Название | Qardaşım Elçibəy haqqında xatirələrim |
---|---|
Автор произведения | Murad bəy |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Kolxozçular əl qaldırıb saldılar. Bununla seçki qurtardı.
Xatirələrimi oxuyan əziz oxucular. Mən öz xatirələrimdə qalan yaddaşımı sizin ixtiyarınıza verirəm. Bununla mən qardaşım Elçibəyin (uçastokun) anadan olma tarixini sizə tarixi faktla təqdim edirəm. Hər bir maraqlanan alim, tarixçilər bu tarixi faktlara müraciət etsinlər. Həyatı, doğumu haqqında mən burda xatirəmdə olanı-qalanı heç bir kənar söhbətləri göstərməmişəm. Nə yazmışam düzgün və həqiqətdir. Kənar adamlar heç vaxt ailə üzvlərindən, qardaşlarından artıq bilə bilməz. Ona görə xahiş olunur ki, burada yazılan, göstərilən faktlardan istifadə edin. Burada yazılan hər bir cümlədən, hər bir söhbətdən, siz tarixçilər, şairlər, yazıçılar bir roman, bir poema, şer, bir tarixi kitab yaza bilərsiniz. Mən qardaşı Murad nə jurnalistəm, nə yazıçıyam, nə tarixçi. Ona görə sizdən xahiş edirəm bu cümlələrdə mübtəda, xəbər öz yerində olmasa, bağışlayın. Hələlik bu qədər. Bunlar 1938-ci ilin xatirələri idi. 1939-cu ilin yaddaşda qalan xatirələrini yazmağa başlayıram. Siz oxuculara can sağlığı. Mənə də səbr allah təala əta etsin. Amin.
1939–1940-cı il yanvar ayı keçmişdi. Dayım Fərrux Ordubad rayon şəhər yeməkxanalarının müdiri təyin edilmişdi. Atamız Qədirqulu kolxozun baş çobanı vəzifəsindən azad edilmişdi. Yeni gələn kolxoz sədri kolxozda yer dəyişmə kampaniyası aparırdı. Atamız fermada iştirak edir, həm də öz qoyunlarımızı saxlayırdı. Bahar ayları yaxınlaşırdı. Ətraf kolxozlardan təkliflər gəlirdi. Atamıza kolxoz çobanı olmağa hələ ki razılıq verilmirdi. Mart ayı gəldi. Bayram oldu. Novruz bayramımızı şənliklə keçirdik. Bütün ailə bir yerdə idi.
Aprel ayı Əylisdə yaşayan qarabağlılar Pirdavdanlılardan kəndə gəlib atamızı bu il – yəni 1939-cu ilin yaylaq mövsümü qoyunlarını otarmasını, həm də quzuları otarmaq üçün özü ilə bir quzuçu gətirməsini xahiş etdilər. Atamız dedi ki, bir həftəlik razılıq verin qohumlarla məsləhətləşim, sonra razılıq verərəm. Bu minvalla gedib dayımla razılaşdı. Ondan sonra razılıq verdi. May ayında Əylis kəndinə gedib danışıq aparıb gəldi. Gələndən sonra evdə anama dedi ki: «Hazırlaşın, bu il yaylağa əylisli qohumlarla gedəcəyik. Ata-baba yaylaqlarımıza gedib kəndimizi, el-obamızı ziyarət edib, həm də yaylaqlanıb gələrik. Dünya ölüm-itimdi. Bəlkə bir də o yerlərə gedə bilmədik. May ayının axırına kimi hazırlaşın».
Bir neçə gündən sonra atamız hazırlaşıb Əylis kəndinə çobanlıq etməyə getdi. Özü ilə bərabər Mirbabanı da əmisi Miryəhyadan icazə alıb quzuları otarmaq üçün apardı. Beləliklə, may ayı qurtarmaq üzrə idi. Yaylağa qalxmaq vaxtı gəlib çatmışdı. Atamız gəlib kənddən qoyun-quzumuzu yığıb Əylisə apardı. Anama da dedi ki, uşaqlar məktəbi qurtaran kimi yığışın yola düşün. Məktəbdə oxuyan mən, qardaşım İbrahimdir. Almurad hələ məktəbə getmirdi. Onun yaşı çatmırdı məktəbli olmağa, altı yaşının içindəydi. Əbülfəz on bir aylıq idi. Yaşı tamam olmağa bir ay qalırdı.
İyun ayı gəlib çatdı. Dayım Ordubaddan gəlib yaylağa getmək üçün yol tədarükün hazırladı. Bizim üçün pal-paltar alıb gətirmişdi. Anama da parça, çit, arşın malı almışdı ki, özü tiksin, geysin. Yol azuqəsi üçün qənd, çay, pul verib İbrahimə dedi ki, gedib atımı tutub dağdan gətirərsən. Anan uşaqla ona minər. Atın yüyənini heç vaxt əlindən buraxmazsan ha. O biri atımızı da yükləyərsən, Almuradı da onun üstündə apararsan, Murad da sənə kömək edər.
