Seçilmiş Əsərləri. Чингиз Гасан оглы Гусейнов

Читать онлайн.
Название Seçilmiş Əsərləri
Автор произведения Чингиз Гасан оглы Гусейнов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8451-1-2



Скачать книгу

– soruşardın.

      “Mənəm, Bəbir dayı!” deyərdim.

      “Yox, heç inana bilmirəm ki, bu sənsən!”

      Gözlərin sevincdən kiçilib yaşarardı.

      Mən də səninlə yanaşı durub sərbəst danışdığıma sevinirdim.

      “Neçə ildir səni axtarıram, Bəbir dayı!.. Sənə o qədər deyiləsi sözüm var ki!..”

      “Dayan, əvvəl mən soruşum! Haradasan? Nə ilə məşğulsan? İşin, ailən, evin?..”

      Sənin suallarının bəxti gətirir, mənimkilər isə cavabsız qalırdı.

      Bir saniyədə, deyirlər, bir dastanlıq yuxu görmək olar, mən isə yuxu görüşlərindən həsrət odunu söndürə bilmirdim – nə sənə suallarımı çatdıra bilir, nə cavabını eşidirdim.

      Yuxu hara, canlı söhbət hara?

      Tanışlarına rast gələndə səni soruşardım. Deyərdilər filan şəhərdəsən, yaxud filan obadasan. Fikirləşirdim ki, görüşməyə hələ vaxt var, səni hökmən tapacağam. Daha demirdim ki, dünya ölüm-itim dünyasıdır…

      Bir daha səni görə bilməyəcəyəm. Heç bir zaman. Heç bir vaxt. O dünyaya inansaydım, dərdim o qədər də göynəməzdi.

      Suallarımı kimə deyim?

      Onların açarı səndəydi. Çünki qıfıllar sənin həyatına aid idi.

      Deyirdilər, kefcilsən. Qazandığını dostla, tanışla bölürsən. Məclissiz günün olmur. Nə bər-bəzəyin, nə nar-dövlətin. Şüarın – şənlik, məqsədin – şadlıq.

      Bəs niyə mənim yadımda qəmli qalmısan?

      Bəs niyə mən səni kefcil kimi təsəvvür edə bilmirəm?

      Şən anların yadımdadır. Amma daxilən qəm-qüssəliydin. Narahat idin. Tarixin gedişindən, həyat hadisələrindən şikayətli idin.

      Nə idi sənə xoş gəlməyən? Səni qəzəbləndirən? Səni coşduran? Rahatlığını qovan? Ən yaxın dostların sənə deyərdilər: sus! Özünü xataya salarsan! İzin-tozun qalmaz! Yurdlu-yuvalı itib-batarsan!..

      Deyirdilər gəzəyənsən. hər şəhərdə yarın, hər diyarda barın. Öz ocağını öz əli ilə söndürənlərdənsən. Nə bir evin, nə bir daxman, nə bir koman. Harada gecələdin, orda evin. Harda isindin, orda ocağın. Bir oğlunun adı – Hamlet, o birinin adı Otello. Bir qızının adı Esmeralda, o biri qızının adı Cülyetta… Məşhur ədiblərin məşhur qəhrəmanları… Bir-birini görməyən övladlar.

      Nə idi səni şəhərdən şəhərə, obadan obaya qovan? Neçə yolun damarını qırıb niyə mənzilinə yetişə bilmirdin?

      Soruşmaq istəyirdim: “Ömrün boyu sən nə isə axtarırdın, Bəbir dayı. Axtardığın nə idi? Axtardığını tapa bildinmi?.. Niyə rahatlıqdan qaçır, lövbərsiz gəmidə üzürdün? Nə bir körpüyə yan alır, nə bir körfəzə sığınırdın. Axtardığını tapdınmı, Bəbir/dayı? Qəbrin hardadır, soruşdum.

      Biri dedi: filan şəhərdə. O birisi dedi: filan kənddə…

      Açarsız qapılar…

      MAHNI

      Mən idarədə ləngidim – üzvü olduğum ev bölgüsü komisyonunun növbəti yığıncağı çağırılmışdı: bu günlərdə idarəmizdə ev paylanacaqdı. Arvadım, telefonla axşama, tələbəlik çağında olduğu kimi, mənə metronun qabağında görüş təyin etdi və işdən çıxıb, piyada, özü dediyi kimi, yayın xoş havasını uda-uda, üzüaşağı Mərkəzi Univermağa, oğlumuz üçün qış paltosu almağa yollandıq. Oğlum keçən bir ilin içərisində paltosunu tamam-kamal dağıtmış, üstəlik yaz və yay aylarında düz dörd barmaq böyümüşdü.

      Sözün qısası, evə çatanda günəş çoxdan batmışdı, göydə tək-tük ulduz işıldayırdı. Kürkə bürünmüş, ağır-ağır yeriyən liftçi qadın bizi səslədi:

      – Harda qalmısınız, ay bəxtəvərlər?

      Arvadım:

      – Nə olub ki? – soruşdu.

      Fikirləşdim: bəlkə oğlumuzdan bir xəbər var: oğlumun məktəb dostu onu iki günüyə öz general babasının bağına dəvət etmişdi.

      – Gözəl-göyçək oğlanlar gözlərini yolunuza dikib sizi xeyli gözlədilər, gəlib çıxmadınız.

      Təklikdən təngə gəlmiş liftçi qadın mənə baxmadan, arvadıma xoş xəbər verirmiş kimi, sevinə-sevinə:

      – Biri-birindən gözəl, biri-birindən qəşəng. Biri ucaboy, o birisi sən boyda. Biri meşin yarımpaltoda, o birisi çiyni poqonlu kiteldə. – Qarı bic-bic gülümsünüb, sınayıcı baxışını gözümün düz içinə zillədi, üzümdə istənilən dəyişiklik görməyib: – İkisi də səni soruşdu, gözəlim! – dedi.

      Mən nə hayda, qapıçı nə hayda!.. Mən üzümə sərin su çiləyib rahatlanmaq, təzə dəmlənmiş tünd çay içmək arzusunda idim, söhbətə həsrətli qapıçının fikri isə qəlbimdə neçə ildən bəri dərin yuxuya getmiş qısqanclığı oyatmaqdı.

      Sözün müxtəsəri, bizi gözləyib gedənlər yaxın tanışlarımız idi: meşin yarımpaltolu hər il yayda dincəldiyimiz bağ yiyəsinin oğlu, hərbi geyimli isə arvadımın məktəb yoldaşı. Təsadüfə bax ki, ikisinin də adı İvan idi. Bağ tanışımızı Vanya, köhnə yoldaşımızı isə İvan çağırırdıq. Elə hazırlaşmışdıq çayımızı içək, qapının zəngi çalındı. Gələn Vanya idi. Qızılı ipək saçları işıldayırdı, elə bil başında lampa yandırmışdılar. Mən yemək otağımızın açıq qapısından süfrəni göstərdim.

      – Xoşbəxtsən, Vanya, – dedim, – qayınanan səni sevəcək.

      – Arvadı sevsə kifayətdir, – deyə arvadım qayınanasız ərinə, yəni mənə mənalı-mənalı baxdı. Sözlərini mən, təbii ki, öz xeyrimə yozdum.

      Onilliyi təzəcə qurtarıb zavodda işləyən cavan dostumuz xeyli həyəcanlı görünürdü. O, təbiətən zarafatcıl və səmimi oğlan idi. Qapımızdan girəndə həmişə sözü-sözə calayırdı. İndi isə dillənmirdi. Meşin gödəkcəsini asıb oturandan sonra, çox müşkül bir məsələ barədə xahiş edirmiş kimi, yalvarışlı səslə soruşdu:

      – Sabah axşam bizə qonaq gələrsinizmi?

      – Niyə gəlmirik? – deyib mən Vanyanın təzə kostyumuna, ağ ipək köynəyinə və nadir hallarda boynuna taxdığı qalstukuna baxdım. – Yoxsa qayınana söhbəti lap yerinə düşüb?

      Vanya öz aləmində idi. Mənim sözlərimi, deyəsən, heç eşitmədi, daxildə hansı güclü bir fikrin isə odunda yanıb alovlanan gözlərini gah mənim, gah da arvadımın üzündə gəzdirib, eyni sualı başqa cür təkrar etdi:

      – Sabah axşam məni əsgərliyə ötürməyə gələrsinizmi?

      – Necə? – arvadım ona baxdı. – Səni əsgərliyə? Ola bilməz!

      – Niyə olmur? Maşallah, dağ boydadır, cərgədə birinci duracaq!

      Vanya susurdu.

      Arvadım narahat idi.

      – Bəs zavod?.. Anan nə deyir?..