Xudafərin körpüsü. Фарман Керимзаде

Читать онлайн.
Название Xudafərin körpüsü
Автор произведения Фарман Керимзаде
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8278-9-7



Скачать книгу

də Əbu Səid bizim üstümüzə fillə gəlib.

      – Özünü qorxuzma. Allah kərimdi.

      Dəstə çatdı, onları salamladılar. Özləri atdan düşdülər. Hökmdar sarayına bir ox mənzili qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı.

      – Sara xatun atdan düşməyəcək.

      Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı adama baxdı.

      – Buyurun, Sultan səni elə indi qəbul eləyir.

      Əyan onlardan əvvəl çadıra girib diz çöküb təzim elədi, torpağı öpəndən sonra başını qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.

      – Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər… – Bu sözü yavaş dedi ki, eşitməsinlər.

      Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər ona narazılıqla baxdı. Əyan bu baxışı gördü.

      – Mən deyənə bax.

      Heydər dinmədi.

      Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin.

      Sara xatun çadırın ağzında dayanmışdı. Sultanın əynində zirehi görəndə azacıq başı gicəlləndi, sonra da yüngülcə ağrı başladı. Demək o, artıq döyüşə hazırdır. Şəxsən özü qılınc çalmağa hazırdır. Amma yox, bu, təkbətək onun oğlu Uzun Həsənlə döyüşsə çox dözə bilməz. Bunun qoşunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, ləl-cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?

      Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır…

      – Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı?

      – Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.

      Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini uddu.

      – Xatunların elçi getməyi sizinlə başlayıb. O, necə qarşılayıbsa, biz də elə etməliyik. Çünki adət artıq yaranıb. – O, Sara xatunun əlindən öpdü.

      – Buyur əyləş, ana…

      – Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız.

      Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə Əbu Səid uşaq sifətli Şeyx Heydərə baxdı. Heydər ona yüngülcə baş əydi. Bu, Əbu Səidi haldan çıxardı.

      – Sizə deməyiblər ki, Xorasanın, Mavərənnəhrin, İranın yarısının hökmdarı qarşısında torpağı öpməlisiniz?

      – Dedilər. Ancaq, ey hikmətli sultan, mənim dodaqlarım Quranı öpməyə öyrənib. Qurandan əvvəl və ya sonra torpaq öpmək günahdır. Heç siz də müzayidə eləməmisiniz ki, Qurani-şərifə əstəğfürullah hörmətsizlik eləyək.

      – Əstəğfurullah! – deyən Sultan təəccüblə bu cavan şeyxə baxdı. – Sən hara şeyxisən?

      – Ərdəbil.

      Bu sözdən sonra, deyəsən, Sultan Əbu Səid bir az ağardı da. Onun qıyıq gözləri bir neçə dəfə qırpıldı.

      – Ya şeyx, buyurun əyləşin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla doldursun, baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan.

      – Allah hər ikisinə rəhmət eləsin, – deyə Şeyx Heydər onun səhvini düzəltdi və Sultan da onun dediklərini təkrar etdi. Bundan sonra taxtına tərəf getdi. O yeridikcə, elə bil, araba cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən, bunu özü də hiss elədi. Əl çaldı, xidmətçilər hazır oldu.

      – Çağırın bura bütün üləmaları, saray əyanlarını.

      Bir azdan onlar çadırda, döşəkcələrin üstündə bardaş qurub oturmuşdular. Amma Sultan getmişdi. Bir azdan o da çadırın arxasındakı yoldan-qapıdan girdi. Hamı ayağa qalxdı. Sultan qırmızı qumaşdan yaxalığı, qollarının ağzı, ətəkləri işləməli bahalı əbasını geyinmişdi. Daha onun bədəni dəmir səsi vermirdi.

      Sara xatun yanındakı Şeyx Heydərə baxıb gülümsədi. Bu o demək idi ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq. Bu, böyük irəliləyişdi.

      Əbu Səid əli ilə işarə verib oturanlara Şeyx Heydəri göstərdi. O, ayağa qalxdı.

      – Şeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Dar-ül-irşad türbəsinin şeyxidir. Özü də Şeyx Səfiyyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağışlayıb.

      – Rəhmətlik anasının pulu ilə, – deyə Şeyx Heydər düzəliş verdi.

      – Bunun fərqi varmı?

      – Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır.

      Oturanlar heyrətlə ona baxır, ağsaqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər.

      – Ya Şeyx, bayaq dediyim əhvalatı danış. Sizin kitablarda o daha səhih olar.

      Heydər söhbətə başladı.

      – Əmir Teymur Dar-ül-irşadı dağıtmaq üçün bəzi üləmaların fitvası ilə Ərdəbilə gəlmişdi. Çünki mənim ulu babamın əqidəsi, təriqəti və məzhəbi onların xoşuna gəlmirdi. Amma Əmir Teymur, Allah onun ruhunu şad eləsin, Dar-ül-irşada gələndə ürəyində üç niyyət tutmuşdu. Birinci niyyəti bu idi ki, Şeyx Əli məni qarşılamağa çıxmamalıdır. Məlumdur ki, Şərqin hökmdarını qarşılamamaq mümkün olmayan işdi. İkinci niyyəti o idi ki, əmirə burada dağ keçisinin südündən aş bişirib verməlidilər. Nə üçün plov yox, südlü aş?! Üçüncü niyyəti də bundan ibarət idi ki, Şeyx Əliyə bir cam şərbətin içində zəhər verilməlidir. Ölməsə, Əmir Teymur bu türbəyə biyət eləyəcək, onu dağıtdırmayacaqdı.

      Ziyarətgahın