Название | Xudafərin körpüsü |
---|---|
Автор произведения | Фарман Керимзаде |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8278-9-7 |
Uzun Həsən tacı götürmədi:
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam, – dedi.
Elçiləri yola salandan sonra Uzun Həsən əyani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturmuşdu.
– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.
Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.
– Düşməni basmışıq, kəsmək bir göz qırpımının işidi. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq, yoxsa?… Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə yola salmaq yaxşı olardı.
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun Həsənin xidmətinə gəlmişdi.
– Həsən bəy, biz Əbu Səidi əhli-əyatı ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik ordu gələcək. Əgər təkbaşına göndərsək, onda ağlaşma səsiylə göz yaşından özgə heç nə eşitməyəcəyik.
Danışanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun oturduğu yerdən danışmağa başladı.
– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb Ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız, sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü ibadətlə başa vursun.
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.
– Axırıncı döyüşü Şeyx Heydərə və onun qazi-müridlərinə tapşırıram. Bacım oğlunun mükafatı böyükdür. Ən böyük mükafat isə… – O bir an susdu. – Qızım Aləmşahbəyimlə Şeyx Heydərin toyu Əbu Səid tutulandan sonra başlayacaq.
Əbih Sultan yerində qurcuxdu. O, Aləmşahbəyimi görmüşdü və gözəlliyinə heyran qalmışdı. Həm də Uzun Həsənin damadı-kürəkəni olmaq ona daha geniş yollar aça bilərdi. Amma bu imkan əldən çıxdı.
Şeyx Heydər qızardı və başını aşağı dikdi. Sonra ayağa qalxıb dayısına baş əydi.
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq…
Bu qələbəni Şeyx Heydərlə Aləmşahbəyimin toyu ilə şənləndirdilər. Uzun Həsənin qızı əri ilə Ərdəbildə qaldı.
İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o, kişiləşmişdi. Qətiyyət indi onun çöhrəsinə daha çox yaraşırdı. Qiyafəsində də dəyişiklik vardı. Şeyxliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana və cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri irilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü.
Bu on ildə çox dəyişiklik olmuşdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və möhkəmləndirən, Avropada fütuhatla məşğul olan Fateh Sultan Məhəmmədlə belə iki dəfə böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüşdü. Taxta da oğlu Xəlil keçmişdi.
Şeyx Heydər elə bu barədə fikirləşirdi. Dayımın hər işdə bəxti gətirsə də, övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danışanda qız kimi pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin olmasın. Acı, zəhərli ilan dillər onu yolundan çıxartdı. Atasının üzünə ağ oldu. Qaçıb Fateh Məhəmmədə sığındı. Onun qızı ilə evləndi. Uzun Həsənin ürəyi partlamasın, nə eləsin? Qırxı çıxmamış Səlcuqəşahbəyim oğlu Xəlili taxta çıxartdı. Rəhmətlik Sara xatun deyərdi ki, bu səltənəti Səlcuqəşahbəyim dağıdacaq. Budur, bu gün də müridləri Şeyx Heydərə xəbər gətirmişdilər ki, Səlcuqəşahbəyimin kiçik oğlu Yaqub qardaşı Xəlili öldürüb, onun yerinə keçib. Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub.
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamışdı. Dayısı oğluna əlifba öyrədir, təhsil verirdi. Heç vaxt da onun tapşırıqlarına əməl eləmirdi.
– Dayıoğlu, oxu, öyrən, lazım gələr.
– Mən sultan oğluyam. Əvvəl-axır, mən taxta çıxacağam. Şah, hökmdar oğlu doğulmayanlar dərd çəksin.
Heç vaxt onun sifətində özünə qarşı mehribanlıq görməmişdi. İndi o qardaş qatili hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq.
Şeyx Heydər isə öz işini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, onlardan xeyir-dua istəyib. Bəzi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəşə bilməyib. Qaraqoyunlular Şeyx Cüneydi buradan didərgin salmamışdılarmı?! Məcbur olub Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmişdi. Uzun Həsənin atası Cahangir bəy onunla ülfət bağlayıb qızını da ona vermişdi. Bu on ildə Şeyx Heydərin hörməti də, şöhrəti də xeyli artmışdı. Uzun Həsən Fateh Sultan Məhəmməddən sonra dünyanın ən böyük dövlətinin başçısı idi. Onunla qonşu ölkələrin hökmdarları qohum olmaq üçün hər şeydən keçərdilər. O isə qızını Ərdəbil şeyxinə vermişdi. Həm səltənət, həm də baba şöhrəti onun hörmətini, şanını-şöhrətini artırır, səfəviyyəyə qoşulan müridlərin sayı gündən-günə artırdı. Dar-ül-irşada yığılan nəzir-niyaz padşah xəzinəsinə yığılan gəlirlərə yaxınlaşırdı. Bu qədər əmlakı kasıblara, fəqir-füqəraya paylamaqla qurtarmaq mümkün deyildi. Şeyx Heydər həmin pulla çoxlu silah alıb yığırdı. Özünün nəhəng qurxanası vardı ki, onunla bir dəfəyə iyirmi min müridi silahlandıra bilərdi. İlxıları