Gələcəyə ön söz. Qulu Məhərrəmli

Читать онлайн.
Название Gələcəyə ön söz
Автор произведения Qulu Məhərrəmli
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952244090 



Скачать книгу

çoxluğuna baxmayaraq (əslində, buna müsahibə demək olmazdı) açıq hiss olunurdu ki, siyasətçi xanım, sadəcə, xətrimizə dəyməmək üçün bizi yola verirdi. O səbəbdən də bütün sualları çox ümumi sözlərlə, həm də qısa cavablandırırdı, heç bir ciddi mətləbə toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz dayanmışdım, «Dəmir ledi» nin üz cizgilərini, gözlərində bir anlığa parlayıb-sönən qığılcımları, soyuqqanlı davranışını və bir də çoxmənalı siyasətçi təbəssümünü rahatca müşahidə edirdim…

      Britaniyanın baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu böyük lider, böyük baş nazir və böyük britaniyalı adlandırdı. Bəli, 87 il ömür sürmüş, bir çox siyasi burulğanlardan məharətlə keçmiş baronessa, həqiqətən, böyük ölkənin böyük lideri idi. Onun şərəfli siyasi bioqrafiyası ölkəsi üçün başucalığına çevrildi, çünki bütün varlığı ilə sevib xidmət göstərdiyi xalqının tarixdən qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar əlavə edə bildi. Baronessa təkcə Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində bütöv bir mərhələ oldu.

      Xanım Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində bir çox dəyərlər yaratdı, həm də Qərbin az qala unudulmuş dəyərlərini gün işığına çıxararaq onlara yeni həyat verdi. Bütün bunları o, «Dövləti idarəetmə sənəti» kitabında əks etdirib. Bu əsərdə bir çox parlaq müddəalar diqqəti cəlb edir. Tetçerə görə, məhz şəxsiyyətə, onun ləyaqətinə hörmət, mülkiyyətin toxunulmazlığı, müstəqillik və azadlığın qorunması, hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı hökmran mövqeyə çıxarmışdı. Ona görə də ağıllı və düşünülmüş hüquqi təminat həm cəmiyyət, həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət kəsb edir. O, dövlət – vətəndaş münasibətlərinə də çox orijinal yanaşaraq hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir. Dövlət insanların ağası deyil, nökəridir, ona görə də dövlət hökmranlıq etməməli, yalnız xidmət etməli olduğuna inanmalıdır.

      Müasir dünya üçün aktual olan «hərb və sülh» məsələsinə də demokratiya prizmasından yanaşması baronessanın orijinallığı sayılır. Onun bu barədə irəli sürdüyü müddəalar çox əhəmiyyətlidir. M.Tetçer bütün ölkələrdə və qitələrdə demokratiyanın bərqərar olmasını ölkəsinin xarici siyasətinin əsas qanunu və üstəlik də fundamental aspekti hesab edir. Eyni zamanda «Dəmir ledi» yə görə, ağlabatan və sabit beynəlxalq qayda yalnız millətlərə və milli dövlətlərə hörmət üzərində qurulmalıdır.

      Əlbəttə, demokratiya və idarəçilik haqqında o siyasətçilərin fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri ilə bu müdrikliyi təsdiqləyirlər. Yəni sözləri ilə əməlləri arasında fərq yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş M.Tetçer məhz o siyasətçilərdəniydi ki, haqqında danışdığı dəyərlərə sadiq idi, bəzəkli şüarlar yox, tarixi yaradırdı. Tarix isə öz səhifələrində məhz belə nəhənglərə qucaq açır, onları həm əfsanə, həm də həqiqət kimi yaşadır.

23.04.2013

      MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?

      Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Müstəqil Azərbaycan mətbuatının patriarxları – Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən möhtəşəm tədbir günümüz üçün aktual olan bu problemin konkret məkanda – MDB-yə daxil olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanda öz əksini necə tapmasını araşdırırdı. Eyni zamanda toplantı adıçəkilən ölkələrdə mətbuat azadlığının indeksini müəyyənləşdirmək üçün də metodika hazırlamalı idi.

