Название | Sevginin səsi |
---|---|
Автор произведения | Nail Aydın |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Yuxular üç şeyə yarayır:
Əlif: Bir şey istəyirsən. Amma istəməyinə belə izin vermirlər. Onda «yuxumda gördüm» deyirsən. Beləcə, istədiyini sanki özün istəmədən istəyirsən.
Be: Bir nəfərə pislik eləmək istəyirsən. Məsələn, kiməsə böhtan atacaqsan. Onda «yuxumda gördüm, filankəs xanımla zina eləyirmiş» deyirsən; ya da «filankəs paşaya qədəh-qədəh şərab gedirdi, yuxumda gördüm» deyirsən. Beləcə, inanmasalar belə, yaramazlığın bir qismi deyildiyinə görə dərhal hesaba yazılır.
Cim: Bir şey istəyirsən, amma nə istədiyindən baş aça bilmirsən. Bir qarışıq yuxu danışırsan. Dərhal yozub nə istəməli olduğunu, nə verə biləcəklərini sənə deyirlər. Məsələn, deyirlər ki, sənə ər, uşaq, ev lazımdı…
Bu yuxular, həqiqətən, yuxularımızda gördüyümüz şeylər deyil. Hamı günün günortaçağı gördüyü yuxunu gecə gördüyünü danışır ki, işə yarasın. Gecə gördükləri əsl yuxuları ancaq sadəlövhlər danışır. Onda ya səninlə lağlağı eləyirlər, ya hər dəfə olduğu kimi yuxunu pis yerə yozurlar. Əsl yuxularısa, görənlər də daxil olmaqla heç kəs ciddi qəbul eləmir. Yoxsa siz qəbul eləyirsiniz?
Orhan Pamukun “Mənim adım Qırmızı” romanından
Bu kitabı çox sevdiyim babam Fikrət müəllimə ithaf edirəm
Məktub kimi bir şey
“Bu mənim hekayəmdir. Onu özüm yaza bilmədiyimə görə təəssüflənirəm – mən indi başqa dünyadayam. Amma yazıldığı, onu yazan birisi olduğu üçün xoşbəxtəm. Onu tapmaq elə də çətin olmadı. Burada biz min səsin arasından öz arzularımızın səsinə oxşar səsləri tapa, onları eşidə, hər incəliyinə kimi duya bilirik. Bəzən səs sahiblərinin özləri də bura gəlirlər. Amma mən hekayəmi danışmaq üçün onun yuxularına gedirdim. Məni diqqətlə dinlədiyi, hekayəmi yazdığı üçün ona minnətdaram. Təşəkkür edirəm, cənab yazıçı.
Ondan, həyatı boyu üç-dörd şeirdən başqa heç nə yazmayan birindən roman yazmasını istəmək sizin dünyanızda qəribə görünə bilərdi. Amma burada arzular, yuxular onları həqiqətən yaşaya bilən insanlar tərəfindən yaradılır.
Əvvəlcə, mən də onun bunu edə biləcəyindən şübhəliydim. O yatdığı müddətdə məni dinləyir, oyandıqdan sonra isə heç nə etmir, heç nə yazmırdı. O, mənim tam da ümidsizliyə qapıldığım, indiki dünyamda da əvvəlki kimi yalanlar olduğunu düşündüyüm anda yazmağa başladı. Mənim əskiklərimi tamamladıqda isə seçimimin nə qədər doğru olduğunu anladım.
Kiçik məktubun sonuna gəldik. Sizi bezdirərək qeyd edirəm ki, mən indi başqa dünyadayam və mənim hekayəm iki dünya arasında yaşadıqlarım, anladıqlarım və hiss etdiklərimdən bəhs edir”.
Mən bu əsərin yazıçısıyam. Əgər belə demək mümkünsə. Həyatımın ən gözəl anlarını yaşayıram bu əsəri yazarkən. Dəyərli bir şey etdiyimə inanıram. Yazmağa başlamağım çox qəribə alındı. Baş qəhrəmanımızın məni qabaqlayaraq dediyi kimi üç-dörd şeir yazdığımı bilən dostlarım bəzi kiçik yazılarımı da oxuyunca məni yazıçı adlandırmağa, həvəsləndirməyə başladılar. Rutin keçən həyatınızda biriləri sizə belə maraqlı yanaşırsa bu sevindirir, fərqli olduğunuza inandırır. Xəyallar qurmağa başlayırsan və bir müddətdən sonra onları yuxularında görməyə. Bu, yəqin ki, tək mənim başıma gəlmir.
Amma o günlərdə tək mənim başıma gəldiyinə inandığım bir şeylər baş verdi. Sonralar uzun müddət yuxularımın qonağı olacaq birini görməyə başladım. Hər dəfəsində nəsə danışır (ilk başlarda eyni hissəni danışdığını sonradan deyəcəkdi) mənsə ayıldıqdan sonra bunun adi bir yuxu olduğunu zənn edirdim, çünki heç nə xatırlamırdım. Bir şeydən başqa: “Yaz!” Onun yuxuda mənə dediyi bu sözü, sanki, bütün gün kimsə qulağıma pıçıldayır, məni çağırırdı. Bir həftə dalbadal eyni yuxunu gördükdən sonra narahat olmağa başladım. Narahatlığım artdıqca marağım da artırdı. Axı bir səbəbi olmalıydı.
