Название | Seçilmiş Əsərləri |
---|---|
Автор произведения | Чингиз Гасан оглы Гусейнов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8451-1-2 |
QAĞAYI
Uçuşun xoşdur mənə, qağayı!..
Qaya məskənin, dəniz meydanın, göy üzü dünyan.
Kefin istəyən qədər səmalarda uç – qanadın yorulmaz, dənizə qonub uzun dimdiyini suya sal, balıq ovla, könlün doyunca daşlarda dincəl, sahilə bax, meşəyə bax, göyə bax – gözün yorulmaz.
Səsin xoşdur mənə, qağayı!..
Səsində qürur, azadlıq ruhu, ilham coşqunluğu. Dilini bilmirəm, amma səsində gah sevinc nidaları, gah qəzəbli çığırtı duyuram. Səsin tufandan xəbər verir, suyun dərinliyindən, balığın çoxluğundan, küləkdən, yağışlı-yağışsız buluddan deyir.
Yoxsa özünü hamıdan xoşbəxt sanırsan?
İnsandan da?
SƏNSİZ
Sənsiz məni nə isidir?
Göydə yanan günəşmi?
Günəş də.
Ürəyimdə yanan eşqimmi?
Eşqim də.
Dəniz mənzərəsimi?
İri budaqlı, günəbaxan başlı, tünd qırmızı təzə açılmış çiçəklərmi?
Ayaqları yandıran sarı qummu?
Səni görmək ümidi.
Səni öpüb bağrıma basmaq istəyim.
Sənin gözlərinə doyunca baxmaq arzum.
Bunsuz məni nə isidər?
Nə günəş, nə eşqim, nə dəniz, nə qum, nə də iri budaqlı, günəbaxan başlı, tünd qırmızı təzə açılmış, mənə baxan çiçəklər!
BALACA BALIQ
Balaca balıq bir qurtum hava udub…
Qarnında – işıltılı hava kürəciyi…
Nə yeyə bilir, nə üzə bilir – hava qarnını yuxarı çəkir…
Balaca balığı tutdum.
Qarnını astaca deşdim.
İstədim hava kürəciyindən azad edəm, istədim azad yesin, azad üzsün, azad dolansın… hava da çıxdı, canı da…
Dilemma!..
ANAMA
İyirmi ildir yoxsan…
İyirmi ildir varsan…
Duyğularımda.
Qanımda.
Baxışımda.
Çünki gözlərimi səndən almışam, ürəyimi şirə ilə sən doldurmusan.
İyirmi ildir yerin altı pəncərəsiz, havasız qaranlıq evin, ağır daş – açılmaz qapın.
İyirmi ildir şəhərbəşəhər, ölkəbəölkə dünyanı gəzirsən: doğma Bakı, doğma Moskva, Orta Asiya, Qara dəniz, Baltika, Belçika, Praqa, Berlin, Paris, London… Meydanlar, küçələr, evlər… Təyyarələr, qatarlar, gəmilər… Gəzirsən, uçursan, üzürsən… Baxırsan… Mənim yerişimlə, mənim gözlərimlə.
İyirmi ildir yoxsan?
İyirmi ildir varsan!
SƏRHƏD
Sahil boyu qumu tapdalayaraq gedirdim…
Solum – meşə və ağaclara qısılmış evlər, sağım dəniz və suyun altında gizlənib qaralan, sudan boylanıb bozaran qayalar…
Birdən lap ayaqlarımın altından suya qaqqıldaya-qaqqıldaya iri ördək atıldı. Qaqqıltısında həm qorxu, həm çağırış, həm həyəcan vardı, qaçmırdı, uçmurdu, üzmürdü, sahildən gözlərini çəkmir, boğazına güc verib hey çağırır, bağırır, səsində fəryad gah yalvarır, gah da şivən qoparıb qəzəblənirdi.
Birdən arxadan civilti səsləri eşitdim; boylanıb, ağcaqayın ağacından yuvarlana-yuvarlana yerə düşən və ayaqları yerə dəyən kimi hansı bir qüvvənin təsiri iləsə mənə tərəf, sahilə doğru, dənizə sarı tələsən ördək balalarını gördüm.
Balalardan biri kolluqda ilişib çıxa bilmirdi, əyilib ördək balasını ovcuma aldım: elə bil bir çəngə tük idi – yüngül, incə, yumşaq, istiydi; ürəyi bərk döyünürdü; ovçumdan dartınıb çıxmağa can atırdı, yaman tələsirdi; çünki o biri balalar artıq sudaydı, çünki o biri balalar artıq üzürdü.
Ördək balasını suya buraxdım…
Sahil – sərhəd. Dar yuvadan dərya dünyasına…
APOFEOZ
…Gecədir.
Dəniz uğuldayır. Uğultuda vahimə.
Projektorun işığı hərdən dəniz səthində üzür– sərhədçinin gözü itidir, baxışı gurdur.
Qaranlıq otağımın tavanı və divarları bir anlığa alışıb-yanır, sönür, zülmət daha da qatılaşır, vahimə daha da artır.
…Geniş, üstüörtülü, dəniz boyda meydan.
Zülmət.
Adamlar. Səslərini çıxarmayan, nəfəslərini dərən adamlar.
Təntənəli musiqi.
Projektor qaranlıqdan narahat üzləri qoparıb göstərir.
Daş, mərmər, tunc heykəllər. Başları əyilmiş kədərli heykəllər.
Qulağıma kim isə pıçıldayır: “Apofeoz!”
Məni görməsinlər deyə, divara yapışıb nəfəsimi uduram.
Yenə pıçıltı: “İndi başlanacaq!”
Və birdən musiqi susur.
Tam sükutda meydanın ortasından, heykəllər baxdığı yerdən mərmər tabut qalxır.
Projektorun xəncər zolağı tabuta sancılıb.
Tabut hey qalxır, qalxır.
Yenə musiqi. Daha təntənəli, daha həyəcanlı, daha gurultulu.
Tabut dayandı. Elə bil göydən asılıb.
Tabutun ağır qapısı yavaş-yavaş açılır.
Və hamı onun şəkillərdən tanıdığı üzünü görür.
Məni soyuq tər basdı. Nəfəsim çatmır. Boğuluram.
…Gecə, dəniz, uğultu.
Sərhədçilərin iti, gur projektor gözü. Yaxşı ki, yuxudur!..
DƏNİZ VƏ MƏN
Qəzəbini də gördük, dəniz!..
Ağzı köpüklü dalğalarını sahilə çırpırsan. Yoxsa tək qalmaq, dərin düşüncələrə dalmaq istəyirsən?
– Bəs necə?!
Yoxdurmu dərdin?!
Bəsdir günlərini ömür ağacından alma tək dərdin!
– Nəfəsin nə ağırdır, dəniz!
İtələyirsən, yıxırsan, boğursan məni!
Olmaya qovursan məni?
On adam boylu ağaclar yıxılmamaq üçün, sınmamaq üçün bir-birinə arxalanır. Mən kimə arxalanım, dəniz?
– Bəsdir