Tera. Zeruya Shalev

Читать онлайн.
Название Tera
Автор произведения Zeruya Shalev
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

məsələn, Mikalın qəflətən tərk etdiyi örtük ərinin qızının əlindən tutaraq əhvalsız gəzərkən o örtük yerdə, sadəcə, boş və kimsəsiz qalır. Fikirli halda adamın addımlarını izləyirəm, onun yandan görürəm, sərt görünüşünün olmağına baxmayaraq kövrəkdi, görəsən, niyə ailə örtüyünü tərk etdi. Kənarda Amnon dayanıb, iri və bir az donqar, mən çəmənlikdə uşaqları axtararkən uzun donlu bir qadın ona nəsə deyir.

      Böyük ehtimalla heç kim onları itdiyinin fərqində deyil, artıq səsləri belə eşidilmir, bəlkə də Kraliça Şabat onları qaçırdıb başqa ölkəyə götürdü, bəlkə indi orada, mələklər kimi ağ geyimdə, əllərində şamlarla gəzişirlər və mum əllərinin üstünə, gəmirilmiş dırnaqlarına damcılayır, qollarından qarnına oradan isə dar budlarından ayaqlarına axır, baxın, uşaqlarımız başdan-ayağa mumun içindədirlər, uşaqlarımız mumlara, mumlardan heykəllərə dönüşüblər və biz gün çıxana qədər burada qalacağıq, kimsəsiz, dərdləri ilə birləşmiş, adi və qarmaqarışıq izdiham, birdənbirə atamın lənəti mənə geri dönür, onun sözləri qulağımdadır, o bunu qəbul etməyəcək, belə yaşaya bilməyəcək, bu səsə Nuhun gəmisinə geri dönmədikləri üçün əza olaraq qara rəngə boyanmış olan ağ qarğalar kimi incə ayaqlarıyla atılıb-düşərək yanımıza gələn uşaqların sevinc dolu səslərindən daha gerçək idi. Ana, Kraliça Şabat bir gəlin kimi çox gözəldir, deyərək Gili qışqırır, yanaqları qırmızı əlləri isə şirniyyatla doludur, həyəcanla mənə tərəf qaçır, sarı saçları və bir duvağı var, onu səmada gördük, bizə şirniyyat atdı, onu qucaqlayıb tərli saçlarına sığal çəkirəm, sənin balaca bədənində özümə bir dünya yaratdım, rahat və azad olduğum, sevildiyim tək dünyam.

      Şirniyyatları mənə verib atası tərəfə qaçır, onun ardınca düşərgəyə tərəf gedirəm, indi yenidən bir araya gəldiyimiz üçün müəllimənin dediklərini dinləmək və hər ailə kimi özümüzü adlarımızla və qorxuram ki, hobbilərimizlə tanıtmaq məcburiyyətindəyik, növbə bizə gəldi, Gili yüksək səslə danışmağa başlayır: -Atamın adı Amnon, anamın adı Ella və mən Gilat, amma mənə Gili deyirlər və müəllimə birlikdə nəyi etməkdən xoşunuz gəlir sualını verəndə, Gili bir müddət susur, sonra isə alçaq səslə mızıldanır.

      Sözlərini başa düşmək olmur. – Gilat, – müəllimə deyir, – daha yüksək səslə danış və o yenə mızıldanır, biz mübahisə etməkdən xoşlanırıq, müəllimə onun sözlərini təəccüblə təkrar edir. Nə gözəl, sual verməyə davam etmir və piknikə getməkdən, xarici ölkəyə səyahət etməkdən, üzməkdən, filmə getməkdən xoşlanan ailələr ilə davam edir və mən uşaqları danışan zaman qürur duyan analara utanaraq baxıram. Amnon haqlıdır, bu qadınlar da əziyyət çəkir və mübahisələr edirlər, buna baxmayaraq həyatlarından çox razı görünürlər, bəlkə də hamısı bir razılaşma əldə ediblər, eynən atamın mənə məsləhət gördüyü kimi, qüsursuz xoşbəxtliyi var edən, müəyyən sərhədlər qoyan və xəyalları öldürən bir razılaşma. Bəlkə mən də bunu seçməli idim, deyə düşünürəm və yenə qəzəblənirəm, xeyr, onların yolu mənim yolum kimi deyil, həyatları mənim həyatım deyil, bu arada yorucu yığıncağın sonlandığını və balaca bir hədiyyələr verildiyinin fərqinə varıram, uşaqlar balaca ofisiantlar kimi aramızda gəzirlər, yaydan qalma, suyu çəkilmiş qarpız dlimlərini, üsünə quru üzüm səpilmiş şirniyyatlar paylayırlar, qadınlardan biri ayağa qalxır, fidan kimi və oynaq, əynində dar şalvar və futbolka var, saçları uzun və düzdür, qucağında fövqəladə gözəl bir uşaq var, həm çəkinərək həm də həyəcanla, qulaq asın, deyir, bu axşam şənlik təşkil edirik, gəlmək istəyən hər kəs dəvətlidir.

