Название | Həbsxana |
---|---|
Автор произведения | Qənimət Əlisaoğlu |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8278-5-9 |
«Kişi ağlamaz!» deyənlər bu kəlamı hansı əsasla fikirləşib, görəsən? Qalın, dəmir qapılar arxasında yaramaz bir praporşikin17, qanacaqsız serjantın, rüşvətxor starşinanın, cibsoyan müstəntiqin, ədalətsiz hakimin futbol oyunundan cana doyan məhbus kəndir axtarırsa, yerindəmi bu kəlam?..
Şəxsiyyəti təhqir olunan, kişilik qüruru bir nakişinin nacins hərəkəti nəticəsində sınan məhbus səbəbkarın başına endirmək istədiyi yumruğunu dəmir qapıya döyəsi olacaqsa, yerindəmi bu ifadə? Beton döşəmə, beton tavan, daş divarlar, dəmir barmaqlıqlar arasında ümidi hər yerdən üzülmüş, əli heç kəsin ətəyinə çatmayan kimsəsiz, pulsuz-parasız biçarə ağlamayıb gülsünmü? Bu kəlamı bu şəraitə uyğunlaşdırmaq istəyənin bircə adı var – əbləh!
«Voronok»un birinci qapısını açdılar, «quşxana»dan birisini dartıb çıxartdılar, yumşaq yerinə bir təpik də ilişdirib:
– Vızqırd, haramzada! – dedilər.
Sonra ikinci, dəmir çərçivəli qapının asma qıfılını açdılar.
– Tökülüşün! – deyə əmr verdilər.
Qoyun sürüsü kimi qabaqlarına qatıb, döşəməsi, tavanı, divarları beton, balaca, dar bir otağa itələdilər. Arxamızca üçüncü dəmir qapını da bağladılar. Nəfəs-nəfəsə, burun-buruna dayandıq. Qısa bir vaxtda siqaret tüstüsündən göz-gözü görməz oldu…
21 yanvar 1985-ci il. Bu tarixdən başlamış neçə-neçə ayları, illəri dəmir qapılar arxasında keçirəcək, günləri, saatları sayacağam. Ömrümü dəmirlərə bağlayacaqlar: dəmir qapı, dəmir «nara», dəmir stol, dəmir parç, dəmir qaşıq, dəmir çərçivəli, şüşəsiz pəncərə, …bir də tədricən formalaşan dəmir əsəblər.
İkinci, üçüncü «xodka»18 ya gələnlər bizi təlimatlandırdılar:
– Bu balaca otağa «boks» deyirlər. «Boks»un o biri tərəfindəki hərbi paltar geyinmiş qanun keşikçisi, yəni «nazor»19, yaxud qəbul olunmuş dildə «ment» bir-bir bizi çağıracaq, dik duran və çökək yerlərimizi diqqətlə yoxlayacaq. Buna «şmon» deyirlər. Kimin pulu varsa, udsun, çıxarmaq qaydasını kamerada öyrədəcəklər. Cavab qaytarmayın – çırparlar! Haqq, ədalət sözlərini dilinizə almayın – gülərlər və s. və i.a.
«Şmon»20 çox qəribə prosesdir, daha doğrusu, çox qəribə surətdə aparılır. Maraqlıdır ki, hər respublikada, hətta, hər koloniyada «şmon» özünə məxsus qaydalarla aparılır. Azərbaycanda isə «şmon» Allah tərəfindən göndərilmiş bəla, yaxud bəndə tərəfindən düşünülmüş qırxım prosesidir.
«Şmonşik» qeyri-rəsmi vəzifədir və bu vəzifəni almaq üçün bir qucaq pul vermək lazımdır. Verilənlərin geri qaytarılacağına şübhə etmək gərək deyil. Cəmi bir aya qoyduğunu götürəcəksən. Sonra «böyük»lərlə şərik işləyəcəksən.
Bu Dardanel boğazından, yəni «şmon» otağından «zek»lərin hamısı ən azı iki dəfə keçir. Hamısı da gətirir, verir, bağışlayır. Gətirir – çünki, tələbat var, verir – çünki, verməsə zorla alacaqlar. Bağışlayır – çünki, bəxşeyiş şirin olur.
1985-ci ilin 21 yanvarında Bayıl türməsində baş «şmonşik» Tahir adında gözəl-göyçək bir oğlan idi. Qapının arxasından qışqırığını eşidirdik. Vurduğu yumruğun boğuq səsi, çəkdiyi şillələrin şappıltısı qulaqlarımızda həkk olunurdu.
«Şmon»a 18 yaşı hələ tamam olmamış bir yeniyetməni çağırmışdılar. Bu bədbəxt başqalarının toruna düşüb mağazanın nəfəsliyindən anbara enmiş «Vesna» maqnitofonlarını çöldəki dostlarına ötürürmüş, özü nəfəslikdən çıxa bilməyib tutulmuşdu.
