Название | Təyyarə kölgəsi |
---|---|
Автор произведения | Алибала Гаджизаде |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8032-2-8 |
– Orada neynirsən, Gülü? – deyə xəbər aldı. Gülmirə cavab verdi:
– Sənin üçün yeməyə bir şey hazırlayıram.
– Lazım deyil, toxam. Gəl otur yanımda, görüm nə var nə yox?
Gülmirə otağa qayıdaraq Əqdəmin böyrünə qısılıb oturdu. Əqdəm arvadının yumşaq əllərini əlinə alıb, həsrətli baxışlarla onun gözlərinin içinə baxdı:
– Sənin üçün darıxmışam, Gülü!
– Mən də…
– İki ay iki il kimi göründü mənə.
– Yadına tez-tez düşürdüm?
– Yadımdan çıxdığın vaxt olurdumu ki, təzədən yadıma da düşəsən? Sən həmişə mənim yadımdasan, ürəyimdə, hafizəmdə, xəyalımdasan, Gülü. Gecələr səfərə çıxanda elə bilirdim ulduzlar sənin gözlərindi, min yerdən, milyon yerdən mənə baxırsan.
– Bəs gündüzlər? – deyə Gülmirə nazla qımışaraq Əqdəmin saçlarını sığallaya-sığallaya soruşdu.
– Gündüzlər də! – Əqdəm azca düşünüb dedi. – Sanırdım ki, qara buludlar sənin hörüklərindir…
– Sən lap romantik imişsən ki, Əqdəm! – Gülmirə güldü. – Belə getsə, təzədən şair olmaq fikrinə düşəcəksən.
İKİNCİ FƏSİL
Gecə keçirdi…
Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. Ipək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı…
Onlar yanaşı uzanmışdılar. Gecə sakitdi. Dənizdə səfərəmi çıxan, səfərdənmi qayıdan gəmi üç dəfə fit verib susdu.
Sanki danışmağa söz tapmırdılar. Əslində, içəridə – öz dünyalarında danışırdılar. Əqdəm düşünürdü ki, sabah tezdən iş yerinə qayıdacağını Gülmirəyə necə desin?! “Çətindi, çox çətindi. Iki ay yol gözləyib. Qonaq kimi gəl get… Bir ay deyil, bir il deyil. Kim bilir, nə vaxta qədər belə olacaq… Mənim kimi adam gərək evlənməsin. Burada, şəhərin kənarında işləməyim məni aldatdı. Hökumət adamıyam, əsgərəm. Hara desələr, ora da getməliyəm. Gülmirəni özümlə aparardım, ancaq yapışıb elmi işin qulpundan, elmindən də ağlım bir şey kəsmir. O biri yandan da Xatun arvad… “Getmə gözümdən, gedərəm özümdən” – deyir. Anadır, onu da başa düşürəm.”
Gülmirə isə: – “haçan gedəcəksən?” soruşmaqdan çəkinirdi, daha doğrusu, qorxurdu. Ona görə də getmək, yenə də ayrılmaq məsələsini fikrinə gətirməməyə çalışaraq bu az vaxtı, – neçə gün olsaydı da, fərqi yox idi, yenə az idi – qorxusuz yaşamaq istəyirdi.
Gəlinin arzusu baş tutmurdu. Evləndiklərindən il yarım adlamışdı. Əqdəm hələ onu bir dəfə də gümüş təyyarəsinə mindirib göylərə qaldırmamışdı. Gülmirəyə bu ancaq xəyal aləmində nəsib oldu. Əqdəm deyirdi ki, icazə yoxdur. Gəlin arzulayırdı ki, heç olmasa istirahət günləri, bayramlarda Əqdəmlə şəhəri gəzməyə çıxsın, kinoya, teatra getsin, əylənsin… Bu fürsət də çox az-az ələ düşürdü. O yandan da anası onun gününü göy əskiyə düymüşdü: “Gördün mən deyən oldu, ya yox? Böyük sözünə baxmayan axırda böyürə-böyürə qalar” – deyir, azca keçməmiş qızını danlayıb-dansadığına görə peşman olur, uşaq təki kövrəlirdi.
Gülmirə də: “Özü yıxılan ağlamaz!” – deyib, giley-güzar eləməz, fıkir-qüssəni içəri verib susar, kitab-dəftərlə, elmi işlə başını qarışdırmağa çalışardı.
Sükut çox cansıxıcı idi.
– Gülmirə…
– …Gülü?!
– Nədi, Əqdəm?!
Əqdəm söz tapmırmış kimi, duruxa-duruxa danışdı:
– Deyirəm. Birdən hissəmizdən indi zəng vursalar, məni tələsik çağırsalar, neylərsən? Məni buraxarsan?
Gülmirə yerində qurcalandı, çarpayı cırıldadı.
– Niyə cavab vermirsən?
– Icazə verib-verməməyimin əhəmiyyəti olmaz, elə bilirəm.
– Niyə?
– Mən bu fikrə gəlmişəm ki, ümumiyyətlə, müharibələrdə, döyüşlərdə ən cəsur olan adamlar eyni zamanda ən qorxaq adamlardır.
– Oho.. Sən lap filosofluq eləyirsən, Gülü.
– Əvvəllər etməzdim.
– Amma indi edirsən, hə?
– Bəli, həyat insanı düşündürür.
Əqdəm bayaqdan hiss eləyirdi ki, Gülmirənin ürəyi doludur, söz-sözü çəkəcək, qəlbindəkiləri açıb Əqdəmə deyəcək. Əqdəm isə bunu istəmirdi. Gülmirənin nə deyəcəyini o özü yaxşıca bilir və eyni nigarançılıq hissi ilə yaşayırdı. Gülmirəni düşündürən, ona eyhamlı, atmacalı sözlər dedirdən şeyləri sözsüz duyub anlayırdı. Onları çılpaq şəkildə dilə gətirmək, açıq-saçıq demək nəyə lazımdı ki?
Əqdəm sözü dəyişmək məqsədi ilə söhbəti Gülmirənin iki-üç dəqiqə irəli dediyi qorxaqlıq məsələsinin üstünə gətirdi:
– Nizam-intizama tabe olmaq, qayda-qanunu gözləmək, səncə, qorxaqlıqdır?
– Ona bənzər bir şeydir.
– Yox Gülü, düz demirsən!…
Gülmirə dikəlib sol qolu üstə dirsəkləndi. Bayaqdan süst-yorğun kimi danışan gəlin elə bil cana gəldi, dirçəldi:
– Müharibə vaxtı qəribə bir əhvalat olub. Bunu mənə atam danışıb. Bir əsgər hərbi hissədə keşik çəkirmiş. Əlində avtomat, sinəsində durbin. Doğulub böyüdüyü şəhər yaxınmış, anası eşidir ki, oğlu filan yerdədir, getsə görə bilər. Üç ildir ayrılıblarmış. Ana ürəyidir, dözmür, ayından-oyundan bir zənbil hazırlayıb götürür, yola düşür. Soraqlaşa-soraqlaşa gəlib oğlu qulluq eləyən hissəyə çatır. Deyirlər bax, oğlun odur, keşikçi məntəqəsində növbədədir, gözlə, iki saatdan sonra gələr. Üç ilin intizarını çəkmiş