      Nə münasibəti ilə şənlik təşkil edirsiniz? – deyərək sual verirlər və qadın ərinə baxıb gülümsəyir, sanki onunla bir sirr paylaşır, yanaqları qızarır, sadəcə, bir şənlik etmək istəyirik, yalnızca bu, deyir, sonra ünvanı deyir, bol şərab və gözəl musiqilər olacaq, gəldiyinizə peşman olmayacaqsınız, əri yanında dayanıb, o da gəncdir və xoş görünüşü var, qolunu arvadının çiyninə ataraq maraqlanan hər kəsə ünvanı izah edir və çox keçmədən ətraflarında sevincli izdiham yaranır, bəli, əlbəttə, gələcəyik, uşaqları saxlayan kimsə olsa niyə də olmasın, gələrkən nəsə gətirək, mən qəşəng kek bişirirəm. Və mən gözlərimi onlardan çəkib Şabat şamlarının axşam küləyində, qocalıqdan ya da xəstəlikdən saralmış gözlər kimi titrəyən balaca işıqlarını seyr edirəm.

      Mələklərin nəzəri, ən ali mələklər və sülh həyatınızdan əksik olmasın, ağızları Şabat çörəkləri ilə dolu halda mızıldanırlar, sülh mələkləri, ən ali mələklər, gəlişiniz sülh dolu olsun… Örtüklərini çırpıb qatlayırlar, bəziləri səliqəsiz, bəziləri diqqətli çiyin çantalarını, uşaqlarını, itlərini və uşaq arabalarını bir araya yığırlar və küləyin dağıtdığı buludlar kimi dərhal dağlışırlar, ya maşınlarına minir ya da sürətli addımlarla evə tərəf, yeməklərinə, vərdişlərinə tərəf gedirlər, kimisi nənə və baba evində yemək yeyəcək, kimisi dostlarında, kimisi də öz evlərinə kimlərisə dəvət edəcək və onların uşaqları, Gilinin dostları, həyəcanla süfrəni qurub böyük hazırlıqların dadına baxarkən, biz günün sonunda yavaş-yavaş ilk ayrı Şabatımıza, ayrı və yeni həyatımıza doğru irəliləyəcəyik və bilirəm ki, bu yeni həyat çox keçmədən təbii hal alacaq, təbii olmayan isə bizim keçmişimiz olacaq və Gili biz, gerçək bir ailə olanda həyatımızın necə olduğunu çətin xatırlayacaq. Sadəcə, on il sonra birlikdə yaşadığımız müddətdən daha çox ayrı qalmış olacağıq, amma bu ötüb keçən vaxt bir nağıla çevriləcək, biri var idi, biri yox idi, bizim yalnız bir evimiz, bir soyuducumuz, bir yemək masamız var idi və biz təbii ki, evə hər zaman, indi o kiminlə, səninlə yoxsa mənimlə gedəcək, sabah kimdə qalacaq deyə planlar qurmadan gedərdik.

      Yolda tapdığım çomağa söykənərək, yavaş-yavaş gedirəm, qocalanda və heç bir gələcəyim olmayanda bu cür yeriyəcəm, sadəcə, hal-hazırda məndə olmayan bir xəzinəyə sahib ola-cam, bilik xəzinəsinə, xarabalıqlardan yaranmış bir təpənin zirvəsindən aşağıya, bu günlərə baxacam və o zaman bunların lazımlı olduğunu ya da olmadığını biləcəm. Gili və Amnon getdikcə məndən uzaqlaşırlar və mən sanki onları təsadüfən görmüş kimi arxalarından gedərək onları izləyirəm, çiyinlərində oğlunu aparan yekəpər ata, onlarla birlikdə gedən bir ana yoxdur, bəlkə evdə onları gözləyir, axşam yeməyini hazırlayır və az sonra onları öpərək qarşılayacaq ya da bəlkə tükləri ürpədəcək tərzdə bir keçirtdiyi qəzaya ya da çarəsi olmayan bir xəstəliyə görə onlardan ayrılmaq məcburiyyətində qaldı, bəlkə də öz istəyi ilə, yeni bir həyata başlamaq üçün, təbiət qanunlarının qadağalarına baxmayaraq yenidən gənc qız olmaq üçün onları tərk etdi.

      Ata, anamı da gözləyək, – Gili deyir. Amnonun necə məcburi dayandığını, üzünü gizlətdiyini, əyilərək Gilini yerə qoyduğunu görürəm. Onlara çatanda Gili bir əlini mənə uzadıb o biri əli ilə Amnonun əlini tutur:– Dünyanın ən yaxşı anası və atası sizsiniz, digər bütün ana -atalardan daha yaxşısınız, – deyir və bu gözlənilməz tərifin verdiyi sıxıntıyla çiyinlərimi ataraq bu kəlmələrin arxasında gizlənən qəzəbin ölçüsünü təxmin etməyə çalışıram. Bəli, kefsiz simamıza baxıb təkrarlayır:

      –Həqiqətən, bəzən sizin əsəbiləşdirdiyimi