Çaldıran döyüşü. Фарман Керимзаде

Читать онлайн.
Название Çaldıran döyüşü
Автор произведения Фарман Керимзаде
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8278-7-3



Скачать книгу

məscidində oxuyacaqsınız. Elə orada sünniləri şiəliyə dəvət etməliyik.

      Nəcməddin Gilani gözlərini barmaqlarına dikmişdi. Barmaqlarının arasından təsbehin daşları yüngülcə sürüşüb keçir, o, ehtiyatla tərpənirdi ki, daşların səsi eşidilməsin.

      – Nədi? Sözlü adama oxşayırsınız. Yoxsa mən səhv eləyirəm? İkiniz də fikrinizi buyurun!

      Əvvəl Nəcməddin Gilani başladı:

      – Bizim indi bir fikrimiz var, ya Sahibi-Zaman! Ələ keçirdiyimiz bu dövləti hər vasitə ilə gücləndirmək. Dostların sayını çoxaldıb, düşmənlərin sayını azaltmaq lazımdır. Əgər biz indi Təbrizdə sünnilərə zorla şiəliyi qəbul etdirsək, onda Təbrizin özündə də düşmənlərimiz dostlarımızdan ikiqat çox olacaq.

      Gənc şah bir an fikrə getdikdən sonra üzünü Hüseyn bəy Lələyə tutdu:

      – Sizin fikriniz necədir?

      – Şeyx çox doğru buyurur, qibleyi-aləm. Mənə də belə gəlir…

      – Deməli, düşmənlərimiz çoxdur. Bəli, həddindən artıqdır. Ancaq onların heç biri nə Murad Mirzədir, nə də Sultan Bayazid. Vaxt gələcək, bizim düşmənimiz olmayacaq…

      Şeyx Nəcməddin dilləndi:

      – Sizin sözlərinizdə çox böyük həqiqət var, imam Sahibi-Zaman. Sünnilər bizi düşmən bilir. Ancaq bir var o, düşmənə toxunmayasan, bir də var onu qızışdırasan.

      Şah İsmayıl gördü ki, onun fikrini heç biri başa düşmür. Təbriz onun üçün dünyanın ən böyük bazarlarından biridir. Burada hökmdardan çox bazar hökmfərmandır. Bazar camaatı isə öz qazanclarını, dolanışığını əqidəsinə dəyişməyəcək. Sünni ya şiə. Nə fərqi var onun üçün. Əgər fateh kimi Təbrizə girəndə onu alqışla qarşılamasaydılar, onda inanardı ki, onun məzhəbinə gəlməyəcəklər. Zamanın sahibinin simasında xilaskarlarını görürlərsə, demək, onun dalınca gedəcəklər.

      Azərbaycan, Fars, Şiraz, Xorasan sünniməzhəb müsəlmanlar dənizində kiçik bir adadır. O adanın sahilinə güclü dalğalar çırpılır. Həmin dalğalar bu adanın qumunu da, torpağını da yuyub aparır. Ada qorunmasa onun müstəqilliyi də məhv olub gedəcək. Onu düşmən qarşısında yalnız əqidə gücünə saxlamaq mümkündür.

      İsmayıl bunu başa düşürdü. Ona danışmışdılar, bilirdi ki, babası Şeyx Səfiyyəddin sünni təriqətindən şiəliyə keçib. Demək, onun özü də elə belə fikirləşib.

      O, başa düşürdü ki, Təbrizdə sünniləri şiə məzhəbinə dəvət edəndə, şəhərdə narazılıq, həyəcan başlayacaq. Amma eyni vaxtda Murad Mirzənin hökmdar olduğu ərazilərin əksər əhalisi onun tərəfinə keçəcək. İsmayıl özü oxumuşdu ki, bir gün onun babası Şeyx Səfiyyəddindən soruşurlar: «İranda padşah qoşunları çoxdur, yoxsa sənin müridlərin? Cavab verib ki, mənim müridlərim padşah qoşunlarından iki dəfə artıqdır». Demək, indi onun qoşunu ilə Ərdabil Darülirşadının müridləri birləşsə, onun qarşısında heç bir qüvvə dayana bilməz. Düşməni qızışdırmaq lazımdır. Qoy dost da, düşmən də ilk gündən bilinsin. Xüsusən paytaxtımız Təbrizdə.

      – Şeyx Nəçməddin, xütbəyə hazırlaşın. Bu gün xütbə oxunmalı, mən taxta çıxmalıyam. Məsciddə özüm də olacağam.

      Hüseyn bəy fikirli oturmuşdu. Görünür, Şeyx Nəcməddinlə əvvəldən bu barədə danışıbmış.

