Gülüstani İrəm. Аббас-Кули-ага Бакиханов

Читать онлайн.
Название Gülüstani İrəm
Автор произведения Аббас-Кули-ага Бакиханов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-8-2



Скачать книгу

ki, bu da Qubanın Şabran adlı səfalı obasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan əhdnaməsi bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.

      İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi[26], «Cahannüma» adlı əsərində deyir: Əlbürz dağı Babül-Əbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf deyirlər. Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar bu səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz.

      İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar Qaf dağını, xəyalata qapılan sadə dillərin təsvir etdikləri tərzdə, heç yerdə rast gəlməmişlər.

      Qədim və naməlum əsərlərdən bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar. İranın qədim padşahları, xüsusilə Yəzdicird Bəhrami-Gur oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər. Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.

      Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalara qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Salyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar. Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dilləri və adlarını saxlaması ən aydın bir dəlildir.

      Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini[27] və Strabon[28] onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər miladi III əsrdə Ermənistan padşahlarının paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən buruda sakindirlər.

      Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi öz babalarından eşitdikləri rəvayətə görə ticarət məqsədilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan sözündən dəyişmiş ola bilər.

      Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili işlədirlər.

      Qubadakı Bərmək mahalı Harun-ər Rəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyyədə yalnız Miskincə kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin padşah İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.

      Samur nahiyəsindəki Mikrağ kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox adət ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə, və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə – Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa, Qaytaq mahalları və şamxal mülkü əksəriyyətlə



<p>26</p>

Katib Çələbi – məşhur şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.

<p>27</p>

Plini – məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii tarix» adlı əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.

<p>28</p>

Strabon – məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. Strabon əsərlərini Pompeyi Azərbaycana olan yürüşləri zamanında, romalıların topladıqları məlumat əsasən tərtib edib.