Bir gündən sonra dayım bizimlə görüşdü, anamla öpüşdü, Əbülfəzi qucağına alıb qolları üstə qaldırıb atıb-tutdu. O üzündən bu üzündən öpüb anama verib dedi ki, uşaqdan muğayat ol, yol uzun yoldu, soyuğa-zada vermə. Xudahafizləşib öz işinə getdi.
Biz Əylisdən xəbər gözləyirdik. İyun ayının altısında xəbər gəldi ki, sabah yəni, yeddisində köç Əylisdən tərpənəcək. Bu il bizimlə kənddən İlyas Əligil də gedirdilər. Onların mal-qarasını aparmaq üçün Nüs-Nüsdən qohumları gəlmişdi. Biz də mal-qaramızı, axşamdan onların mallarına qatıb verdik ki, aparsınlar. Biz səhər gələcəyik. Belə də oldu. Səhər açıldı. Anam, mən, Almurad kənddə bir-bir qohumlarla görüşüb qocalarla vidalaşırdıq. Vida vaxtı bəzi qohumlar mənlə, Almuradın cibinə bir manat, üç manat pul qoydular. Dedilər ki, yolda konfetə verərsiniz. Onda bir, üç manat çox pul idi. Səhər-səhər bizi kənd əhli təmtəraqla yola saldılar. Hamı bir ağızdan deyirdi ki, uçastokdan muğayat olun, tezliklə görüşərik. Anam ata minib uçastoku qucağına alıb yola düşdük. Kənd uşaqları bizi kəndin kənarına kimi əl edib salamladılar. Bəzi balacalar uçastok-uçastok deyib qışqırırdılar. Biz öz yolumuza davam etdik.
Bir il bundan qabaq getdiyimiz yolla irəliləyirdik. Bu il getdiyimiz yol daha bizə tanış idi. Heç bir əziyyət sorğu-sual olmadan gedirdik. Mal-qara axşamdan getdiyinə görə, yollarda səs-küy yox idi. Günortaya yaxın biz gəlib Nüs-Nüs kəndinə çatdıq. Kəndin ən gözəl vaxtı idi. Bağlarda gilas yetişmişdi. Mal-qaranı gətirən bizdən qabaq gəlib çatmışdılar. Anasına demişdi ki, xalamgil indi gələcəklər. Lala xala tez samovarı qaynadıb hazır qoymuşdu. Süfrə salıb bizi gözləyirdi. Biz gəlib Lala xalagilin evinə çatdıq. Onların evi kəndin lap yuxarı başında idi. Lala xalanın bacısı Tavat xala da bizimlə bu il yol yoldaşı idi. Lala xala bizi qarşıladı. Hamımızı evə dəvət etdi. Hal-əhval tutandan sonra oğluna tapşırdı ki, atlara ot versin. Biz hamımız tökülüşüb çaydan axan təmiz su ilə əl-üzümüzü yuyub balkona keçdik. Anam Əbülfəzi mənə verib, dəstəmaz alıb günorta ibadətinə o biri otağa keçdi. Balkonda qalın döşək, döşəkçələr divar boyu düzülmüşdü. Hərə özünə münasib yerdə oturub çay içməyə başladı. Anam ibadətin qurtarıb gəldi. Uşağı qucağımdan alıb yuxarı döşəkçənin üstündə oturub uşağı da yanında yerə döşəyin üstünə uzatdı.
Oxuculara deyim ki, «Uçastok» çox sakit uşaq idi. Harda qoysan, orda sakitcə əlləri ilə oynayırdı. Bu şərtlə ki, mədəsi tox ola, çətin-çətin ağlardı. Çay-çörək yeyib içəndən sonra biz uşaqlar Lala xalanın oğlanları ilə bağda gilas yığmağa getdik. Bağdan gilas yığıb yol üçün balaca səbətləri doldurub gətirdik. Anam üçün də ayrı yığmışdıq. Dincəlib durub yolumuza davam etdik. Axşama kimi yol getməliydik. Düşərgəyə çatmaq üçün Güllü zəmiyə (fəhlə dərəsi) Ələngəz dağının ətəyinə çatmalı idik. Düşərgə orada yerləşirdi.
Bir daha oxuculara təkrar deməyimi, yazmağımı məsləhət görmürəm. Ona görə ki, bu yolumuzun düşərgələrini yuxarıda sizə xatırlatmışam. Getdiyimiz yollar, yaylaqlar, çaylar, kəndlər biz köçəri tayfaların – Ağqoyunlu dövlətinin tərkibində olub. Bizimkilər də Ağqoyunlu tayfalarının bir qolu kimi bu yerlərdə yaşayıb kənd salıb. Yarı oturaq, yarı köçəri həyatı keçiriblər babalarımız. Oxucularıma bildirmək istəyirəm ki, bu yerlərdə türk mənşəli xalqlar, tayfalar yaşayıblar. Tarixçilər bunu yaxşı bilərlər.
Qərəz