Название | Təbriz namusu |
---|---|
Автор произведения | Фарман Керимзаде |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8450-6-8 |
Baş ağsaqqal isə söyləyəcək:
–Onda onun ayrı tayfalarla qarışığı var.
–Bəli, sizdən sonra bir çox tayfalar biri-birilərinə qız verib, qız alıblar. Qanlarını qarışdırıblar ki, əmin-amanlıq olsun, birlik olsun.
Onda başçıları onunla lap sərt danışacaqlar.
–Demək, tayfamızı kor qoymusan?! Səni kor olasan!
Dobun dözməyib, qılıncına əl atacaq. Qocalar isə gülüb, onu ələ salacaqlar:
–Burda qılınc kəsməz, söz kəsər, ay yazıq! Bizdən sonra onsuz da bizim adətlərimizə qılınc çəkmisən. İndi biz sözlə səni doğrayacağıq. Cavan, gözəl arvadını orda tək qoymusan ki, bizim namus ənənələrimiz pozulsun. Ərindən sonra əsilsiz bir adamla yastığa baş qoysun və tayfa başçısının hansı qandan törədiyi məlum olmasın. Tayfanın namusuna gülsünlər!
–Mənim xatunum elə iş tutmaz. O, büsbütün namusdan yoğrulub!
–Arvadını namusuna görə öymək kişiyə yaraşmaz. Sənin kişilikdən danışmağa haqqın yoxdur!
Qardaşım o dünyada xəcalətli qalıb, ömür boyu cəhənnəmdə olacaq. Amma o da deməyə sözünü tapacaq. Deyəcək:
–Ey ağsaqqallar, siz heç Utkuxu1 görmüsünüzmü?
Ən qocamanı əlavə edəcək:
–Mənim atam deyərdi ki, oranı uzaqdan görüb!
–Bəs siz? Siz görmürsünüzmü?
Bütün ağsaqqallar bir ağızdan söyləyəcəklər:
–Yox, görməmişik, eşitmişik. Gərək düzünü deyək.
–Amma mən Utkuxu aşıb, Çindən tayfaya ipək, qumaş gətirib geyindirmişəm. Sizin vaxtınızda onların əynindəki qoyun dərilərini mən çıxartmışam. Sizin vaxtınızda da alaçıqlardan arxac, peyin iyi gəlirdi. Mənim vaxtımda xatunlarımız Çin gülabı ilə saçlarını yuyurlar. Körpələrimizdən süd, qızlarımızdan qızılgül ətri gəlir.
Ağsaqqallardan biri soruşacaq:
–Qızılgül necə olur?
–İtburnu çiçəyindən beş dəfə böyük, lalə kimi qırmızı.
–Bəs lalə necə olur?
–Qızılgüldən beş dəfə kiçik, onun kimi qırmızı.
Baş ağsaqqal:
–Onun ətri baharda da gəlirmi? – soruşacaq.
–Əlbəttə, amma onun ətri qışda da gəlir. Onsuz da yazda çobanyastığının, yayda yovşanın iyini tanrı özü yetirib. Qışda isə qızılgülün ətrini mən ona çiləmişəm.
Qocalar uzun müddət dinməyəcəklər. Sonra ən yaşlısı dillənəcək:
–Sənin Utkuxdan o yanda talan edib gətirdiyin qızılgül ətri, ipək, altun bizim adətimizdən, bizim namusumuzdan artıqmı olub? Sən ən böyük və müqəddəs adəti pozmusan, xatununu özünlə o birisi dünyadan bu birisi dünyaya gətirməmisən.
Dobun isə qışqıracaq:
–Onda gərək uşaqlarımı da, tayfamı da gətirəydim ki, dünyada bizim tayfadan heç əsər-əlamət də qalmayaydı! istədiyiniz budurmu?
–Yox, o tayfanın salamatlığı üçün bu lazım idi. Bir xatunla tayfa qara geyinməz, tayfa başçısının uşaqlarını isə ana nəfəsi əvəzinə qışın sərt nəfəsi isitməli, ana südü əvəzinə madyan südü qarnımızı doyuzdurmalı, nənni əvəzinə yəhər yırğalamalıdır. Ata olmayanda ana himayəsində böyüyən uşaq qız-qadın xislətində olar, o cür böyüyən uşaq döyüşdə küt qılınc kimi bir şeydi. Həyatın sərtliyi onun qılıncına ovxar, ürəyinə möhkəmlik, gözlərinə kin verməlidir. Yoxsa o öz tayfasında başçı ola bilməz və tayfaları özgə çöllərin quzğunlarına yem verər.
