Название | Həbsxana |
---|---|
Автор произведения | Qənimət Əlisaoğlu |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8278-5-9 |
Hər üç əsər müəllifin şəxsi bioqrafiyasının məhsuludur. Əsərləri oxuyan hər bir kəsi ilk növbədə Qənimət Əlisaoğlunun şəxsi həyat faciəsi şoka salır, oxucunu acı təəssüf hisləri keçirməyə məcbur edir, lakin acı bir reallıq da ondan ibarətdir ki, Qənimət Əlisaoğlunun bu şəxsi faciəsi olmasaydı, Azərbaycanın ən yeni tarixindəki bu qədər ləkəni, bu qədər rəzillikləri kim qələmə alardı… Odur ki, artıq həyatdan köçmüş Qənimət Əlisaoğlu öz şəxsi faciəsi ilə əslində 3 kitab qədər tarixi həqiqətlər qoyub getmişdir…
Kitabların heç biri başqa kriminal türmə həyatından olan kitablara bənzəmir, bunlar başdan-ayağa sarsıdıcı, tükürpədici səhnələrdən ibarətdir. Müəllif üç kitabda Azərbaycan və İttifaq (daha doğrusu, Sovet Rusiyası) türmələrini tam realistliklə müqayisə edib bunları yazır:
– Burada iztirab, ümidsizlik və məyusluq var.
– Burada insana həşərat kimi baxırlar.
– Burada ibtidai vəhşət atmosferi var…
Hər 3 kitabın qırmızı xətt kimi bir həqiqəti var:
AZƏRBAYCAN TÜRMƏSİ
– bütün atributları ilə,
– rüşvətin hədsiz miqyası ilə,
– qanun-qaydaların açıq-aşkar tapdanmasına görə,
– haqsızlıq, ədalətsizlik, mənəm-mənəmliyə görə
bütün İttifaq türmələrindən fərqlidir…
Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!
Tanıyanlar müəllif haqqında bunları deyib:
– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir…
– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mətbəx»ini verə bilən nadir yazıçılardandır…
– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı…
Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktyabrında – müstəqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).
Türmə qarşısında konstitusiya öz gücünü itirir.
Lənət qapısı
(birinci kitab)
I hissə
Bayıl-85
TƏCRİDXANADA
Dünya ya cənnətdir, ya zindan…
Otuz nəfərə yaxın başıbəlalının təpilib doldurulduğu «voronok» acıq verirmiş kimi dartınıb dayandı. Əyləc qəflətən basıldığından ləngərlənib bir az da sıxıldıq, taleyin hökmündən əyilmiş qəddimizi qismən də olsa, düzəltməyə macal tapmamış bizi bizdən «qoruyan» silahlı «ment» yerə atıldı, əlləri bellərində boy-boya düzülmüş hərbçi geyimli «ment»lərlə görüşdü:
– Malları gətirmişəm, ütün, – dedi. «Ment» – milis, yaxud türmə işçilərinin çoxsaylı adlarından biridir. Onlara həmçinin «pirat», «padlo»1. «milton»2. «podlipalo»3, «kryuçok»4, «qad»5, «qad leqavıy»6, «suka»7, «tixar»8, «milok»9 və s. deyilir.
Qıfıllar şaqqıldadı, «voronok» bir də dartındı, dəmir darvaza arxamızca həmişəlik bağlandı.
Ölümlə olumu, işıqla qaranlığı bir-birindən təcrid edən bu qapı kimlərəsə var-dövlət bəxş etməkdən ötrü yüz ildən çoxdur ki, açılıb örtülür.
Həyatımıza qoşa qara xətt çəkən, pula açılıb, pula örtülən qapı.
İlk açılışı «voronok»dan qəbul edib alnımıza «zek»10 damğası vuran, son açılışı «voronok»a doldurub «stolıpin»11, yaxud koloniyaya yola salan qapı.
Əli qoynunda balalarımızın göz yaşlarının şahidi qapı.
Güclülərin əliylə zəiflərin boynuna dəyirman daşı kimi asılan qapı. Həsrət qapısı! Nifrət qapısı!
Özü ağırlığında lənət qapısı! Burdan ölüb çıxanların, ölü kimi çıxanların şahidi qapı.
Səkkiz gün qabaq tutmuşdular məni – tutmuşdular deyəndə Mirzoyev (nə səbəbdənsə Mirzəyev yox) familiyalı bir müstəntiq Nəsimi rayon prokurorluğuna dəvət etmişdi. Aramızdakı qısa söhbətdən sonra altı nəfər qoluzorlu milis otağa daxil olmuş, iki il öncə dövlət əmlakını külli miqdarda mənimsədiyim, dəfələrlə rüşvət aldığımı, vəzifə mövqeyimdən sui-istifadə etdiyim üçün məni həbs etmişdilər. Beş gün Nəsimi Rayon Daxili İşlər Şöbəsində saxlamışdılar ki, bəlkə dalımca gələn oldu. Özümə dəfələrlə xidmətlərini təklif etmişdilər:
– Hara istəyirsən, kimin yanına istəyirsən «zapiska»12 yaz, aparaq çatdıraq, – demişdilər.
Yazmağa sözüm, çatdırmağa adamım yox idi…
Bu dörd gündə çox düşünüb – daşınmışdım. Yəqin bilirdim ki, məni üç gündən artıq saxlamağa ixtiyarları yoxdur. Bir halda ki, saxlayırlar, deməli, burada qarışıq müəmma var. Açılacağına isə şübhə yox; bir az tez, bir az gec.
Bu dörd günü quru taxta üzərində bir plaşla keçirmişdim. Yemək dərdi çəkməsəm də, milis növbətçiləri öz pulumla həm mənə, həm də özlərinə nahar və şam yeməyi alırdılar. Nəhayət, dördüncü günün sonunda insaflının biri tapıldı:
– Səni sabah səhər buraxmalıdırlar, – dedi.
– Axı, üç gündən artıq saxlamağa ixtiyarları yoxdur, mən isə gör neçə gündür buradayam.
– Ay sənin kinovun olsun, sən nə qoyub nə axtarırsan? İki gün səni heç «oformit»13 eləmədilər. Tak-şto, yadda saxla ki, «otdeleniyedə»14 cəmisi iki gündür qalırsan. Özün də dara-bara salma, mən ölüm! Sonra bilərlər ki, mən satmışam, atama od vurarlar. Rəisimiz yaman qansız adamdır. «Paqon»umu sökdürər.
– Deməli sabah buraxacaqlar?
– Nə deyim vallah? Ya buraxmalıdırlar», ya da…
Başını qaşıdı, gözlərini məchul bir nöqtəyə zilləyib, bir xeyli düşündü.
– Bilirsən nə var, əmioğlu, – deyə bir az ciddiləşdi – demişəm, qoy axıracan deyim. Cəhənnəmə ki… Mən «smen»ə
1
Alçaq, namərd (rusca).
2
Milisioner sözünün lağla deyilən qısaldılmış forması.
3
Donosçu (çuğulçu) milis (polis) xəfiyyəsi (rusca).
4
Qarmaq (rusca).
5
1) Alçaq 2) Həşərat (rusca).
6
1) Alçaq 2) Tula (rusca).
7
1) Qancıq 2) Donosçu, çuğulçu (rusca).
8
Pis adam, eqoist adam (rusca).
9
Milisin lağla əzizlənməsi mənasında (rusca) .
10
Dustaq (zaklyuçennıy sözündən – rusca).
11
Dustaq daşıyan vaqonlara deyilir (Rusiya İmperiyasının baş naziri olmuş Stolıpinin şərəfinə belə adlandırılıb).
12
Qısa məktub (rusca).
13
Sənədləşdirmə (rusca).
14
Bölmə (rusca).