– Bıçaq, lezva, pul – stolun üstünə!… Özüm tapsam… Soyun, küçük! Dombal görüm… Götür zibillərini rədd ol! – Tahirin əmri və komandaları eşidilirdi. Və heç şübhəsiz ki, olduğu kimi də yerinə yetirilirdi. «Etiraz» və «türmə» sözləri arasında dibi görünməyən bir uçurum var – bunu «zek» də bilir, «ment» də. Burada hər kəsin öz yeri yoxdur, hər maddənin öz yeri var. Tutulan oğru tutulmayan oğrudan, bircə dəfə rüşvət alıb ilişən, illərlə rüşvət toplayan «nazor»dan yalnız «vətəndaş» kəlməsi ilə fərqlənir.
Burada cinayət məcəlləsinin maddələri qrup şəklində qiymətləndirilir.
Həsən ev oğrusudur, ya maşın oğrusu, dəxli yoxdur, yəni «slesar»dır21, deməli, alçaq, xəbis və milli düşməndir. Axı, bir gün gəlib «nazor»un da «zəhmətlə» topladığını apara bilər!
Hüseyn dövlətdən oğurlayıb, bank yarıb, rüşvət alıb, deməli kişidir, abırlı adamdır.
«Barıqa» [yəni, alverçi] hörmətli şəxsdir, yeri yuxarı başdadır.
Yaxşı balıqçı tilova düşən balığın dadını və təqribi çəkisini görməmiş təyin edən kimi «ment» də «türemşik»in sosial vəziyyətini özünü görməmiş sənədlərindən, türmə kartoçkasında qeyd edilmiş maddəsindən bilir.
Əsil ov da elə bundan sonra başlayır. «Oper»lər22, «spets»lər23, «DPNK»lar24, «starşinalar» və nəhayət, «nazor»lar «şmon»dan sonra öz tilovlarını atırlar 35, 36 və 37 nömrəli müvəqqəti saxlama kameralarına. Əsas iş kimin tilovu tez atmasında deyil, tilovdakı yemin dadındadır.
Mənə tilovu elə «şmon» otağında atdılar. Tahir sənədləri gözdən keçirən kimi yaxın gəlib hal-əhval tutdu, ürək-dirək verdi:
– Fikir eləmə, müəllim, Sizi yaxşı kameraya göndərirəm. Görürəm yaxşı adama oxşayırsan, özün də kişi maddəsi ilə gəlmisən. 88-1, 170-2, 167 sayılan maddələrdir. Baxma ki, bura köhnə türmədir, lap YEKATERİNADAN qalma, ancaq yaxşı yerlərimiz var. «Burjuy» kamerasına göndərəcəyəm səni, 39-a! Xərci beş yüzdür. Orda telefon da var. Danışmaq olar. Ancaq, ehtiyatlı ol, heç kəsə sirr vermə. Kamerada «setka»25 var. Bir şey lazım olsa, məni çağırtdırarsan. Pulu necə gətirmək lazım olduğunu sənə kamerada başa salacaqlar. «Qonets»26lə «ksiva»27 göndərə bilərsən. Sizi yoxlamasaq da olar. Biz adama baxanda qiymətini veririk. Keç o biri «boks»a.
BURJUY KAMERASI
Ağıl Yer kürəsini qaldıra biləcək ling, onun dayaq nöqtəsi isə puldur.
Boksun dəmir qapılarmı açdılar. Daha bir dəmir qapıdan keçib, birinci korpusun dəmir pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıq. Sayca altıncı dəmir qapı da bağlı idi. Nəzarətçi qapı zənginin düyməsini basdı.
Yanvar ayı olsa da, havalar xoş keçirdi. Pilləkənin başından gözümə gün düşdü. Sən demə,
17
Birinci zabit rütbəsi.
18
Məhkumluq. Xojdeniye (gəzmək, dolaşmaq) sözündən götürülüb (rusca).
19
Nəzarətçi (nadziratel sözündən götürülüb) (rusca).
20
Üstün axtarışı (rusca).
21
Ev yaran oğru (slesar – çilingər sözündən – rusca).
22
Əməliyyatçı – təcridxanada cürbəcür istintaq işləri ilə məşğul olan və xəbərçilər dəstəsi ilə işləyən milis işçisi – operativnik (rusca) sözündən.
23
Sənədləşmə işinə baxan xüsusi əməkdaşlar – spesialnıy (xüsusi – rusca) sözündən.
24
Dejurnıy Pomoşnik Naçalnika Karaula – sözlərindən, qarovul başçısının növbətçi yardımçısı (rusca).
25
Tor – kameraya bayırdan xəbər çatdırılmasının mümkün olması mənasında (başqa mənaları da var) (rusca).
26
Çapar, qasid (rusca).
27
Ən çox işlənən türmə terminlərindəndir – məktub, ismarış mənasındadır.