Название | Təyyarə kölgəsi |
---|---|
Автор произведения | Алибала Гаджизаде |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8032-2-8 |
Havalar soyumağa başlayanda bir səhər çay süfrəsi arxasında Sədəf xəbər aldı:
– Nə olub, ay Cahangir, bu uşağa, mənə niyə elə baxırsan?
Cahangir zorla gülümsəməyə başlayaraq:
– Doymaq istəyirəm, Sədəf, – dedi. Arvad təəccübləndi.
– Məgər bir yerə-zada gedəcəksən? Cahangir asta-asta başını tərpətdi:
– Hə, gedəcəyəm Sədəf…
– Hara Cahangir?
– Demirsən bizə?
– Gedəndə…deyəcəyəm.
Təqribən elə o vaxtlar Cahangirin Yusif adlı bir tanışı onlara gəlmişdi. Yeyib-içəndən sonra Cahangir ona dedi:
– Yaxşı oldu elə sən gəldin, yoxsa səhərdə – biri gündə idarəyə, yanına gələcəkdim.
– Nə olub ki?
– Qardaş, sən ictimai-təminat şöbəsində işləyirsən, belə işləri gərək beş barmağın kimi biləsən.
– Nəyi?
Cahangir azca duruxub, qəmli-qəmli dinləndi:
– Bu Yaxınlarda mənim köhnə dostlarımdan biri rəhmətə gedib.
Stəkan-nəlbəkini yuyub təmizləyə-təmizləyə söhbətə qulaq asan Sədəf soruşdu:
– Kimdi ay Cahangir? – Qadın sevindi ki, nəhayət, kişinin qaradinməzliyinin, dərdinin səbəbini bildi. – Bəs belə… Demək yaxın dostu ölüb!..
– Sən tanımazsan, Sədəf!
– Sənin dostlarının hamısını mən tanıyıram, Cahangir.
– Dedim ki, tanımazsan, o bizə gəlməyib. Sədəf Yusifə baxıb gülə-gülə:
– Onda yaxın dost olmayıbsınız, – dedi.
– Yox, Sədəf, – deyə Cahangir ona sarı baxdı. – Lap canbir qəlbdə olmuşuq.
Sədəf çiyinlərini çəkib dinmədi.
– Hə ölüb… Ailəsinin halı məni yaman düşündürür. Dolanışıqları…
– Arvadı işləmir? – deyə Yusif xəbər aldı.
– Yox.
– Neçə uşaqları var?
– Birdi deyəsən.
– Ayrı yerdən gəlirləri – filanları yoxdu?
– Yox. Ancaq kişinin maaşıynan dolanırdılar.
Sədəf köksünü ötürdü:
– Yazıqlar.
Cahangir özü də kənarda oturub kitab oxuyan Rəhimə, böyründə başsız qalan ailə üçün ah-uf eləyən Sədəfə baxıb qəmgin bir səslə:
– Yazıqlar! – deyə arvadının sözünü təkrar elədi.
– İş stajı nə qədərdir? – Yusif xəbər aldı.
– On səkkiz ildi.
Sədəf özünü saxlaya bilməyib yenə söhbətə qarışdı:
– Ay Cahangir, elə deyəsən, səninlə bir işə başlayıb o yazıq.
– Hə. Qəribədir… bir ildə, bir gündə doğulmuşuq, bir ildə işə getmişik, bir ildə evlənmişik. Rəhim anadan olan ili onun da oğlu olub. – Cahangir nədənsə qorxmuş kimi, tez əlavə elədi: – bircə fərqimiz var; o ölüb, mən hələ sağam…
– Pensiya kəsərlər.
– Təxminən nə qədər, Yusif?
– Vallah, indi hələ bir şey deyə bilmərəm. Gərək onun bütün sənədləri, kağızları əlimizdə ola ki, bilək nə qədər.
Araya ağır bir sükut çökdü.
– Yusif, – deyə nəhayət, Cahangir asta-asta dilləndi, – mən onun sənədlərini hazırlayacağam. Sənin yanına gətirəcəm. İşdi, əgər mən gətirə bilməsəm, Sədəf özü gətirər, ona kömək eləyərsən, onlara təqaüddən-zaddan bir şey düzəldərsən.
– Mən tanımıram ki, Yusif qardaş işləyən yeri.
Cahangir papiros çəkən deyildi, ancaq Sədəfin bu sözündən sonra Yusifin qutusundan bir siqaret götürüb yandıraraq sümürdü və daha heç nə demədi.
İyirmi gün keçdi, Cahangir bir qarlı qış axşamı yatdı, səhər isə durmadı. Deyirlər, hər gecədən sonra bir səhər açılır. O gecə isə Cahangirin sonuncu gecəsi oldu, çünki o gecənin dalınca onun üçün bir də heç vaxt səhər açılmayacaqdı…
Anasının danlağından hələ də qırışığı açılmayan Rəhim köhnə, ağarmış bufetə sarı getdi, stəkanın içindən pul bükülüsünü gətirib Sədəfin qabağına qoydu:
– Pensiyanı gətiriblər…
Sədəf pula gözünün ucuyla da baxmadı. Onun xəyalında Cahangirin nigarançılıq həkk olunmuş solğun sifəti, qarlı qış günü qəbiristanlığa doğru gedən izdihamlı küçə, kişinin yeddisi çıxandan sonra masasının üstündən tapılan göy rəngli qovluq canlandı. Qulaqları küyüldədi, bacısı Nadirənin təzə qonşusunun “qulluqçu” sözü beynində uğuldadı.
Gözlərində yaş gilələndi. Belə hallarda ürəyinə dolub onu ovundurmağa çalışan hiss indi də ruhunun dərinliklərindən oyanıb təskin etdi. Sədəfə elə gəldi ki, Cahangir ölməyib, harasa uzun müddətli uzaq bir səfərə gedib, maaşının yarısını da ailəsinə göndərir, hər ay göndərir, hər ay…
BEŞİNCİ FƏSİL
Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.
Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşəng, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda…
Gülmirənin yanaqlarını xoşbəxtlik, sevinc daha da allaşdırmışdı. Onun baxışlarında sonsuz bir məmnunluq və qürur vardı. O, Əqdəmin yanında olanda həmişə özünü belə hiss edirdi. Onların oturacaqlarının yanından gəlib keçən adamların Gülmirənin gözəlliyinə, gəncliyinə heyrətlə, məftunluqla baxa-baxa keçmələri bu qüruru, bu məftunluğu bir az da artırırdı.
Gülmirə bu dəqiqələrdə elə cazibədar idi ki, baxanlar bir də dönüb baxırdılar.