Ölü canlar. Николай Гоголь

Читать онлайн.
Название Ölü canlar
Автор произведения Николай Гоголь
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-1-8



Скачать книгу

girdə və möhkəmdi. Bunlar şəhərin hörmətli məmurları idi. Lakin, heyhat! Yoğunlar bu dünyada öz işlərini naziklərdən yaxşı qurub düzəldirlər. Naziklər çox vaxt xüsusi tapşırıq üzrə qulluq edirlər, ya da ancaq adları qulluqda olur, özləri də orda-burda veyillənirlər, onlar həddindən artıq yüngül, boş və tamamilə etibarsız bir həyat keçirirlər. Yoğunlar isə heç vaxt ara yer tutmurlar, həmişə müəyyən yer tuturlar, bir yerdə də oturdularmı, möhkəm və etibarlı otururlar, belə ki, bir şey olub eləsə, yer onların altında çatlayıb əzilə bilər, amma onlar o yerdən kəllə-mayallaq getməzlər. Onlar zahiri dəbdəbəni sevməzlər; onların əynindəki frak naziklərin əynindəki frak kimi qəşəng tikilməyib, amma ki, mücrüləri allahın bərəkətindən doludur. Naziyin üçcə ildə lombarda qoyulmamış bircə kəndlisi də qalmır; amma yoğunun işi çox səliqə ilə gedir: bir də görürsən ki, şəhərin o başında, arvadının adına alınmış bir ev meydana çıxdı, sonra şəhərin o biri başında başqa bir ev, sonra da şəhərin yaxınlığında balaca bir kəndciyəz, bundan sonra da yerli-yurdlu yekəcə bir kənd zühur etdi! Ən axırda da, allaha və dövlətə xidmət edən yoğun, hamının hörmətini qazanaraq, qulluğu buraxır, gedib mülkədar olur, ağa olur, özü də qonaqpərəst, şanlı rus mülkədarı, rus ağası. Yaxşıca da yaşayır. Lakin o öləndən sonra onun nazik varisləri beş gündə, rus adətincə, atasının bütün dövlətinin altından girib üstündən çıxırlar. Bunu da gizlətmək olmaz ki, Çiçikov məclisi seyr edirkən təxminən bu cür düşüncələr onu məşğul etmişdi; bunun da nəticəsi o oldu ki, o gedib yoğunlara qoşuldu. Oradakıların az qala hamısı onun tanıdığı adamlardı. Onlardan birisi sıx, qara qaşlı prokurordu; onun sol gözü balaca qırpılırdı, sanki o göz vuraraq deyirdi: «Gedək, qardaş, o biri otağa, orada sənə bir söz deyəcəyəm», eyni zamanda o ciddi və az danışan bir adamdı. Çiçikovun yaxınlaşdığı adamlardan biri də alçaqboylu poçt müdiri idi, o məzəli danışan bir adamdı, özü də filosof idi. Üçüncü tanış da çox dərrakəli və lütfkar adam olan palata sədri idi. Onlar hamısı Çiçikovu çoxdan bəri tanış olduqları bir adam kimi salamladılar. Çiçikov da bu hörmətin müqabilində bir az yanpörtü təzim etdi; onun bu təzimi xoşnəvazlıq hissindən məhrum deyildi. O elə buradaca Manilov və Sobakeviç adlı iki mülkədarla tanış oldu. Manilov çox nəzakətli və xoşrəftar bir adamdı; Sobakeviç isə zahirən bir az kobud adama oxşayırdı, elə ilk görüşdə Çiçikovun ayağını basaraq dedi: «Üzr istəyirəm». Elə buradaca vist oynamaq üçün onun əlinə kart verdilər, o da kartı alaraq bayaqkı kimi nəzakətlə təzim etdi. Onlar qumar stolu ətrafında oturub oyuna başladılar və axşam yeməyinə kimi yerlərindən qalxmadılar. Bütün danışıqlar tamamilə kəsildi: həmişə uzun söz-söhbətdən sonra ən ciddi işə başlayanda belə olur. Hərçənd poçt müdiri çox dilavər bir adamdı, ancaq o da kartı əlinə alan kimi sifətinə düşüncəli ifadə verib, alt dodağı ilə üst dodağını örtdü və oyun qurtarana kimi bu vəziyyətini dəyişmədi. Fiqurlar əlindən çıxanda, o, əlini stola vuraraq, fiqur qız idisə: «Axır ki, rədd oldun, kaftar!», kral idisə: «Get, Tambov mujiki!» deyərdi. Palata sədri isə hey deyirdi: «Bu da yekəbığ! Bu da yekəbığ!». Bəzən də kartları stola vuranda belə sözlər də eşidilərdi: «ya bəxt, heç olmasa bubnı8 ver!» Ya da ki, müxtəsərcə: «Kərpic-kərpic! Pikentsiya!» ya da: «pikendras! piçuruşşux! piçura!», hətta bəzən eləcə: «piçuk!» – deyərdilər: onlar öz aralarında kartlara belə ad vermişdilər. Gələn qonaq da o birilər kimi mübahisə edirdi, ancaq bunu çox məharətlə edirdi, belə ki, hamı görürdü ki, o mübahisə edir, amma mübahisəni xoşhallıqla edir. O heç vaxt: «Siz getdiniz» demirdi, «siz buyurub getdiniz!» ya da «mən sizin xaç ikiliyinizi götürmək şərəfinə nail oldum» və sair bu kimi sözlər deyirdi. O, öz rəqiblərini bir şeylə daha çox razılaşdırmaq üçün hər dəfə üstü minalı gümüş burunotu qabını onlara verirdi, onlar da burunotudan burunlarına çəkəndə burunotu qabının içində bir cüt bənövşə görürdülər: bunu o yaxşı iy gəlmək üçün qoymuşdu. Adları yuxarıda çəkilən Manilovla Sobakeviç qonağın diqqətini xüsusilə cəlb etmişdi. Bayaq o yoğunlar dəstəsinə qoşulurkən, elə o saat palata sədri ilə poçt müdirini bir az kənara çəkərək, bu mülkədarlar haqqında bəzi şeylər soruşmuşdu: verdiyi suallar onun ancaq maraqlandığını deyil, məsələyə müəyyən məqsədlə yanaşdığını göstərirdi, çünki o hər şeydən əvvəl bu mülkədarlardan hər birinin nə qədər kəndlisi və malikanələrinin nə vəziyyətdə olduğunu öyrəndi, sonra isə adlarını və atalarının adını soruşdu, Az zamanda bu mülkədarları o özünə tamamilə məftun edə bilmişdi. Manilov ona lap vurulmuşdu. Hələ heç orta yaşı olmayan bu adamın şəkər kimi şirin gözləri vardı, güləndə də həmişə gözlərini qıyırdı. O, Çiçikovun əlini xeyli sıxaraq, buyurub kəndə gəlməsini ondan acizanə xahiş etdi və bu təşrifi ilə onu feyziyab edəcəyini söylədi, kəndi də, onun deməsindən, şəhər qaraulxanasından ancaq onbeşçə verst uzaq olardı; Çiçikov da bu təklifin müqabilində çox nəzakətlə başını əyib, səmimiyyətlə onun əlini sıxdı və bu təklifi nəinki məmnuniyyətlə yerinə yetirəcəyini, hətta bunu özünə müqəddəs bir vəzifə hesab edəcəyini söylədi. Sobakeviç də çəkməsinin dabanlarını bir-birinə vuraraq qısaca dedi: «Bizə də buyurarsınız!» Onun ayağında elə yekə bir uzunboğaz çəkmə vardı ki, yəqin dünyanın heç yerində, xüsusilə indi, Rusiyada pəhlivanlar yox olmağa başladığı bir zamanda, buna uyğun bir ayaq tapmaq olmaz.

