Mədəniyyətin Sancıları. Зигмунд Фрейд

Читать онлайн.
Название Mədəniyyətin Sancıları
Автор произведения Зигмунд Фрейд
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

edir. Bu prinsipin efektivliyinə şübhə yoxdur, ancaq onun bu proqramı bütün dünya ilə, makrokosmosla olduğu qədər mikrokosmosla da konflikt içindədir. Sözügedən prinsipin son dərəcəyə qədər reallaşması mümkün deyildir, çünki dünyanın öz quruluşu zatən ona müvafiq deyil, onun reallaşmasına mane olur. Adam istəyir lap desin ki, insanın “xoşbəxt” olması “Yaradılış”ın planında yoxdur. Bizim “xoşbəxtlik” adlandırdığımız yaşantı, dar anlamda, çoxdan bir yerə toplanmış bir yığın ehtiyacın doyurulmasından doğan qəfil, anlıq və yüksək dərəcəli məmnuniyyətdir, hansı ki, bu da öz təbiəti etibarilə yalnızca kiçik bir epizodik hadisə sayıla bilər. Həzz prinsipinin həsrətində olduğu durumlardan biri sürəkli hala gələrsə, yalnızca mülayim bir məmnuniyyət duyğusu yaradar. Bizim varlığımız elə qurulub ki, yalnızca kəskin kontrastlardan intensiv bir ləzzət alırıq, sürəkli durumlardan aldığımız həzz isə çox nadirən olur.7 Beləliklə xoşbəxt olmaq imkanlarımız vücudumuzla məhdudlaşır. Bədbəxtliyə tuş gəlməyimiz isə daha asanlıqla baş verir. Ağrı-acı bizi üç tərəfdən təhdid edir: çürüyüb dağılmağa məhkum olan və xəbərdaredici siqnal rolu oynayan ağrılarsız və əndişəsiz keçinə bilməyən bədənimiz; acımasız, qarşısıalınmaz, dağıdıcı gücləriylə bizi məhv edən xairici dünya və digər insanlarla olan münasibətlərimiz. Sonuncu mənbədən doğan ağrı-acılar bəlkə də digərlərindən daha əzabvericidir. Bu ağrı-acı digər mənbələrdən qaynaqlanan ağrı-acılar qədər qaçılmaz olsa da, onu gərəksiz yerə yaşadığımız əlavə bir yaşantı kimi görmək meylindəyik.

      Təəccüblü deyil ki, bu əzab ehtimallarının təzyiqi altında insanlar xoşbəxtlik iddialarını müəyyən qədər azaltmağa adət edirlər. Buna bənzər olaraq həzz prinsipi də xarici dünyanın təsiriylə daha iddiasız bir reallıq prinsipinə çevrilir, hansı ki, bu halda insan bəd hadisədən can qurtara bildiyində və əzabın öhdəsindən gəldiyində belə özünü artıq xoşbəxt sayır; ümumiyyətlə əzabdan qaçmaq istəyi həzz prinsipini arxa plana itələyir. Bu mövzu barədə düşünmək bizə göstərir ki, bu problemin həllində çeşidli yollara baş vurmaq olar. Bu yolların hamısı müxtəlif həyat bilgəliyi təlimləri tərəfindən tövsiyyə olunmuş və insanlar tərəfindən sınanmışdır. Hər növ ehtiyacın sərhədsiz şəkildə təmin edilməsi ən şirnikləndirici həyat tərzi kimi görünsə də, bu cür həyat tərzi keçirməyi ön plana qoymaq ehtiyatkarlığı gözardı etmək deməkdir və bu səhvin cəzası tezliklə çəkilir. Əsasən məmnuniyyətsizliklərdən qaçmağı hədəfləyən digər metodlar isə maraqlandıqları bədbəxtlik mənbələrinə görə bir-birindən fərqlənirlər. Həlim və aşırı, bir yöndən yaxud çox yöndən işə girişən metodlar vardır. İnzivaya çəkilmək, digər insanlardan uzaq durmaq insanlararası münasibətlərdən doğan əzablardan qorunmağın ağlagələn ilk metodudur. Anlaşıldığı kimi bu yolla əldə olunan xoşbəxtlik sakitliyin, dincliyin bəxş etdiyi xoşbəxtlikdir. Bizi təhdid edən xarici dünyadan qorunmağın ən yaxşı yolu isə, əgər bunu istəyən yalqız insandırsa, xarici dünyadan üz çevirməkdir. Lakin daha yaxşı başqa bir yol da mövcuddur: insan cəmiyyətinin bir nümayəndəsi kimi digər insanlarla birgə, elmin öndərliyiylə ərsəyə gəlib idarə olunan texnikanın yardımıyla təbiətə qarşı hücuma keçmək və onu insan iradəsinə tabe etmək. Bu durumda hər kəs digərləriylə birgə hamının xoşbəxtliyi uğrunda çalışır. Ancaq əzablardan qorunmağın ən maraqlı üsulları orqanizmimizə təsir göstərən üsullardır. Nəticədə hər ağrı-acı sadəcə bir hissiyyatdir; o, biz onu duyduğumuz dərəcədə özünü hiss etdirir, biz isə onu öz orqanizmimizin bəlli quruluşu sayəsində hiss edirik.