Yekə Nidunun fikrinin cilovunu elə bil çəkdilər və o, yolunu dəyişib, ayrı bir səmtə çapmağa başladı.
Ağsaqqalların bu sözündə böyük hikmət var. O uşaqlardan tayfaya başçı, atalarına əvəz ola bilməz. Onlar elə gözəl Alan- Qoanın uşaqları olub qalacaqlar. Tayfanı isə idarə edən tapılar. Onların böyük əmiləri sağ deyilmi?
Bir neçə ildən sonra, ağsaqqalların dediyi kimi o uşaqlar həyatın sərt üzünü görüb böyüsələr, onda gör, nələr olacaq!
Alan-Qoa səhərə yaxın fikirləşirdi. Oğlu da bu gecə yaman tez-tez ağlayırdı və indi də onun tezliklə südlə dolan döşünü var gücü ilə əmirdi. Uşağın körpə başı anasının sol qolunun üstündə idi və birdən isti bir axınla balasının dilinin üstünə tökülən südün əks istiqamətində elə bil soyuq, sərt bir titrəyiş yarandı və ona elə gəldi ki, onu balasından ayırıb, anasının yanına göndərən xəncər döşünü dəlib, içəri keçdi və ürəyinin damarını kəsdi.
Bu çox ani bir hiss idi. Ağrını da hiss etməmişdi. Ona yəqin oldu ki, qaynı Yekə Nidun bu gecə xəncərini çopur daşla itiləyir, onun hisini, pasını təmizləyir, ovxalayır. Xəncərin ağzında ovxalanan kiçik polad qəlpələr yerə tökülmür, kiçik qamqalaq kimi tiyədə ilişib qalır. Əri tez-tez xəncəri itiləyərdi, həvəs və səbrlə o, qlafı silib, poladı parıldatmayana qədər əl çəkməzdi. Qaynı isə xəncərini, qılıncını az-az belinə taxardı. ilxı, davar otarardı, tatarını, çomağı qılınc və xəncərdən daha çox işlədərdi. Yekə Nidun mindiyi tüklü atdan iki dəfə hündür, yalan olmasın, alaçıq enliyində idi. Tayfalararası davalara gedəndə kənarda dayanıb, düşmənin ürəyində xof, qorxu, vahimə yaradardı. Bəlkə də bütün tayfalar içərisində boyca onun kimi hündürü və çiyincə enlisi yox idi.
Yəqin ki, indi o xəncəri ona əmcəyinin üstündən yeridib, bir zərbə ilə qətlə yetirmək üçün məşq eləyir. Səhərə yaxın kənizlər alaçığa gəlib, körpələri aparacaqlar. Lap kiçiyinin dodaqlarından ana südü damcılaya-damcılaya gedəcək. Bəlkə də heç yuxudan da oyanmayacaq…
Kənizlərdən sonra Yekə Nidun ikiqat olub, oğru kimi alaçığa girəcək və yaxınlaşıb tez-tələsik xəncərini çapacaqdır. Alan-Qoa ölümü necə qarşılayacağı barədə fikirləşmişdi. O, heç gözlərini də açmaq fikrində deyildi. Sağ böyrü üstə uzanmışdı. Yorğanı bir az aşağı çəkmişdi. Döşünün üstünə bir tül atmışdı. Yəqin ki, səhərin alatoranında bu qırmızı tülün altında onun döşünün çiyələk düyməsi görünməyəcəkdi. Beləcə də uzanıb, ölümünü gözləyirdi.
Səhərə yaxın itlər ulaşdı. Hardasa xoruz banladı. Yaxındakı ilxıda ayğırın kişnərtisi, madyanların dırnaq səsləri eşidildi. Bir az aralıda sürüdəki qoyunlar öskürüşdü. Amma onun ölümündən xəbər verəcək şübhəli və təhlükəli bir şey yox idi. Təzədən körpəsini sol döşünə saldı. Elə bil ki, susdurulacaq ürəyinin çırpıntılarını özündən sonra yaşayacaq, kim bilir, taleyi necə olacaq körpəsinə zorla eşitdirmək istəyirdi. Heç olmasa, böyüyəndə hərdən-bir anasının iyini, ətrini yada salsın və onun ürəyinin döyüntülərini eşitdiyini bir qadir qüvvənin köməyi ilə duysun.
O, gecə ilə durub, körpələri qucağında atasının tayfa yurduna qaça bilərdi. Onun indiyədək mindiyi atlar yel kimi uçurdu. Amma
1
Utkux-Qədim türk və monqolların Çin səddinə verdiyi addır.