      Ertəsi gün Çiçikov nahara polis rəisinin evinə getdi, yeməkdən sonra, saat üçdə onlar vist oynamağa oturdular və gecə saat ikiyə kimi oynadılar. Burada o, Nozdrev adlı bir mülkədarla tanış oldu. Nozdrevin otuz yaşı olardı; o heç şeylə hesablaşmayan dəliqanlı bir adamdı, iki-üç kəlmə sözdən sonra Çiçikova «sən» deyə müraciət etməyə başladı. Nozdrev polis rəisinə və prokurora da «sən» deyirdi və onlarla dostcasına rəftar edirdi. Lakin kart oynamağa başlayanda polis rəisi də, prokuror da çox diqqətlə onun yerdən kart götürməsinə baxır və getdiyi kartlara göz yetirirdilər. Çiçikov o birisi gün axşamı palata sədrinin evində keçirdi; palata sədri bir qədər yağlanmış xalat geymişdi, qonaqları da bu xalatda qəbul edirdi. Çiçikovdan başqa orada iki nəfər qadın vardı. Çiçikov sonra vitse-qubernatorun evində düzələn müsamirədə, iltizamçının verdiyi böyük naharda, prokurorun evində kiçik naharda oldu, – burasını da qeyd etmək lazımdır ki, bu kiçik nahar böyük bir nahara dəyərdi: Çiçikov buradan da şəhər bələdiyyə idarəsi rəisinin gündüz ibadətindən sonra verdiyi naharda da iştirak etdi, elə bu özü də bir nahara dəyərdi. Xülasə, o bircə saat da öz otağında qalmırdı, mehmanxanaya ancaq yatmağa gəlirdi. Çiçikov hər yerdə özünü necə aparmağı bacarırdı, eyni zamanda o təcrübəli bir kübar adam olduğunu da göstərdi. O nədən söhbət getsə, bu söhbətdə iştirak edə bilirdi: at zavodundan söhbət getsə, – at zavodundan danışırdı, yaxşı tulalardan danışılsa – bu barədə çox tutarlı fikirlər söyləyirdi, dövlət palatası tərəfindən aparılan istintaqdan mülahizələr yürüdülsə, – məhkəmə fırıldaqlarına bələd olduğunu büruzə verirdi: bilyard oyunu haqqında fikir mübadiləsi getsə, – düz hədəfə vururdu. Xeyirxahlıq haqqında söhbət getsə, – bu barədə çox gözəl mühakimələr yürüdürdü, hətta gözləri də yaşarırdı; araq qayırmaqdan söz düşsə, – araqdan da başı çıxdığını nəzərə çatdırırdı, gömrükxana nəzarətçiləri və məmurları haqqında danışılsa, – elə mühakimə yürüdürdü ki, elə bil özü həm məmur, həm



<p>8</p>

Kərpic işarəli kart