      Hökmdarı fikrindən döndərə bilməməkləri onu fikrə qərq eləmişdi. Əvvəldən danışıb saraydakı vəzifələri bölmüşdülər. Şeyx Nəcməddinə səltənətin sədarəti həvalə olunmuşdu. Hüseyn bəy isə əmirəlüməra vəzifəsini görəcəkdi. Zəkəriyyə Keçəçi vəzir, Dədə bəy isə qorçubaşı təyin ediləcəkdi.

      Birdən Hüseyn bəyin yadına nə düşdüsə, icazə istəyib ayağa qalxdı:

      – Ya imam Sahibi-Zaman, zərbxana ilk sikkəni kəsib. Göstərməyə gətirmişəm. Buyurub baxa bilərsiniz.

      İsmayıl onun verdiyi pulu aldı. Üstündəki yazıları oxudu. İndi onun sevincinin həddi-hüdudu yox idi. Hökmdarlığın ilk nişanəsi onun ovcundaydı. Orada peyğəmbərin, imamların, bir də özünün adı yazılmışdı.

      – Əmirəlüməra, – o artıq Hüseyn bəyi rütbəsi ilə çağırdı. – Deyirsiniz yəni Təbriz bazarında sünnilər imamların adı yazılmış bu pulla alver eləməyəcək?

      – Necə eləməyəcək? Puldan üz döndərərlər?!

      – Onda hazırlaşın.

* * *

      Təbrizin Nəsriyyə məscidini Uzun Həsən tikdirmişdi. Eyni vaxtda onun günbəzi altına on mindən çox adam yığılırdı. Bu gün isə cümə günü olduğundan, hökmdarın taxta çıxması münasibəti ilə xütbə oxunacağından məscidin həyətində də iynə düşməyə yer yox idi. Çinarlardan tökülən xəzəllər camaatın çiynində, çalmasında ilişib qalırdı. Məscidin günbəzinə və divarların üstünə dəstə-dəstə ağ və göy göyərçin qonmuşdu. Adətən bu məscidə cümə günləri sünnilər toplaşırdı, şiələr isə məhəllə məscidlərində olardılar. Amma indi buraya gələnlərin əksəriyyəti şiələr idi. Məscidin öz axund və mollaları nə edəcəklərini bilmirdilər. Təyin olunmuş vaxtda Nəcməddin Gilani camaat namazına dayandı. İsmayıl, Hüseyn bəy, Qara Piri bəy Qaçar, Bayram bəy Qacar və digər qızılbaş sərkərdələri də onun arxasında ayaqyalın dayanıb namaz qılıb qurtardılar. Bundan sonra İsmayıl məstlərini geydi. Belindəki qılıncını çəkib minbərin yanına gəldi. Firuzə rəngli kaşılar, bu kaşılar üstündəki ərəb əlifbası kimi qıvrılıb açılan gül-çiçək təsviri məscidə xoş bir əhvali-ruhiyyə verirdi.

      Nəcməddin Gilani minbərə qalxdı. Məsciddə siyirməqılınc dayanan İsmayıla baxıb özünü itirdi. Amma xütbəni oxumağa başladı.

      – Bismillahir-rəhmanir-rəhim… Məhəmmədən rəsulillah, Əliyyən vəliyyullah…

      Məscidə xəfif bir uğultu yayıldı. Məhəmməddən sonra gələn əfzəl xəlifələrin, həmişə adları böyük təmtəraqla bu minbərdə eşidilən Əbubəkrin, Ömərin, Osmanlı adlarının üstündən indi sükutla keçirdilər. O xəlifələrə görə bura yığılanların bir qismi başlarına dörd hörüklü çalma qoymuşdu: Deməli, peyğəmbərdən sonra onun valisi dördüncü xəlifə Əli hesab edilir. Nəcməddin Gilani xütbəni davam etdirmək istədi. Amma İsmayıl işarə verdi. O, dayandı, adamlara baxdı. Sonra aram-aram sözünə davam elədi:

      – Ey müsəlmanlar, imam Sahibi-Zaman zühur edib ki, sizi zillətdən xilas etsin. O, sizin qarşınızda qılıncını siyirib dayanıb. Sizlərdən kimin günahı yoxdursa, bu məhşər ayağından sağ-salamat keçəcək, kimin günahı varsa, həmin şəxs elə buradaca öz günahını yuya bilər. Mənim dediklərimi təkrar eləyin. Bu, doğrudan da, məhşər ayağı idi. Məsciddə hələ heç kim namaz qılan vaxt şeyxin «Allahu Əkbər» kəlməsindən başqa, heç bir sözünü təkrar etməmişdi. İndi on mindən, çox adam «Əliyən-vəliyullah» kəlməsini təkrar etməliydi. Şeyx Nəcməddin həmin kəlməni bir daha təkrar etdi: «Məhəmmədən rəsullillah, Əliyən vəliyyullah». Özü də aramla… Məsciddəki şiələr onunla bərabər bu sözləri təkrar etdilər. Özü də ürəkdən, can-dildən. Neçə illər idi ki, onların səsini boğmuşdular.