      Bu cür təsirləndirici metodların ən qabası, lakin eyni zamanda da ən işəyararı kimyəvi metod, yəni kefləndirici maddə istifadəsidir. Mənə elə gəlir ki, bu metodun işləmə mexanizmini tam şəkildə anlayan kimsə yoxdur, ancaq fakt budur ki, qanımıza və toxumalarımıza daxil olduqda bizə dolaysız həzz bəxş edən və hissiyatımızı tənzimləyən halətimizi dəyişməklə bizi xoşagəlməz impulslara qarşı qeyri-həssaslaşdıran yabançı maddələr vardır. Bu iki təsir təkcə eyni zamanda ortaya çıxmır, həm də sanki bir-birinə bağlıymış kimi görünürlər. Ancaq bədənimizin özündə də analoji efekt oyadan maddələrin təbii halda mövcud olması böyük ehtimaldır, çünki ən azından hansısa bir patoloji vəziyyətdə, yaxud maniya halında, ona oxşar təsiri göstərən hər hansı bir kefləndirici maddə verilmədiyi halda belə bir xəstənin sərməstlik eyforiyası yaşadığı durumların olduğunu bilirik. Bundan başqa normal psixi həyatımız da, kefsizliyə qarşı artan və azalan həssaslıqla paralel olaraq, həzz almağın nisbətən asanlaşdığı və nisbətən çətinləşdiyi durumlar arasında gedib-gəlir. Psixi həyatın sözügedən maddələrlə bağlı olan bölümünün bugünədək elmi baxımdan araşdırılmaması təəssüfləndirici durumdur. Kefləndirici maddələrin xoşbəxtlik uğrunda aparılan mücadilə və iztirablardan uzaq durmaq baxımından dəyəri elə böyük nemət sayılır ki, həm fərdlər, həm də xalqlar özlərinin libido ekonomikalarında bu maddələrə əsaslı yer ayırırlar. İnsanlar onlara təkcə bizə bəxş etdikləri həzzə görə deyil, həm də çox arzulanan bir məqamı- dünyadan qopub uzaqlaşmağı da yaşatdıqları üçün minnətdar olmalıdılar. Biz bilirik ki, “qayğısızlıq tabletkası”nın köməkliyilə istənilən zaman reallığın təzyiqindən uzaqlaşıb daha yaxşı hissi şərait yaradan öz dünyamıza qaça bilərik. Fəqət o da məlumdur ki, kefləndirici maddələrin təhlükə və zərərləri məhz bu özəlliklərindən qaynaqlanır. Və məhz bu maddələr, bəlli durumlarda, insanlığın həyatını yaxşılaşdımağa sərf edilə biləcək nəhəng enerjinin hədər getməsinə görə məsuliyyət daşıyırlar.

      Ancaq psixi aparatımızın mürəkkəb quruluşu digər təsirlənmə metodlarına da imkan tanıyır. İnstinktlərin doyurulması bizə xoşbəxtlik gətirdiyi kimi, xarici dünyanın ehtiyaclarımızın təminatını rədd etməsi və bizə məhrumiyyət yaşatması da ağır əzablara səbəb olur. Buna görə də insan, instinktiv impulslara təsir göstərməklə bu ağrı-acıların müəyyən qismindən qurtulmağı uma bilər. İztirabdan qurtulmağın bu cür yolu bizim sensor aparatımıza təsir göstərmir, ehtiyaclarımızın daxili mənbələrinə doğru yönəlir. Bu üsulun ən ifrat örnəyi Şərqin instinktlərin öldürülməsini hədəfləyən bilgəlik təlimləri və onlarla bağlı olan yoqa təcrübələridir. Və əgər bu üsul uğurla həyata keçirilirsə, o zaman insan bütün digər fəaliyyətlərdən də vaz keçmiş olur (yəni, həyat fəda edilir), fəqət digər tərəfdən mütləq hərəkətsizliyin doğurduğu dinclik xoşbəxtliyinə qovuşur. Daha iddiasız, mötədil hədəflərə yetmək istəyəndə, örnəyi, instinktiv həyatımıza hakim olmaq istəyəndə də eyni üsuldan istifadə edirik. Bu halda isə idarəedici elementlər, özünü reallıq prinsipinə tabe edən daha yüksək psixi instansiyalardır. Bu durumda məmnunluq hissindən tamamilə vaz keçilmir, lakin instinktlər üzərindəki nəzarəti səbatlı saxlamaqla, əngəllənməmiş instinktlərin səbəb olduğu əzablardan bəlli dərəcədə qorunmaq mümkün olur. Lakin bunun müqabilində həzz almaq imkanları danılmaz olaraq azalıb zəifləməyə başlayır. “Eqo”nun cilovlamadığı vəhşi instinktlərin doyurulmasından doğan məmnuniyyət hissi, cilovlanmış instinktin doyurulmasından yaranan xoşhallıqdan müqayisəolunmaz dərəcədə şiddətlidir. Azğın instinktlərin rəfedilməzliyi və ümumiyyətlə yasaqlanmış nəsnələrin çəkiciliyi bu yerdə öz rasional izahına qovuşur.

      Ağrı-acıdan müdafiə



<p>7</p>

Höte hətta xəbərdarlıq edir: “Ard-arda gələn gözəl günlər qədər dözülməz olan heç nə yoxdur”.