Название | Sevginin səsi |
---|---|
Автор произведения | Nail Aydın |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Bu kövrəkliyin arxasında bir az təəssüf də var idi, peşmanlıq da. Necə keçdiyini bilmədiyi son illərdə onlara kifayət qədər vaxt ayırmamışdı. Dostları ona kömək etmək, yanında olmaq istəyirdilər. Amma Nihadın ehtiyac duyduğu yeganə şey tək qalmaq idi. Heç kim onu başa düşməzdi, düşə bilməzdi.
–Nihad, bəlkə, Günəşin batmasını seyr edək- Leylanın səsi onu düşüncələrindən ayırdı. Bu zaman göydələnin qarşısında dayanmışdılar. Leylanın təklifinə təbəssümlə cavab verdi:
–Niyə də yox? Bunu heç zaman etməmişəm.
–Təxmin etmişdim.
–Necə?
Leyla cavab əvəzinə Nihadın əlindən tutub ardınca apardı. Ruh olmanın üstünlüklərindən yenə də faydalanmağa başladılar. Onları heç kim görmədiyi üçün istədikləri yerə gedə bilirdilər. Binanın damına çıxdılar və qərbə tərəf ayaqlarını binadan aşağı sallayaraq oturdular. Hava buludsuz, şəffaf idi. Mavi səma üfüqdə dağlarla kəsişərək uzanır və arxasında kölgə kimi görünən yerlərdə neçə-neçə sirləri saxlayırdı. Günəş yavaş-yavaş əyilir, sanki, səma və dağların kəsişdiyi yerə çatmaq üçün can atırdı. Hava getdikcə rəngini dəyişir, səmada çəhrayı tonlar yaranmağa başlayırdı. Nihad bu mənzərəni ilk dəfə seyr edən hər insan kimi (Sözsüz ki, hər biriniz Günəş batdığı zaman səmanın rəngini dəyişməsini görmüsünüz. Amma neçəniz qürubu tam anlamıyla seyr etmisinizki?) hüzurla dolmuş, bütün dərdlərini unutmuş kimiydi. Bu hündürlükdən küçədə gəzən insan topluluğunu izləmək də əyləncəli idi. Onların sayı getydikcə artırdı. Yəqin ki, iş saatı bitmişdi.
–Leyla, sən nə işləyirsən? Yəni işləyirdin?
–Uşaq evində tərbiyəçi idim.
– Heç yerdə oxumamısan?
– Oxumuşam.
–Yəqin ki, pedaqogika üzrə oxumusan hə?
–Yox, Xəzər universitetində Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. Qırmızı diplomla.
– Beynəlxalq Münasibətlər fakültəsini qırmızı diplomla bitirmək və uşaq evində tərbiyəçi işləmək? – Nihad təəccübünü gizlətməyərək soruşdu- Axı niyə? Bu işi görə biləcək yüzlərlə insan var. Amma o ixtisası qırmızı diplom ala biləcək səviyyədə bitirən adamlar isə elə də çox deyil.
–Uşaqları çox sevirdim.
–Onları başqa cür də sevə bilərdin. Bunun üçün təhsili zay edib tərbiyəçi işləmək lazım deyildi.
–Hər halda bu, mənim seçimim idi: Xəzər universitetində oxumaq da, uşaq bağçasında tərbiyəçi işləmək də. İncimək lazım deyil, amma sadəcə bunu müzakirə etmək istəmirəm. Sənə danışmağa hazır olmadığım şeylər var, ya da özümə xatırlatmaqdan qorxduğum. İnsanların həyatında bəzi dönüş nöqtələri olur. Məndə də oldu və karyera mənim üçün mənasını itirdi.
– Yox, incimirəm. Sadəcə anlamıram.
–Bəs sən? Sən nə işləyirdin?
–Mən bankda. Kreditlərin verilməsi şöbəsində işləyirdim.
–Yəni?
–Yəni, müraciət edən insanları araşdırır, onların aldığı kreditləri ödəyib-ödəyə bilməyəcəkləri haqqında nəticə çıxarırdım.
–Sıxıcı işə oxşayır.
–Elə idi.
–Necə? Məgər, işini sevmirdin?
–Elə də yox.
–Bəs onda niyə işləyirdin.
–Sevmirdim, amma məcbur idim.
–Nihad, insan həyatda heç nəyə məcbur deyil. İşini sevmirdinsə başqa bir şey yoxlaya bilərdin, yenidən təhsil ala bilərdin.
–Yenidən dörd il oxumaq?
–Sevmədiyin bir işdə işləyib bir ömür itirməkdənsə dörd il oxumaq daha yaxşı deyilmi, səncə?
–Əslində belə bir fikrim var idi. Psixologiya üzrə ikinci təhsilimi almaq.
– Psixologiya? Maraqlıdı. Bəs nəyə görə psixologiya?
–Çünki psixologiya arzularıma körpü olacaqdı. Dörd il oxuyacaqdım sonra isə sevdiyim işlə məşğul olacaqdım. Müxtəlif insanlar tanıyacaq, müxtəlif hekayələr eşidəcəkdim.
–Körpü. Bəs körpünü keçəndə?
–Körpünü keçəndə kitablar yazacaqdım, romanlar, hekayələr. Yazdığım əsərlər hər yerdə oxunacaq, aşiqlər bir-birilərinə eşqlərini mənim sözlərimlə elan edəcəkdilər, atalar oğullarına mənim sözlərimlə yol göstərəcəkdilər. Sözlərim onlar üçün qaranlıqda işıq, bir sığınacaq olacaq, onlara yoldaş olacaqdı. Sonra mən yenə körpülər keçəcək yenə yazacaqdım. Evim belə olmayacaqdı. Karavanda yaşayacaq, heç yerdə iki-üç ildən artıq qalmayacaqdım, bəlkə, heç o qədər də yox.
–Niyə? Axı bir yerdə yaşamağın nəyi pisdir? Həm karavanda nə qədər yaşaya bilərdinki?
–Pisdir. Çünki insanlar bağlandıqca bağlanır, kök salırlar. Vərdişləri yaranır, qalmaq üçün getdikcə daha çox səbəbləri olur. Dostluqlar, şərait qururlar özlərinə və sonra onlardan ayrılmaq daha çətin gəlir. Monotonlaşırlar. Bu kimin üçünsə yaxşı ola bilər. Bir yerə bağlı olub gələcəyini sığortalamaq. Amma mənim arzularım üçün əngəl idi. Daha çox yerə getməliydim, daha çox görməli, kitablarımı oxuyan-oxumayan daha çox insanla söhbət etməli idim. Yalnız bu zaman yazdıqlarım onlara doğma gələr, məni özlərindən biri kimi görərlərdi. Və bir gün, bir gün hər hansı bir kafedə, ya da kitab evində insanların əlində kitablarımı, onların həvəslə oxunmalarını görmək. Bu, yəqin ki, mənim həyatımın ən gözəl anı olardı, – bu sözləri deyərkən gözləri həsrətlə uzaqlara baxırdı. Əlçatmaz uzaqlara.
–Axı burda qalmağın yazmamağın üçün bəhanə deyildi. Onsuzda niyə getmədiyini başa düşə bilmirəm.
–Qorxdum.
–Axı nədən?
–İtirməkdən. Bu qədər ili, qurduğum həyatı itirməkdən. Ailəm, dostlarım, demək olar ki, hər kəs bu istəyimə soyuq yanaşdılar. Çünki bu digər işlərdən daha çətin görünürdü onlara. Kitab yazmaq sadəcə yazıb bitirməkdən ibarət deyil. Hamısı arzuma yalnız iqtisadi cəhətdən yanaşırdılar. “Tutaq ki, kitab yazdın bəs necə satacaqsan?”,