Gördüyüm yuxular haqqında daha çox düşünməyə başladım. Bütün fikrimi onlara yönəltməyə. Yuxularım həyatımın ayrılmaz bir parçasına çevrilməyə başladı. Beləcə onunla dostlaşdım, beləcə onun hekayəsini dinləməyə, yazmağa başladım, beləcə yuxu görmədiyim günlər daha maraqsız olmağa başladı. Çünki məhz onun hekayəsini yazmaq üçün qələmi əlimə aldığımda o zamana qədər etməli olduğum işin məhz bu olduğuna əmin oldum.
Yuxularımın qonağı isə (onun adı Nihaddır) mənə hər məqamda kömək edirdi. O danışdıqca başına gələnlər, yaşadıqları gözümün önündə canlanır, yuxudaykən zamanda səyahət də edirdim. Mən yazarkən onun məni çağırdığı yerdəydim.
Hekayəyə başlamazdan öncə mən də təşəkkür etməliyəm. Başda yuxularımın qonağı olmaqla qələmimə mürəkkəb olan hər kəsə.
Fizikadakı əyləncə nəzəriyyəsinə görə bəzi səslər ürək döyüntümüzün artmasına səbəb olur. Mənim üçün bu səs sənin gülüşündür, Mandira.
20 Saniyə
Gözəl bir gün idi (Tipik başlanğıclar silsiləsindən. Hadisələrin gözəl bir gündən başlayıb dəyişdiyi. Amma o gün, doğrudan da, gözəl bir gün idi). Oktyabrda səhər və axşam arasında havanın fərqlənməyəcəyi qədər gözəl bir bir gün. Hər ehtimala qarşı pencəyini də özü ilə götürmüşdü. Əlində tutduğu portfeli, mavi kostyumu, göy qalstuk və ayaqqabıları ona əsl işgüzar görkəm verirdi. İşə həmişə vaxtında getməsinə baxmayaraq o gün daha gec gedirdi. Dünən gecəyə qədər işləmişdi və bu ona işə gec getmə haqqını verirdi. Gecənin ardından qalan xatirələri isə kiçik bir ağrısıydı.
Gecəni xatırlamaq çox da vacib deyildi. Hətta xatırlamamaq üçün musiqi dinləyir, fikirlərini qovur və gəzərək bir az daha ayılmaq üçün yolunu uzadırdı.
Birdən qəribə bir duyğuya qapıldı. Sanki, az əvvəl bir şey yaşanmışdı. Nə olduğunu bilmədiyi bir hiss keçirirdi. De javu deyildi, daha qəribə daha anlaşılmaz idi. Günəşli havada bədəni buz kəsilmiş kimi hiss elədi. Üşümürdü, amma yenədə pencəyini geyindi. Mahnının kəsildiyini də elə bu anda hiss etdi. Amma əlini sinəsinə atdığında İpadini tapa bilmədi. Bəlkə də, onu heç götürməmişdi. Yox, bu düşüncəsi axmaqlıq idi. Ən az iyirmi mahnıya qulaq asmışdı. Bəs o hardaydı? Bəlkə də, sadəcə götürdüyünü düşünmüşdü. Son üç ildə olan bütün suallar kimi bunu da bir kənara atdı. Yoluna davam edərək döngəyə yaxınlaşdı.
Elə bu vaxt iki gənc qaçaraq qarşısına çıxdı. Dönməyə macal tapmadı və özündən asılı olmadan gözlərini bağladı. Gözlədi. Artıq ona heç kimin dəyməyəcəyinə əmin olduqdan sonra gözlərini açdı və qaçan gənclərin arxasınca qışqırdı: “ Axmaqlar, az qala sifətimi dağıtmışdınız”. Belə qorxaq olduğuna görə özünü söyməyi də unutmadı. Sonra yerində başqası da olsaydı elə edəcəyini dedi. Başqalarının da həmişə elədiyi kimi. Özünü daha güclü göstərəcək, təsəlli verə biləcəyi bəhanəsini tapmışdı. Eynilə sizin kimi, əziz oxucu.
Bir az da getdikdən sonra səkinin bir hissəsinin parıldadığını gördü. Yəqin ki, axşamkı küləkdən pəncərələrdən biri sınaraq yerə tökülmüşdü. O gün həqiqətən də “gözəl bir gün idi”. Şüşələri tapdalamadan keçmək üçün sadəcə kiçik bir cığır var idi. Keçərkən qarşıdan gələn adamın yol vermək əvəzinə qarşısına çıxmağı onu lap əsəbiləşdirdi. Ağzını açıb kişiyə nəsə demək istəyirdi ki, kişi onun içindən keçib getdi. Donub qalmışdı, hərəkətsiz, heç nə anlamırdı. Getmək istəyirdiki, içindən bir qadının da keçib irəlilədiyini gördü. “Lənət olsun, axı nə baş verir?” Cığırda dayandıqca insanlar onun içindən keçməyə davam edirdilər.
Soldakı dükanın şüşəsinə baxdı. Küçədəki hər şey orada əks olunmuşdu. Bir şeydən başqa – Nihaddan. Orada özünü görmürdü. Şüşə qırıqlarına fikir vermədən dükana qədər yaxınlaşdı. Amma dəyişən heç nə yox idi. Əlini sakitcə ürəyinə doğru apardı. Döyünmürdü. Bir qədər də bu vəziyyətdə dayandıqdan sonra dedi:
– Nəhayət,