      Problem hədsiz dərəcədə həssas, müzakirəsi isə gərəkli olduğundan iştirakçılar dil qəfəsə qoymadan danışır, dərdlərini deyir, suallar verir, mübahisə edir, bir-birlərinin sözünü kəsir, bəzən razılaşır, çox vaxt da hərə öz fikrində qalırdı. Hərənin ağzından bir avaz gəlməsinə baxmayaraq onların hamısını eyni fikir birləşdirirdi: hökumətlər jurnalistlərin azadlığına qarşı çıxır, mətbuatı iqtisadi cəhətdən sıxır, tənqidi boğur, məlumat almağı çətinləşdirir. Belə vəziyyət isə təbii ki, insanları ruhdan salır, demokratik dəyişikliklərə inamı azaldır. Ona görə də idealda düşünülən mətbuat azadlığı fikri qalmışdı bir tərəfdə, hər kəs öz ölkəsində gördüyünü çağırırdı:

      – Özünüzü aldatmayın, mətbuat azadlığı bir illüziyadır. Neçə ildir mediadayam, vəziyyət daha da pisləşir, Qərb avtoritar rejimlərə təzyiq mexanizmi tapmasa, vəziyyət daha da pisləşəcək – bunu Moldovadan olan Kristina deyirdi.

      – Siz nə danışırsınız? Mətbuat azadlığı olmasaydı, bugünkü Gürcüstan cəmiyyəti də olmazdı. Azad mətbuatsız vətəndaş cəmiyyəti mümkün deyil, bir az mübariz olmaq lazımdır, – deyə Nelli Sukuladze etirazını bildirirdi.

      – Bilirsiniz, mətbuat azadlığı var, amma bu, hökumətin nəzarəti altında olan azadlıqdır, o səbəbdən də cəmiyyətə faydası azdır – bu da Yerevan Pres-klubunun rəhbəri Boris Navasardyanın fikri idi.

      – Biz şahidik ki, mətbuat azadlığı yaşadığımız cəmiyyəti dəyişir, bizim özümüzü də dəyişir, onun üçün də cəmiyyət bu azadlıq uğrunda mübarizə aparmalıdır, – deyə ukraynalı Oksana Voloşenyuk əməlli-başlı inqilabi çağırış edirdi.

      – Siz kefdən danışırsınız ey, deyəsən, Belarusdan xəbəriniz yoxdur. Bizdə tənqid yazan qəzetləri mələdirlər, jurnalistləri tuturlar. Hər yerdə senzuradır, bizim televiziyada, hətta musiqiyə də senzura qoyublar, bəstəkarlara və mahnılara aid «qara siyahı» var – Minskdən gəlmiş Lena bunları ağlamsınaraq deyirdi.

* * *

      Tədbirin təşkilatçısı olan «İnterneyus Ukrayna» nın ofisində aparılan bu qızğın müzakirələr göstərdi ki, sovet şinelindən çıxmış respublikaların hamısında mətbuat azadlığı ilə bağlı vəziyyət təxminən eynidir. Azərbaycanda da azad mediaya təzyiqlərin getdikcə artdığının xüsusi vurğulandığı müzakirələrin ab-havası onu da təsdiq etdi ki, adıçəkilən ölkələrdə demokratiya romantikası hələ də ölməyib, cəmiyyət diridir. Yəni həbslərə, cərimələrə və başqa təzyiqlərə baxmayaraq hələ də azad medianın nəfəsi gəlir, məsləkli jurnalist cameəsi avtoritar rejimlərin basqısına tab gətirərək cəmiyyətdəki işığı əks etdirir. Deməli, indi əsas vəzifə hökumətin isti qucağına sığınmaqdan imtina etmiş azad medianı qoruyub gücləndirməkdir. Görünür, buna görədir ki, Avropa Komissiyası MDB ölkələrində media azadlığını əvvəlkindən daha çox həssaslıqla diqqət mərkəzində saxlamağa çalışır.

      Bəs nədir azad media və Qərb institutları nəyə görə onun üzərində bu qədər əsirlər? Mövcud təsəvvürlərə görə, müstəqil mətbuat heç bir təmənna güdmədən məlumatı dəqiq və qərəzsiz şəkildə öz auditoriyasına çatdıran vicdanlı araçıdır. Bu media hakimiyyət üzərində ictimai nəzarətçi, ictimai tənqidçi, həm də ictimai forumdur. Belə media cəmiyyətə doğru məlumatlar verməklə qaranlıqlara işıq salır, gediləcək yolları işıqlandırır, xalqı talayan korrupsioner