər şeydən üstün olub. Bu utanc məni öldürər. Məni belə əzaba salsanız, inanın, ölümüm sizin əlinizdən olar. Bu hadisədən sonra məni işdə saxlamaq istəmirsinizsə, Tanrı eşqinə, heç olmasa bir ay vaxt verin, öz istəyimlə getmiş kimi edim. Buna dözə bilərəm, amma bu qədər tanışın qarşısında qovulmağıma dözə bilmərəm.
– İstədiyin mərhəmətə layiq deyilsən, Branton, – cavab verdim, – Etdiklərinə görə, onsuz da, kifayət qədər adın çıxıb. Yaxşı ki, uzun zamandır, ailənin xidmətindəsən, səni insanların qarşısında təhqir etmək istəmərəm. Bir ay çoxdur. Bir həftə içində çıx get. İstədiyin səbəbi də uydura bilərsən.
– Bir həftəmi, cənab? – ümidsizliklə dilləndi, – İki həftə… Heç olmasa iki həftə deyin!
– Bir həftə! – təkrarladım, – Eyni zamanda sənə qarşı layiq olduğundan daha insaflı davrandığımı da qəbul et.
Başı sinəsində ayaqlarını sürüyüb uzaqlaşdı, mən də işığı söndürüb otağıma qayıtdım.
Sonrakı iki gün boyunca Branton vəzifələrini daha vasvasılıqla yerinə yetirdi. Mən də olanlarla bağlı kimsəyə bir kəlmə demədim. Etdiyi tərbiyəsizliyin üstünü necə örtəcəyini maraqla gözlədim. Üçüncü gün səhər Branton ortalıqda görünmədi. Halbuki hər səhər yeməkdən sonra yanıma gələr, ogünkü işlərə bağlı təlimat alardı. Yemək otağından çıxanda xidmətçi Reyçel Hovelslə qarşılaşdım. Dediyim kimi, xəstələnmişdi, təzəcə yaxşılaşırdı. Olduqca yorğun, əldən düşmüş, solğun görünürdü. Bu halda işə başladığı üçün bir az danladım:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив