Mənim həyatım. Софья Толстая

Читать онлайн.
Название Mənim həyatım
Автор произведения Софья Толстая
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8276-9-1



Скачать книгу

Maksim İvanoviç, nənə Pelageya Nikolayevna, qoca ev qulluqçusu – quru, ciddi Aqafya Mixaylovna, şən paltaryuyan Aksinya Maksimovna və onun gözəl qızları Polya və Marfa, faytonçu, bağban və bir çox başqa bizə yabançı və yad adamlar gəlirdilər, onlarla uzun müddət bir yerdə yaşamalı olduq.

      KƏND MƏKTƏBLƏRİNİN MÜƏLLİMLƏRİ

      Toyumuzdan sonra ilk bayrama qonşu kənd məktəblərindən bütün müəllimlər gəlmişdi. Lev Nikolayeviç müəllimlərin bayram vaxtı belə yığıncağı onların istirahəti və ümumi şura tərəfindən məktəb məsələlərinin müzakirəsi münasibətilə keçirirdi. Bütün bu gənclər mənim iştirakımdan çox sıxılır, bəziləri isə Lev Nikolayeviçin bütün marağını məktəbdən ailə həyatına keçirəcəyini, onların Lev Nikolayeviçlə yaxın ünsiyyətinin sonu çatdığını hiss edərək mənə düşmən nəzərlə baxırdılar2.

      Əvvəllər mən həmişə Lev Nikolayeviçin məktəb müəllimləri ilə müşavirələrində iştirak edirdim, lakin bir azdan, hamilə olarkən tütün iyinə dözmədim.

      Və ümumiyyətlə sonralar da, bütün ömrüm boyu bu iyi götürmürdüm. Lev Nikolayeviç həyatı boyu dəfələrlə papiros çəkməyi tərgitdi, lakin sonra yenə özünün kök salmış adətinə qayıtdı və yalnız qoca vaxtında papiros çəkməyi tamam atdı.

      O zamanlar kiçik qonaq otağı, yaxud yemək otağı altı kişinin papirosunun tüstüsü ilə elə dolurdu ki, mən qaçırdım, ürəyim bulanır və mən öz yataq otağımda tək, Lev Nikolayeviçi maraqlandıran işlərdə iştirak edə bilmədiyimdən dilxor halda uzanırdım.

      Təsərrüfatda da eyni vəziyyət idi: Lev Nikolayeviç məni mal-qara və süd ilə bağlı işlərə öyrəncəli etmək istəyirdi, məni mal-qara həyətinə aparırdı. Mən sağıma, yağ çalınmasına və s. baxmağa çalışırdım. Lakin tezliklə peyinin iyindən ürəyim bulanırdı, qaytarırdım, məni solğun, valaylayan halda evə aparırdılar.

      Mən ərə gedəndən az sonra Kamenskilər – ata və qız bizə qonaq gəldi. Lev Nikolayeviç Kamenskilərlə mühasirə zamanı Sevastopolda ikən tanış olmuşdu. Onlar böyük ailə idilər və artıq yaşamaq çox təhlükəli olan şəhərdən niyə getmədiklərini soruşduqda, Lev Nikolayeviçə demişdilər ki, şəhərdən çıxmaq üçün nə pulları var, nə də imkanları. Lev Nikolayeviç onlara şəhərdən çıxmağa kömək etmiş və bunun üçün pul vermişdi.

      Bunu unutmayan qoca yol ötərkən Yasnaya Polyanaya baş çəkmişdi; qoca Lev Nikolayeviçin evləndiyini bilmirdi, Lev Nikolayeviç bunu dərhal elan etdi. Məni tanış olmağa çağırdılar. Mən həmişəki kimi utancaq halda yüyürərək qonaqlar olan otağa girdim və ucaboylu gənc qızın gözəlliyinə heyran oldum; qız diqqətlə mənə baxıb soruşdu:

      – Necə? Lev Nikolayeviç, bu qız sizin arvadınızdır?

      Bunlar indiki kimi yadımdadır. Əynimdə çox qısa, qəhvəyi rəngli mahuddan, hamilə olduğum üçün gen tikilmiş paltar vardı. Onu Lev Nikolayeviçin özü sifariş etmiş və almışdı; o deyirdi ki, krinolin (polad qurşaqlı enli yubka) və şleyflər arasında öz arvadını tapa bilməz; həm də kənd üçün o cür geyim narahatdır. Mən sonralar da uzun müddət qısa paltar geyərdim.

      NİKOLSKOYE VƏ ÇERYOMOŞNYA

      Həmin payızın noyabrında biz Lev Nikolayeviçlə onun Çerndəki malikanəsi – Nikolskoye-Vyazemskoyeyə atlarla, karetada getdik. Nikolskoye Yasnayadan 100 verst aralı idi. Lev Nikolayeviç oraya təsərrüfat işləri üçün gedirdi. Biz Sergeyevskdə gecələdik, sonra xeyli müddət yol getdik. Rütubətli, darıxdırıcı payız havası idi.

      Nikolskoyedə o zamanlar 4-5 otaqdan ibarət kiçik taxta ev var idi, Lev Nikolayeviçin böyük və sevimli qardaşı Nikolay demək olar ki, bütün ömrünü həmin otaqlarda keçirmişdi: Nikolskoye də ona məxsus idi. Biz orada olan zaman, köhnə tipli malikanədə təmkinli və artıq qocalmış prikazçik Pyotr Yevstratiç hələ də yaşayır və evi idarə edirdi. O, bizi çox təntənə və ədəblə salamladı. Bizə qulluq etmək üçün Nikolay Nikolayeviçin lakeydən daha çox ovçuya oxşayan keçmiş nökəri Aleksey Lyaxin gəlmişdi. Nikolskoyedəki evin pəncərəsindən uzaqdakı çay, meşəlik, çöl və kəndə çox gözəl bir mənzərə açılırdı. Nikolskoye mənə çox xoş gəldi, kefimi lap kökəltdi. Məni Lev Nikolayeviçlə ikilikdə olmaq, onun yalnız mənə məxsus olduğunu duymaq sevindirirdi. Lakin mən onu təsərrüfat işlərində sıxıntıya salırdım, o mənsiz sərbəst çıxa və uzağa gedə bilmirdi, çünki mən tək qalmağa qorxurdum, hamilə vəziyyətdə və ürəyi bulana-bulana isə hər yerə onun ardınca getməyə halım yox idi.

      Tezliklə Nikolskoyedə yanımıza Lev Nikolayeviçin ən yaxın dostu Dmitri Alekseyeviç Dyakov gəldi. Nə qədər də xoşsifət, tizfəhm, şən və mehriban adam idi. Sonralar da o bizim yaxşı və ən yaxın dostumuz olaraq qaldı. O mənim uşaqlarımı: Tanya və İlyanı da xaç suyuna çəkmişdi. Mənimlə uşaq kimi ehtiyat və zarafatla rəftar edirdi. O bizi öz yanına, o zaman onun ailəsi yaşayan zəngin Çeryomoşnya malikanəsinə qonaq çağırmağa başladı. Lev Nikolayeviç bu dəvətə sevindi, o bir müddətə məni Çeryomoşnyada qoyub sərbəstcəsinə təsərrüfatla məşğul olmaq fikrində idi. Dyakov dərhal bizi dəvət etdi və artıq noyabrın 11-də üç atlı xizəyində Çeryomoşnyaya apardı.

      Çeryomoşnyada yaxşı və rahat olduğunu görən Lev Nikolayeviç məni Dyakovların yanında qoyaraq bir neçə günlük təkbaşına Nikolskoyeyə gedib təsərrüfatla məşğul olmaq istəyirdi. Lakin onun məqsədini öyrənən kimi heç vəchlə qalmağa razı olmadım və uşaq kimi bərkdən ağlamağa başladım.

      Mən görürdüm ki, Lev Nikolayeviç ilk dəfə öz azadlığı üçün narahat oldu və şıltaqlığım ona xoş gəlmədi. Bununla belə biz Nikolskoyeyə birgə yola düşdük və mən özümü günahkar hiss etsəm də, Lev Nikolayeviç ilə ayrılmadığımdan tam xoşbəxt idim. Hərçənd Nikolskoyedə çox narahat, soyuq, canyandıran Aleksey Lyaxinin bişirdiyi yemək isə çox pis, natəmiz, və dadsız idi.

      YASNAYA POLYANAYA QAYITMAĞIMIZ. «KAZAKLAR»

      Nikolskoyedə az qaldıq, nə qədər, yadımda deyil və Yasnaya Polyanaya qayıtdıq. Lev Nikolayeviç o zamanlar «Russkiy vestnik»də «Kazaklar»ı və «Polikuşka»nı çap etməklə çox məşğul idi.

      «Kazaklar»ın korrekturasını yoxlamağı Katkov öz boynuna götürmüşdü və mənim yadımdadır ki, Lev Nikolayeviç bəzən Katkovun işindən narazı qalırdı, çünki o üslubun özündə də yüngülcə düzəliş edirdi, – məsələn, «hansı» əvəzinə «nə» yazırdı: Lev Nikolayeviç Katkova bunu deməyə utanırdı, lakin imkan tapan kimi öz yazdığını bərpa edirdi.

      Yasnaya Polyanada həyat yenə öz qaydasına düşdü: səhərlər mən aşağıda Lev Nikolayeviçin kabinetində dinməzcə öz işimlə məşğul olurdum. O yazır, sonra gəzməyə gedir, yaxud təsərrüfat işlərilə məşğul olurdu. Mən isə gəzə bilməyən vaxtlarda evdə oturub şəkil çəkir, oxuyur, yaxud köhnə, çox pis fortepianoda çalırdım, evimizdə çaldığımız əla Bekker royalından sonra o, öz səslərinin sönüklüyü ilə məni xüsusilə heyrətləndirirdi.

      YAZIÇILIQ VƏ DEKABRİSTLƏR

      1862-ci ilin dekabrında Lev Nikolayeviç «Yasnaya Polyana» jurnalının nəşrinə son qoydu. «Kazaklar»ı təhvil verdi və yeni əsər barədə düşünməyə



<p>2</p>

Tolstoy tərəfindən 1861-ci ildə Krapivensk qəzasında açılmış Yasnaya Polyana məktəbinin və digər məktəblərin tələbə-müəllimləri.

Müəllimlər və S.A.Tolstaya öngörülərində yanılmamışdılar: Tolstoyun özü 1863-cü il fevralın 8-də gündəliyində yazırdı: «Tələbələr münasibətlərinin qeyri-təbiiliyi və istər-istəməz paxıllıqları ilə (mən onları buna görə məzəmmət etmirəm) yalnız usandırırlar. İndi mənə hamısı aydın olmuşdur. Bu, gənclik həvəsi, demək olar ki, oyunbazlıq idi. Artıq yaşlı olduğum üçün bunu davam etdirə bilmirəm, hamısı o qadındır» (Л.Н.Толстой. Полное собрание сочинений, t. 1-90, c.48, səh.51; sonrakı izahlarda da bu nəşrə müraciət ediləcəkdir). 1863-cü ilin payızında məktəblərdə dərslər başlanmadı.